Məhkəmə qərarları › İş №2(001)-3765/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3765/2020

31.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3765/2020 31.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X8, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin əmək haqqının 1/3 hissəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin əmək haqqının 1/3 hissəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş övladları X9 və X1 üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat alimentin icra üsulunun dəyişdirilməsi və ya alimentin hazırki əmək haqqının 1/3-nə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiası əsasında Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ondan övladları X9 və X2 üçün 156 manat hər uşağa görə alimentin tutulması müəyyən edilmişdir. Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşaq üçün 160 manat müəyyən edilmişdir. O, cəmi 406 manat əmək haqqı alır. Həmin əmək haqqının 80%-i isə ondan aliment kimi tutulur və cəmi ona hər ay 50 manat pul qalır. Yəni 406 manat əmək haqqı yazılsa da, həmin pulun vergisi və sosial sığortası çıxıldıqdan sonra o, bankomatdan cəmi 349-350 manat əmək haqqı alır. Belə olan halda ona alimentdən sonra ayda 50 manat da deyil, cəmi 29-30 manat pul qalır. O, Bakı şəhərində yaşamır, Gəncə şəhərində yaşayır və Gəncə şəhər Nəqliyyat MMC-də adi kiçik mütəxəssis vəzifəsində işləyir. Əmək haqqının demək olar ki, hamısı tutulduğundan 3 ildir ki, başqa ailə də qura bilmir. Valideynlərinin hər ikisi sağdır və valideynlərindən biri öz təqaüdünü ona göndərir özləri isə digərinin təqaüdü ilə birtəhər yaşayırlar. Onun belində bel yırtığı olduğundan ağır fiziki işlə də məşğul ola bilmir. Qeyd olunanları nəzərə almaqla iddianın təmin edilməsi, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş övladları X9 və X1 üçün hər ay və hər uşağa görə 160 manat alimentin, cəmi 320 manat alimentin icra üsulunun dəyişdirilməsi və ya alimentin hazırki əmək haqqının 1/3-nə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi (vəkili) X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi X7 izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmiş, bildirmişdir ki, iddiaçı işləməsə də bu onu uşaqlara baxmaq vəzifəsindən azad etmir. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilinin) və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1274/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-380/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş X17 Hakimiyyəti Başçısı tabeliyində “xxxxxxxxxxxxxxx” MMC-nin 32 saylı, xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Sadiq oğlu həqiqətən xx.xx.2018-ci il tarixindən X17 Hakimiyyəti Başçısı tabeliyində “xxxxxxxxxxxxxxx” MMC-də mütəxəssis vəzifəsində işləyir. 2020-ci ilin yanvar-may ayları ərzində hər ay üzrə vəzifə maaşı 406 (dörd yüz altı) manat olmuşdur və hər ay üzrə vəzifə maaşından 56,23 (əlli altı manat 23 qəpik) manat DSMF, Həmkarlar təşkilatı, YAP, Silahlı Qüvvələr yardım fondu, İşsizlik sığortası və aylıq olaraq 201 manat aliment olaraq tutulmuşdur. Yekun olaraq İddiaçı Sadiq oğlunun əmək haqqı kartına aylıq olaraq 148,77 (yüz qırx səkkiz manat 77 qəpik) “xxxxxxxxxxxxxxx” MMC tərəfindən ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən «Uşaq hüquqları» haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. X3 «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideylər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən isə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, № 8-2/2016 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Halbuki, iddiaçı ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşdiyini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmiş, yalnızca iş yerindən arayış təqdim edərək alimentin azaldılmasını tələb etmişdir. Qeyd edilməlidir ki, sözügedən arayışa əsasən İddiaçı Sadiq oğlunun əmək haqqından bütün tutulmalar, o cümlədən aliment məbləği tutulduqdan sonra ona qalan qazanc heç də özünün bildirdiyi kimi 29-30 manat deyil, 148,77 (yüz qırx səkkiz manat 77 qəpik) manat təşkil edir. Digər tərəfdən məhkəmədə müəyyən edildi ki, İddiaçı Sadiq oğlu xx.xx.2018-ci il tarixdən X17 Hakimiyyətinin tabeliyində olan “xxxxxxxxxxxxxxx” MMC-də mütəxəssis vəzifəsində işləyir. Ondan xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması isə 2020-ci ilin fevral ayında qət edilmişdir. Başqa sözlə, həmin işə baxmış məhkəmə İddiaçı Sadiq oğlunun aldığı əmək haqqının məbləğini nəzərə almaqla ondan cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulmasını əsaslı hesab etmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İşin eyni halları üzrə, yəni İddiaçı Sadiq oğlunun əmək haqqının məbləğinə əsaslanmaqla alimentin miqdarının azaldılması məhkəmənin qətnaətinə görə əsaslı hesab edilə bilməz. İddiaçı Sadiq oğlu narazı qaldığı halda Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1274/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini mübahisələndirməli idi. Təsvir olunanları və xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X5 üstün mənafelərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğini azaltmaq üçün heç bir əsas yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin əmək haqqının 1/3 hissəsinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar