Məhkəmə qərarları › İş №2(001)-3781/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3781/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3781/2023 12.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 1%-lə 60 ay müddətinə 10445,02 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 18 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış vǝ zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. məbləğində tələb olunur. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5276,68 manat əsas borc, 19,94 manat faiz borcu, 24,16 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5320,78 manat kredit borcu cə 73,21 manat ödənilmiş dövlət rüsumunun tutulması tələb olunur. xx.xx.2023-cü il tarixdə məhkəməyə Cavabdeh2 iddiaya etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “Nikoyl İKB” ilə bağlanmış xx.xx.2014-cü il tarixli 3-MZ-İ0577-14 saylı kredit müqaviləsi əsasında bank 12709 ABŞ dolları məbləğində krediti Cavabdeh1 biznesini genişləndirmək məqsədi ilə illik maliyyə hesabatları əsasında vermişdir. Cavabdeh1 ********** saylı VÖEN ilə Vergilər Nazirliyində sahibkar kimi qeydiyyatdan keçmişdir. Həmçinin müqavilə bağlanmamışdan öncə, bankın nümayəndələri tərəfindən Cavabdeh1 öhdəliklərin icrasının təminatı kimi ofisində, mağazalarında və fərdi yaşayış evində daşınar və daşınmaz əmlakların qeydiyyatı aparılmışdır. Əliyev X1 İKB-dan kredit götürdükdən 5 ay sonra Azərbaycan manatı xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərində ABŞ dollarına nisbətdə 19% ve 49% qiymətdən düşmüşdür. Cavabdeh1 kredit verilən zaman 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 0,78 manat olmasına baxmayaraq, xx.xx.2015-ci il tarixinədək 6850 ABŞ dollarının 1,05 ve 1,70 manat məzənnəsi ilə ödəniş etmişdir. Müqavilə əsasında Cavabdeh1 verilmiş 12709 ABŞ dolları kreditin 6850 ABŞ dollarının xx.xx.2015-ci il tarixinədək ödənildiyini nəzərə alsaq həmin tarixə 5859 ABŞ dolları həcmində borcu qalmışdır. Azerbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına” müvafiq olaraq, xarici valyuta ilə alınmış kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilmişdir. Qeyd edilən Fərmana əsasən, borcun yerdə qalan hissəsi restrukturizasiya ediləcək kimi qeyd edilsə də, Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanından sonra xx.xx.2019-cu il tarixində "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 dəvət edərək xx.xx.2014-cü il tarixli 3-MZ- İ0577-14 saylı kredit müqaviləsində dəyişikliklər etmək, borclu tərəfindən ödənilmiş 6850 ABŞ dollarının restrukturizasiya etmək əvəzinə, onunla xx.xx.2019-cu il tarixli, 1%-lə 60 ay müddətinə 10445,02 manat məbləğində yeni kredit müqaviləsi bağlamışdır. Ancaq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklinde borc verənə qaytarmağı öhdəsinə götürür kimi qeyd edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə əsasında Cavabdeh1 ötən 42 ay ərzində 10445,02 manat kredit borcunun 5300 manatını banka qaytarmışdır. Cavabdeh1 İddiaçı ASC ilə xx.xx.2019-cu il tarixli müqavilə bağladıqdan 12 gün sonra dünyada COVİD 19 infeksiyası yayılmağa başladı ki, hayata keçirilən qapanmalar borclunun kredit ödənişində çətinlikler yaratdı. Bu çətinliklər COVlD-19 pandemiyasının və bundan irəli gələrək dünya enerji ve səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135 nömrəli Sərəncamı ilə təsdiq edilmiş COVİD-19 pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azerbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında qərarları ilə öz təsdiqini tapmışdır. Pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayının 14-dən başlayaraq müxtəlif xidmət sahələrinin fəaliyyətinin məhdudlaşdırılması və iş yerlərinin bağlanması Cavabdeh1 kredit ödənişlərində çətinliklər yaratdı. Ona görə də kreditor tərəfindən əsas borcluya öhdəliyin icrası üçün əlavə vaxtın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, halhazırda universitetdə müəllim işləyir. Gəliri borcu ödəmək üçün kifayət deyil. Əsas borclu, Cavabdeh1 maddi imkanı kifayət qədər yaxşıdır, 3 mağazası var və vergi ödəyicisidir. Əsas borclunun kifayət qədər maddi imkanlarının olduğunu nəzərə alaraq iddianın ona münasibətdə təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri, xx.xx.2019-cu il tarixli, 3-MZ-1-0-577-14 saylı Kredit müqaviləsindən və müqaviləyə 1 saylı Əlavədən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh1arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 5 il müddətinə, illik 1% olmaqla, 10445,02 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 3-MZ-1-0-577-14 saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış və müqaviləyə əsasən sonuncu xx.xx.2019-cu il tarixli, 3-MZ-1-0-577-14 saylı Kredit verilməsinə dair müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu 5276,68 manat əsas borc, 19,94 manat faiz borcu, 48,32 manat cərimə borcu olmaqla, 5344,94 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışlar. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 3-MZ-1-0-577-14 saylı Bank hesabı, kredit və zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 istehlak məqsədi ilə 24 ay müddətinə, illik 28% ödəmək şərtilə, 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Müki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə zaminin məhkəmə iclasında irəli sürdüyü arqumentlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, borclunun maddi imkanının zaminin maddi imkanından yaxşı olması, sonununcunu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrası vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5276,68 manat əsas borc, 19,94 manat faiz borcu, 24,16 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5320,78 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5276,68 manat əsas borc, 19,94 manat faiz borcu və 24,16 manat cərimə borcu olmaqla, cəmi 5320,78 (beş min üç yüz iyirmi manat yetmiş səkkiz qəpik) manat məbləğində borc və 73,21 (yetmiş üç manat iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar