Məhkəmə qərarları › İş №2(001)-379/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-379/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-379/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Bank of Baku ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank of Baku ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Bank of Baku ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə Bank of Baku ASC arasında bağlanmış 16.06.2015-ci il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə qaytarmaq, illik 27,58 % ödəmək şərti ilə 5160 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə bank arasında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək borclunun banka olan borcu ödənilməmiş qalır. Cavabdehin kredit müqaviləsi üzrə gecikmə günlərinin sayı 349 gün olduğundan onunla bağlanan kredit müqaviləsi məlum Fərmanın təsiri dairəsinə düşməmişdir. Ona görə də Cavabdeh iddiaçı Bank of Baku ASC-nin xeyrinə 4437,71 manat əsas borcun, 5377,92 manat faiz borcunun, 78,56 manat cərimə borcunun, cəmi 9894,19 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Bank of Baku ASC ilə bağlanmış 16.06.2015-ci il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank ona 48 ay müddətinə qaytarmaq, illik 27,58 % ödəmək şərti ilə 5160 manat məbləğində kredit vermişdir. O, bir müddət kredit müqaviləsi üzrə ödəniş etmiş, lakin sonradan ödəniş etməyə maddi imkanı olmamışdır. O, sonradan ödədiyi kreditin faiz dərəcəsi çox olduğundan banka müraciət edərək faiz dərəcəsinin aşağı salınmasını xahiş etmişdir. Lakin bank tərəfindən onun müraciəti qəbul edilməmişdir. O, faiz borcu yüksək olduğundan krediti ödəyə bilmir. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Bank of Baku ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 16.06.2015-ci il tarixli RO/87564/51/3 kredit sazişindən müəyyən oluur ki, bank borcalana 48 ay müddətinə qaytarmaq, illik 27,58 % ödəmək şərti ilə 5160 manat kredit verməyi öhdəsinə götürmüşdür. Bank of Baku ASC-nin 16.06.2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh 16.07.2015-ci il tarixdən 17.06.2019cu il tarixədək əsas borca görə 5160 manat, faiz borcuna görə 3411,81 manat olmaqla cəmi 8571,81 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Bank of Baku ASC-nin 16.06.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 5160 manat Cavabdeh vermişdir. Bank of Baku ASC-nin 18.03.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh 16.06.2015-ci il tarixli müqavilə üzrə əsas borca görə 4437,71 manat, faiz borcuna görə 5377,92 manat, cəriməyə görə 78,56 manat borcu vardır. Bank of Baku ASC-nin 13.10.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh 16.06.2015-ci il tarixli müqavilə üzrə 17.06.2019-cu il tarixə əsas borca görə 4437,71, faiz borcuna görə 4456,52 manat, cəriməyə görə 78,56 manat borcu vardır. Bank of Baku ASC-nin 15.02.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh 16.06.2015-ci il tarixli müqavilə üzrə 17.06.2019-cu il tarixə əsas borca görə 4437,71, faiz borcuna görə 4456,52 manat, cəriməyə görə 78,56 manat borcu vardır. Azərbaycan Respublikası Mərkəzi Bankının 04.11.2020-ci il tarixli 16-04439-2020 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh ilə Bank of Baku ASC arasında 5160 manat dəyərində bağlanmış 16.06.2015-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.03.2021-ci il tarixli 09/1545 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bank of Baku ASC ilə Cavabdeh arasında bağlanmış 16.06.2015-ci il tarixli RO/87564/51/3 saylı kredit sazişi müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu müqavilə bitən müddətə, yəni 17.06.2019-cu il tarixə əsas borc üzrə 4437,31 manat, faiz borcu üzrə 4467,66 manat, cərimə borcu üzrə 116,35 manat, maliyyə arayışı müddətinə, yəni 18.03.2020-ci il tarixə əsas borc üzrə 4437,31 manat, faiz borcu üzrə 5388,91 manat, cərimə borcu üzrə 149,75 manat müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş materiallarından göründüyü kimi Bank of Baku ASC ilə Cavabdeh arasında bağlanmış 16.06.2015-ci il tarixli RO/87564/51/3 saylı kredit sazişi müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə görə kredit alana illik 27,58 % olmaqla 48 ay müddətinədək yəni 17.06.2019-cu il tarixədək 5160 manat məbləğində kredit verilməsi müəyyən olunur. 5 gündən 90 günədək gecikdirilmiş kreditə görə kredit alan hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin (əsas borc məbləğinin) 1 % (minimum 0,50 manat olmaqla) miqdarında cərimə ödəyir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh Bank of Baku ASC ilə bağladığı 16.06.2015-ci il tarixli RO/87564/51/3 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində banka əsas borca görə 4437,31 manat, faiz borcuna görə 4456,52 manat borcunun yaranması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri bu hissədə əsaslıdır və ona görə də təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 11.06.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 5 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 16.06.2015-ci il tarixli RO/87564/51/3 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 4437,31 manat, faiz borcuna görə 4456,52 manat, cəriməyə görə 5 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 8928,83 manat Bank of Baku ASCnin xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar