Məhkəmə qərarları › İş №2(001)-3747/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3747/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3747/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı-nin etibarnamə əsasında nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 703,29 ABŞ dolları məbləğində kredit borcu, 885,18 ABŞ dolları məbləğində faiz borcu və 240,23 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1.828,70 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ilə xx xxxxxx 2012-ci il tarixdə bağladığı 14L000003207 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı xx xxxx 2015-ci il tarixli 014R********** saylı kredit razılaşması əsasında 26 ay müddətinə aylıq faiz dərəcəsi 2 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7.800 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxx 2016-cı il tarixli 014R**********SA saylı, xx xxxxx 2017-ci il tarixli 014R**********SC saylı, xx xxxxxx 2018-ci il tarixli 014R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmış və ödəməli olduğu vəsaitləri xx xxx 2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kreditdən 7.096,71 ABŞ dolları ödəmiş, onun 703,29 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxxx 2020-ci il tarixə 344 gün üçün hesablanmış faiz borcu 885,18 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx xxxxx 2020-ci il tarixə 344 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə isə 240,23 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faiz ödənişi planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Göstərilənlərə əsasən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o həqiqətən də Bankdan kredit götürmüş və müəyyən hissəsini də banka geri ödəmişdir. Lakin, sonradan işində problemlər yaranmış və qalan borcunu banka ödəyə bilməmişdir. O, borcundan boyun qaçırmır. O, əsas və faiz borcunu aybaay hissə-hissə ödəməyə razıdır. Bu barədə məhkəməyə yazılı ərizə də təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, ilk kredit müqaviləsi üzrə Cavabdeh1 zamin durmuşdur. Həmin kredit müqaviləsinə edilən əlavə və dəyişikliklər barədə Sazişlərdən isə xəbəri olmamış, həmin sazişlərdə olan kreditin məbləği, faizi və müddəti ilə tanış olmamışdır. Ona görə də ona aid hissədə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 14L000003207 saylı kredit xətti müqaviləsindən görünür ki, cavabdehə 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 014R********** saylı xx xxxx 2015-ci il tarixli kredit razılaşmasından görünür ki, ona 26 ay müddətinə aylıq faiz dərəcəsi 2 faiz olmaqla 7.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kreditin məbləğini, orta hesablanmış faizlə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Müqavilənin 4.2.2-ci maddəsinə əsasən Kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəyir. xx xxxx 2015-ci il tarixli kassa məxaric qəbzindən görünür ki, Cavabdeh1 7.800 ABŞ dolları məbləğində kredit vəsaitini 78 ABŞ dolları komissiya çıxıldıqdan sonra İddiaçıdən qəbul etmişdir. xx xxxx 2015-ci il tarixli Ödəniş planından görünür ki, 014R********** saylı xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 7.800 ABŞ dolları məbləğində kredit vəsaitinin aylıq ödənişləri 390 ABŞ dolları olmaqla xx xxxxxx 2017-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. Aylıq faiz dərəcəsi 2 faiz hesablanmışdır. Qeyd edilən ödəniş planı ilə zamin Cavabdeh2 tanış olmuş və imzası ilə razı olduğunu təsdiqləmişdir. xx xxxxxx 2016-cı il tarixli 014R**********S saylı Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən və ödəniş planından görünür ki, 014R********** saylı xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 7.800 ABŞ dolları məbləğində kredit vəsaitinin qalıq məbləği aylıq ödənişləri 250 və 470 ABŞ dolları olmaqla xx xxxxxx 2017-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. Aylıq faiz dərəcəsi 2 faizdir. xx xxxxxx 2016-cı il tarixli 014R**********SA saylı Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən və ödəniş planından görünür ki, 014R********** saylı xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 7.800 ABŞ dolları məbləğində kredit vəsaitinin qalıq məbləği aylıq ödənişləri 130, 275, 331,84, 305 ABŞ dolları və 1964, 57 ABŞ dolları olmaqla xx xxx 2018-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. Aylıq faiz dərəcəsi 1.9167 faizdir. xx xxxxx 2017-ci il tarixli 014R**********SC saylı Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən və ödəniş planından görünür ki, 014R********** saylı xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 7.800 ABŞ dolları məbləğində kredit vəsaitinin qalıq məbləği aylıq ödənişləri 100, 150 və 6089,61 ABŞ dolları olmaqla xx xxxxxxxx 2018-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. Aylıq faiz dərəcəsi 1.9167 faizdir. xx xxxxxx 2018-ci il tarixli, 014R**********SE saylı Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən və ödəniş planından görünür ki, 014R********** saylı xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 7.800 ABŞ dolları məbləğində kredit vəsaitinin qalıq məbləği aylıq ödənişləri 100, 150 və 1728,70 ABŞ dolları olmaqla xx xxxxxx 2019-cu ilə kimi qaytarılması razılaşdırılmışdır. Aylıq faiz dərəcəsi 1.9167 faizdir. Bank tərəfindən tərtib edilmiş olan maliyyə arayışından görünür ki, Cavabdeh1 014R********** saylı xx xxxx 2015-ci il tarixli kredit razılaşması üzrə 703,29 ABŞ dolları məbləğində əsas borcu, 885,18 ABŞ dolları məbləğində faiz borcu, 240,23 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1.828,7 ABŞ dolları borcu vardır. İddiaçı, borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 14S000006236 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 14L000003207 saylı kredit müqaviləsi və bu bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə görə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Müqavilənin 4.1-ci bəndinə görə bu müqavilə borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilmiş bildirişlərdən və bildirişlərin cavabdehlərə çatdırılmasını təsdiq edən qəbzlərin surətindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Digər tərəfdən, iddiaçı cavabdehlərdən 240,23 ABŞ dolları məbləğində dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, 703,29 ABŞ dollları əsas borc üzrə qeyd edilən məbləğdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 240,23 ABŞ dolları məbləğində hesablanmış cərimə məbləğinin 50 (əlli) ABŞ dolları həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Təsvir edilənlərə əsasən məhkəmə iddia tələbini qismən əsaslı hesab edərək belə nəticəyə gəlir ki, 014R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 703,29 ABŞ dolları məbləğində əsas borc, 885,18 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1.638,47 ABŞ dolları borc (ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla) alınaraq İddiaçı-yə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə cavabdeh – zamin Cavabdeh2 etirazının “onun 014R********** saylı xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə bağlanmış Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişlərdən xəbəri olmadığı, habelə onların məbləği, faizi və müddəti ilə tanış olmadığı üçün iddianın ona aid hissədə rədd edilməsi” dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1.-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. İş materiallarından göründüyü kimi “xxxxxxxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi ilə onun öhdəliklərinin müddəti 2022-ci ilə kimi müəyyən edilmişdir. Bununla yanaşı, xx xxxx 2015-ci il tarixdə “xxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında kredit razılaşması bağlananda zamin həmin razılaşma və ödəniş planı ilə tanış olmuş və əlyazması ilə ödəniş planına razılıq barədə qeyd aparmış və imza etmişdir. Beləliklə, həmin ödəniş planını imzalamaqla faiz dərəcəsi ilə (həmin müddət üçün aylıq faiz dərəcəsi 2% olmuşdur) tanış olmuş və razılığını bildirmişdir. Həmçinin qeyd edilir ki, xx xxxxxx 2016-cı il tarixli sazişdə faiz dərəcəsi 2%, xx xxxxxx 2016-cı il, xx xxxxx 2017-ci il və xx xxxxxx 2018-ci il tarixli sazişlərdə isə faiz dərəcələri 1.9167%, yəni 2%-dən daha aşağı olmuşdur. Bundan əlavə, Cavabdeh1 xx xxxx 2015-ci il tarixdə götürdüyü 7.800 ABŞ dolları kreditin qaytarılması üçün sonuncu müddət kimi əvvəlcə xx xxxxxx 2017-ci il tarixi müəyyən edilmiş, daha sonra tərəflər arasında imzalanmış müvafiq Sazişlərlə kredit öhdəliyinin qaytarılması üçün son müddət xx xxxxxx 2019-cu il tarixi müəyyən edilmiş və həmin müddətdə zaminin öhdəliyinin qüvvədə olma müddətini əhatə etmişdir. Habelə, əsas borc və hesablanmış faiz məbləğləri ümumilikdə zaminin öhdəlik kimi götürdüyü 20.000 ABŞ dolları limitini aşmamış, başqa sözlə desək bu Sazişlər onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Ona görə də, məhkəmə cavabdehin etirazının bu dəlillərini əsassız hesab edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 23 (iyirmi üç) manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, 07 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 014R********** saylı kredit razılaşması üzrə 703,29 ABŞ dolları məbləğində əsas borc, 885,18 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1.638,47 (bir min altı yüz otuz səkkiz dollar 47 sent) ABŞ dolları (borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla) və 23 (iyirmi üç) manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar