Məhkəmə qərarları › İş №2(001)-3760/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3760/2024

20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3760/2024 20.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(002)-2203/2018 saylı qətnaməsi ilə, Qaradağ Rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli, 2(002)-2672/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 14 may 2018-ci il tarixdən başalayaraq 11 mart 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızma ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı ilə birlikdə yaşayır. Uşağının saxlanılması üçün əlavə xərclər də tələb olunur. Bunu isə ödəməyə onun maddi imkanı çatmır. 6 il əvvəl qəbul edilmiş məhkəmə qətnaməsi əsasında cavabdeh uşağı üçün 154 manat aliment ödəməsinə baxmayaraq həmin vəsait uşağın ehtiyaclarına kifayət etmir. Bundan əlavə himayəsində olan övladının sağlamlıq, müalicə, təhsil, inkişaf xərcləri getdikcə artır. Uşaq onun himayəsində qalmaqla cavabdeh uşağın saxnanılması üçün onlara heç bir əlavə maddi yardım göstərmir və ümumiyyətlə uşağı ilə maraqlanmır. Eyni zamanda cavabdehdən alimentin tutulmasına dair məhkəmə qətnaməsindən xeyli müddət keçməklə bu müddət ərzində istehlak qiymətləri və yaşayış minimumu ölkədə artımışdır ki, bunun nəticəsində də iddiaçının övladını saxlamaqda vəziyyəti pisləşmişdir. Bütün bunlara əsasən iddiaçı hesab edir ki, uşağın və iddiaçının diqqətəlayiq mənafeyimi nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh övladının saxlanılması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşağın saxlanılması üçün məhkəmə qaydasında tutulmuş həmin məbləğ artırılmalıdır. Qeyd olunanlara əsasən iddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(002)-2203/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 11 mart 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, vəkil xərci üçün çəkilmiş 300 manat və mediasiyaya çəkilmiş 60 manat pulun cavabehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, ikinci dəfə ailə qurub, həmin nikahdan uşağı var, cəmi 488 manat əmək haqqı alır. İddiaçı onun heç vaxt uşağı ilə ünsiyyətinə şərait yaratmayıb, uşağını doğulandan görməyib. Amma yenə də imkanı olsa idi, tələb olunan məbləğdə alimenti ödəyərdi. Hal-hazırda buna maddi imkanı yoxdur. Ən çox 180 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2203/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2672/2015 saylı, 09 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 14 may 2018-ci il tarixdən başlayaraq 11 mart 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ... alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması ... tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, əhalinin sas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Cavabdehin arqumentlərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, valideynin az gəlir əldə etməsi valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. Beləliklə məhkəmə uşağın maraqlarını əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2203/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı; hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci Bakı 15 saylı Mediasiya təşkilatına, 321 manat məbləğində pul isə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil ödənilmişdir. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş pulun cavabdehdən tələb edilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, ödənilmiş 300 manat məbləğində pulun 100 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2203/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 60 (altmış) manat ödənilmiş mediasiya xərci və vəkilin göstərdiyi yardıma görə ödənilmiş xərcin 100 (yüz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində ödənilməli olan dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar