Məhkəmə qərarları › İş №2(001)-3775/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3775/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3775/2020 17.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən irəli gələn öhdəliyin icra edilməməsi səbəbindən 770 manat əsas borcun, 471 manat cərimənin (peniya), cəmi 1.241 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixli, M-3 nömrəli, 34 saylı müqavilə bağlayaraq ilkin 137 manat ödəməklə nisyə olaraq ümumi dəyəri 977 manat olan HP-Ariston HF 620 XR markalı məişət texnikasını təhvil almış, qalıq 840 manat hissəsini hər ay 70 manat olmaqla 12 ay müddətində ödəməyi, ödənişlər vaxtında edilmədikdə isə alıcı gecikdirilən hər gün üçün qalan məbləğin 0,2% həcmində peniya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən hər ay 70 manat ödəməli olduğu halda, yalnız bir ay, yəni xx.xx.2019-cu il tarixdə 70 manat ödəmiş, 2019-cu ilin mart ayından sonra hər hansı bir ödəniş etməmiş, bununla da İddiaçı QSC ilə bağlanmış müqavilənin 1.3-cü bəndinin şərtini pozaraq iddiaçıya 770 manat əsas və gecikən hər gün üçün 0,2% hesablanmaqla 471, cəmi 1.241 manat zərər vurmuşdur. Cavabdehlə dəfələrlə əlaqə saxlamaq cəhdlərimiz heç bir nəticə verməmişdir. Müqavilədən irəli gələn öhdəliyin icra olunması üçün cavabdehə sifarişli-xəbərnaməli poçt vasitəsi ilə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh öhdəliyin icra olunması istiqamətində heç bir addım atmamışdır. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əşyanın nisyə alqısatqısına dair müqaviləyə əsasən cavabdeh ilkin ödəniş qismində 137 manat məbləğində ödəniş etməklə iddiaçıdan ümumi qiyməti 977 manat olan HP-Ariston HF 620 XR markalı məişət texnikası almış, həmin əşyanın dəyərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 0,2 % həcmində penya ödəməyi öhdəsinə görütmüşdür. Həmin əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ötən dövr ərzində yalnız 207 manat (ilkin ödəniş qismində 137 manat və aylıq ödəniş qismində 70 manat) məbləğində ödəniş etmişdir. Nəticədə onun müqavilə üzrə borcu yaranmışdır. Bununla bağlı iddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərərək, yaranmış borc məbləği barədə məlumat verməklə, həmin borcun 10 gün müddətində ödənilməsini tələb etmiş, əks halda borc məbləğinin tutulması tələbi ilə məhkəmədə iddia qaldıracağı barədə ona xəbərdaqlıq etmişdir. Lakin cavabdeh bundan sonra da üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən iddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, hazırda cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 770 manat əsas, 471 manat cərimə, cəmi 1.241 manat borcunun yarandığını iddia edir və bu məbləğin, habelə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı bu müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbini “əsas borcun” tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə tam təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 770 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğlərinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən öhdəliyin icrasının gecikdirilməsi nəticəsində hesablanmış 471 manat cərimə məbləğinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış əsas borcun məbləğini nəzərə alıb, iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən tələb edilən 471 manat məbləğində cərimə məbləği endirilməli və 70 manat məbləğində müəyyən edilməli, məhz həmin məbləğdə cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 770 manat məbləğində əsas, 70 manat məbləğində cərimə, cəmi 840 manat məbləğində pul, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqı İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 770 (yeddi yüz yetmiş) manat məbləğində əsas, 70 (yetmiş) manat məbləğində cərimə, cəmi 840 (səkkiz yüz qırx) manat məbləğində pul, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqı İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar