Məhkəmə qərarları › İş №2(001)-3765/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3765/2024

10.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3765/2024 10.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-15437/2016 saylı, 23 dekabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Həmin vaxtdan minimum yaşayış həddi artsa da, cavabdeh birgə nikahlarından doğulmuş 30 dekabr 2007-ci il təvəllüdlü X1 üçün heç bir əlavə maddi köməklik göstərməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-15437/2016 saylı, 23 dekabr 2016-cı il tarixli qətnaməsi ilə X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda X4 16 yaşı var və məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısı, ehtiyacları tamamilə onun tərəfindən çəkilir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bu səbəbdən də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 30 dekabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə yazılı izahat təqdim edərək, izahatında göstərmişdir ki, o, aliment təyin edilən vaxtdan hazırki günədək hər ay məhkəmə tərəfindən təyin edilmiş məbləği əmək haqqından tutulmaqla ödəmişdir. Sonradan edilən müraciətə əsasən borc yarandığı üçün əmək haqqından əlavə 20%-in tutulmasına razılıq vermiş, hər ay əmək haqqının 70%-ni ödəmişdir. O, hal-hazırda qoca anasına baxır və aldığı 326 manat əmək haqqının 229 manatını aliment olaraq ödəniş edir. Əmək haqqından ona 97 manat məvacib qalır. O, iş yerində xəsarət almış və əməliyyat olunmalıdır. Maddi cəhətdən imkanı olmadığından həkimə müraciət edə bilmir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 15437/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 12 oktyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 780 nömrə ilə qeyd edilməklə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan övladları 30 dekabr 2007-ci il təvəllüdlü X4 anası X2 yanında qalmasının müəyyən edilməsi və 25 oktyabr 2016-cı il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/14/2024-00183 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 12:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poçt xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 284103 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsi əsasında “X10” MMC-də “sosial işçi” vəzifəsində işləyir və 345 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-15437/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin (hər ay 120 manat məbləğində alimentin ödənilməsi) icrası başladıqdan sonra Cavabdeh maddi vəziyyətində artım olmamış və hal-hazırda onun aylıq vəzifə maaşı 345 manat təşkil edir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hazırki vəziyyətinin tələb olunan alimenti ödəməyə imkanının olmaması özü-özlüyündə cavabdehin bir ata kimi aliment ödənilməsi, uşağın saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən, artan tələbatlarının qarşılanması öhdəliyindən azad etməməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia tələbi qismən təmin edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-15437/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment iddiaçı Haqverdiyeva (Cəbrayılova) Ramil Tapdıq qızının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin alimentin məhkəməyə müraciət edildiyi (iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən) tarixdən hesablanması hissəsini araşdıraraq hesab edir ki, alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalı olduğundan, iddia tələbi həmin hissədə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-15437/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq, hər ay 235 manat sabit pul məbləğində aliment iddiaçı Haqverdiyeva (Cəbrayılova) Ramil Tapdıq qızının xeyrinə tutulsun. Cavabdeh 33.80 manat dövlət rüsumu Azərbaycan Respublikasının dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar