Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3790/2025 15.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: maddi ziyanın ödənilməsi Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 795 manat məbləğində avtomobilə dəymiş zərərin əvəzi və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə iddiaçının mülkiyyətində olan “Toyota Aqua” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə, cavabdehin istifadəsində olan “Hyundai i30” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və iddiaçının avtomobilinə ziyan dəymişdir. Hadisə nəticəsində araşdırma aparılmış və nəticədə Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Yol nəqliyyat hadisəsindən sonra iddiaçı tərəf dəfələrlə cavabdehlə əlaqə saxlamış və avtomobilə dəymiş 795 manat maddi ziyanın ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh dəymiş ziyanın ödəməkdən imtina etmişdir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.
5. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir.
Mülki işin materialları:
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X1 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan və ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Toyota Aqua” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.
8. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirməsinə dair xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, 2019-cu il buraxılışlı “Toyota Aqua” markalı avtomobilə dəymiş zərər, təmir (400 manat) və ehtiyat hissələrinin (355 manat) ümumi xərci 795 manat təşkil etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
9. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. 21.2-ci maddəsinı əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
12. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
15. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
16. Məhkəmə qeyd edir ki, Cavabdeh inzibati xəta törətməsi nəticəsində iddiaçıya maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Belə ki, bu hal tərəfin izahatı, o cümlədən iş materialları ilə təsdiq olunur.
17. Məhkəmə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinməsini qiymətləndirərək hesab edir ki, göstərilən qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da yol-nəqliyyat hadisəsinin məhz Cavabdeh tərəfindən törədilməsi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib cərimə edilmişdir.
18. Beləliklə, Cavabdeh yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı məxsus avtomobili vurması, tərəfin məhkəmə iclasında verdiyi izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir.
19. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş zərərə görə məsuliyyətin həmin mənbəyə bilavasitə sahiblik edən şəxsin daşıdığı təsbit olunmuş, normada, həmçinin də müəyyən olunmuşdur ki, mənbəyə sahiblik həm mülkiyyət hüququ ilə, həm də digər qanuni əsaslarla ola bilər. Qanunverici MM-in 1108.1-ci maddəsinin ikinci cümləsində mənbəyə digər qanuni əsasla sahiblik etmənin hallarını (əsaslarını) qeyd etmiş və bu vaxt ara cümlə ilə mötərizədə misal olaraq- icarə hüququ və nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməni sadalamış, cümlənin sonunda isə oxşar əsasları nəzərdə tutan genişləndirici “və i.a.” ifadə vasitəsindən istifadə etmişdir ki, bu da öz növbəsində podrat, lizinq, tapşırıq, əmək müqavilələri, eləcə də yol vərəqi əsasında mənbəyə sahibliyin də qanuni sahiblik olduğunu nəzərdə tutur.
20. Məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı ziyan dəyməsi işin mübahisəsiz halıdır. Buna görə də iddia təmin edilməli, Cavabdeh dəymiş ziyana görə 795 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir.
21. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 795 (yeddi yüz doxsan beş) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova