Məhkəmə qərarları › İş №2(001)-3796/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3796/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3796/2022 20.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 1.645,23 ABŞ dolları, faiz borcu üzrə 804,82 ABŞ dolları olmaqla, ümumilikdə 2.450,05 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 61,65 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı cavabdehə dair sənədlər S-FK-55 saylı, 28 iyul 2017-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Suraxanı filialı ilə cavabdeh arasında 04 mart 2015-ci il tarixdə 1118/15 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24% tətbiq edilməklə, 12 ay müddətinə 3.000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Borc Müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan məişət avadanlıqlarının alınması məqsədilə Bank 3.000 ABŞ dolları məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür (2.3.bənd). “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü yarımbəndində qeyd edilmişdir ki, “Borcalan”a verilən borc vəsaitindən istifadə müddəti 12 aydır. Qeyd olunan Borc müqaviləsinin 6.1-ci yarımbəndinə əsasən borc üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün avadanlıqdan istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 24 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 1.645,23 ABŞ dolları, faiz borcu üzrə 804,82 ABŞ dolları olmaqla ümumilikdə 2.450,05 ABŞ dolları məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Eyni zamanda qeyd edilir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı 26 yanvar 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “əsas və faiz borcun qaytarılması” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(001)-1765/2022 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Binəqədi Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri “X3 Edilməsi Agentliyi” MMC-yə 29 aprel 2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bundan başqa bildirilir ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1 Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2 Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3 Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq ilkin iddia üzrə vaxtında məhkəməyə müraciət edilməsi, həmçinin yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzrlü sayıla bilər. Cavabdeh məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, üç ildən çoxdur ki, o, ödəniş etmir. Odur ki, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC-nin Suraxanı Filialı ilə borcalan Cavabdeh arasında bağlanmış 04 mart 2015-ci il tarixli 1118/15 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank evin təmiri məqsədi ilə borcalana illik faiz dərəcəsi 24% olmaqla 12 ay müddətinə 3.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə sonuncu ödəniş tarixi 04 mart 2016-cı ildir; 04 mart 2015-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh həmin tarixdə "xxxx" ASC-nin Suraxanı Filialından 2.880 ABŞ dolları məbləğində vəsait götürmüşdür; "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış 11 avqust 2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşdür; "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 28 iyul 2017-ci il tarixli, S-FK-55 saylı akta əsasən borclu Cavabdeh əsas borc 2.769,69 ABŞ dolları, faiz borcu 804,82 ABŞ dolları, cəmi 3.574,51 ABŞ dolları məbləğində borcun tələb edilməsi hüququ İddiaçı QSC-yə təhvil verilmişdir; 30 iyun 2017-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh 04 mart 2015-ci il tarixli müqavilə üzrə son ödənişi 13 aprel 2016-cı il tarixdə olmuşdur; “X3 edilməsi Agentliyi” MMC-nin Cavabdeh ünvanladığı 02 sentyabr 2020-ci il tarixli bildirişdən görünür ki, sonuncudan əsas borc üzrə 1.645,23 ABŞ dolları, faiz borcu üzrə 804,82 ABŞ dolları olmaqla cəmi 2.450,05 ABŞ dolları məbləğində borcun ödənilməsi tələb edilmişdir. Qeyd olunan qalıq borc məbləğinin birdəfəyə ödəmək imkanına malik olmadığı təqdirdə isə həmin borc məbləğinin hissəvi şəkildə ödənilməsinə dair yeni restrukturizasiya müqaviləsinin bağlanması təklif edilmişdir; “X3 edilməsi Agentliyi” MMC-nin Cavabdeh ünvanladığı 14 yanvar 2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcu barədə məlumat verilmişdir. Həmçinin cavabdehdən 10 gün müddətində borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; 11 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06 may 2022-ci il tarixinə banka əsas borcu 1.645,23 ABŞ dolları, faiz borcu 804,82 ABŞ dolları olmaqla cəmi 2.450,05 ABŞ dolları məbləğində əsas borcu vardır; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(001)- 1765/2022 saylı qərardadından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmışdır, həmçinin həmin işin elektron çıxarışından görünür ki, iddia ərizəsi 03 fevral 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur; 25 yanvar 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 61,65 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarxli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 28 iyul 2017-ci il tarixli S-FK-55 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən borclu Cavabdeh aid hüquqi sənədlər, borc müqaviləsi, borcun alınmasını təsdiq edən sənədlərin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti “Borc alan”nın əsas borcu 2.769,69 ABŞ dolları, faiz borcu 804,82 ABŞ dolları, cəmi 3.574,51 ABŞ dolları məbləği ilə birlikdə "xxxx" ASC tərəfindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Eyni zamanda məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, "xxxx" ASC-nin Suraxanı Filialı ilə Cavabdeh arasında 04 mart 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, bank tərəfindən sonuncuya illik faiz dərəcəsi 24% olmaqla 12 ay müddətinə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətdə və qaydada krediti və ona hesablanmış faiz məbləğini banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin icrası müddəti 04 mart 2016-cı il tarixdə bitmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə 03 fevral 2022-ci il tarixdə də müraciət etmiş, lakin iddia ərizəsi məhkəmənin 11 aprel 2022-ci il tarixli qərardadı ilə Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə (ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda) əsasən baxılmamış saxlanılmışdır. Hazırda iddiaçı cavabdehdən əsas və faiz borcun tutulmasını məhkəmədən xahiş edir, cavabdeh isə iddianı qəbul etmir və iddia müddətini tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından müəyyən edildiyi kimi, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəmə hesab edir ki, 04 mart 2015-ci il tarixli 1118/15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 04 mart 2016-cı il tarixdə bitmiş, bu müqavilə üzrə son ödəniş isə 13 aprel 2016-cı il tarixdə olmuşdur. Hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 13 aprel 2016-cı il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə iddiaçının iddia müddətinin ötürülməməsi ilə bağlı arqumentləri ilə əlaqədar isə qeyd edir ki, iddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir, başqa sözlə, sanki iddia verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır. Eyni zamanda iddiaçı iddia ərizəsində cavabdehin kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşdüyünu, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil oİmadığını bildirsə də məhkəmə qeyd edir ki, iddiaçı sözügedən Fərmanın icrası müddəti bitdikdən iki ildən artıq müddət keçdikdən sonra məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Ona görə də məhkəmə iddiaçının bu dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar