Məhkəmə qərarları › İş №2(001)-3797/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3797/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3797/2022 23.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “X3 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı BOKT İddiaçı Qapalı səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldiməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 5097 manat, faiz borcu üzrə 4473.27 manat olmaqla, cəmi 9570,27 manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 115.71 manat və müvəqqəti təminat tədbirinə dair ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan 90 KN-096 dövlət qeydiyyat nömrəli "VAZ 21074" minik markalı (buraxılış ili 2011, ban XTA21074OB3064023, rəngi - boz metal) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdir. Əlavə olaraq bildirmişdir ki, mülki işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əlavə olaraq bildirmişdir ki, mülki işin mahiyyəti üzrə baxılıb-baxılmamasını məhkəmənin mülahizəsinə buraxır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. 2011-ci ildə Beynəlxalq Bankdan kredit götürüb avtomobil almış, avtomobil onun mülkiyyətində olmuşdur. Lakin 4 ay keçdikdən sonra borcu ödəyə bilməmiş və avtomobili ondan alıb cərimə meydançasına yerləşdirmişlər. Banka borcu ödəmək üçün müraciət etdikdə, bankın əməkdaşı ona avtomobilin hərraca çıxarıldığı və satıldığını, banka olan borcunun da bağlandığını demişdir. O, avtomobilin satışında iştirak etməmiş, heç kimə də etibarnamə verməmişdir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aşağıdakılara görə baxılmamış saxlanılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 36.1-ci maddəsinə əsasən, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 36.4.1-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz; 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər; 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Hazırki mülki iş üzrə iş materiallarında tələbin ipoteka predmeti olan əmlaka (Cavabdeh mülkiyyətində olan 90 KN-096 dövlət qeydiyyat nömrəli "VAZ 21074" minik markalı (buraxılış ili 2011, ban XTA21074OB3064023, rəngi - boz metal) avtomobilinə) yönəldilməsi barədə bildirişin ipoteka qoyana göndərilməsi müəyyən edilmir. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etməmiş, müvafiq bildiriş ipoteka qoyana rəsmi qaydada təqdim edilmədən, qeydə alınması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Eyni zamanda bildirişin qeydə alınmasına dair xx.xx.2022-ci il tarixli ərizədə tutmanın yönəldilməsi barədə bildirişi ipoteka qoyana xx.xx.2022-ci ildə təqdim edildiyi göstərilmişdir. Halbuki “İpoteka haqqında” AR qanunun 36.4.1-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməli idi. Belə olan halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı “X3 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya mübahisənin məhkəmədən kənar həll edilməsi (pretenziya) qaydasına əməl edilməsi izah edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar