Məhkəmə qərarları › İş №2(001)-3802/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3802/2021

26.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3802/2021 26.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, dəymiş maddi ziyana görə ******* rubl və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul məbləğinin Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin həcmini azaldaraq, cavabdehdən ******* rubl və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin oktyabr ayında Cavabdeh ondan 12236440 rubl dəyərində müxtəlif adlarda(paltar, ayaqqabı və.s) götürmüş və vəd etmişdir ki, həmin məbləği 5 aya bölməklə qaytaracaqdır. Lakin buna baxmayaraq Cavabdeh borcunu müxtəlif bəhanələr gətirərək gecikmələr etməyə başlamışdır. Hissə-hissə borcunun bir qismini ödəmiş və sonuncu dəfə 2020-ci ilin fevral ayında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edəndən sonra 50000 manat da ödənilmişdir və daha sonra mülki iş olduğu üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Bundan sonra cavabdehin ******* rubl borcu qalmış və daha sonra 300000 rubl ödənilmişdir. Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh BMCMİ-də ərizə yazaraq qalıq borcunu etiraf etmişdir. Borcunun mövcudluğunu təsdiq edən yazışmaları və səs yazılarını məhkəməyə təqdim etmişdir. Qeyd edilən bütün sübutlar cavabdehin borcunun olduğunu göstərir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehə geyim malları (paltar, ayaqqabı və s) satmışdır. Cavabdeh onunla işləyən Azər adlı şəxsin qohumu olmuşdur. Onlar malların alğı-satqısını Rusiyada etmişlər. Cavabdeh ondan daha əvvəl aldığı malların dəyərini tam ödəmişdir. 2-ci dəfə isə ümumi məbləği 12.300.000 rubl olan mal alsa da, malların ödənişini gecikdirmişdir. Onlar arasında malların alğı-satqısına dair müqavilə olmamışdır. Razılaşmaları şifahi formada olmuşdur. Bu razılaşmalarını əks etdirən whatsapp yazışmaları olmuşdur. Cavabdeh 2016-cı ilin noyabr ayında malları ondan almışdır. 2017-ci ilin mart ayına kimi 5 ay ərzində ödəniş etməli idi. Cavabdeh 2.920.000 rubl dəyərində malı geri qaytarmış, 2018-ci ildə 2.228.000 rubl ona ödəniş etmişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda 210.000 rubl, 50.000 rubl, 500.000 rubl, 500.000 rubl, 230.000 rubl, 2.000.000 rubl və sonuncu dəfə 300.000 rubl ödəniş etmişdir. Hazırda cavabdeh qalan borcunu ödəməkdən yayınır.

6. Cavabdehin nümayəndəsi, vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məlumat üçün bildirmişdir ki, 25 noyabr tarixində Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Məmmədovun icraatında Bayram Məmmədovun işi üzrə (2(105)-2360/2021 saylı iş) əvvəlcədən təyin olunmuş məhkəmə prosesi olduğundan hazırki iş üzrə məhkəmə prosesində iştirak edə bilməyəcək. Odur ki, əvvəlcədən razılaşdırılmaqla məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş edir.

7. Məhkəmə mülki işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını prosessual qanunvericiliyə(MPM 185) uyğun olaraq mümkün hesab etmişdir.

8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, cavabdeh iddiaçıdan müxtəlif adlarda mallar almışdır, lakin sonra həmin malların qüsurlu olması müəyyən edilmişdir. Cavabdeh həmin malları geri qaytarmaq istədiyində iddiaçı malları geri götürməkdən imtina etmişdir. Cavabdeh aldığı malların qüsurlu olması səbəbindən onların dəyərini ödəməmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

9. Tərəflər arasında şifahi surətdə malların nisyə alğı-satqısına dair razılaşma olmuşdur.

10. Sonuncu dəfə tərəflər arasında 2017-ci ildə 200000 ABŞ dolları məbləğində mal alış-verişi olmuşdur.

11. İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılma aparılmışdır.

12. Araşdırma nəticəsində izahatı alınan Cavabdeh yazdığı və imzası ilə təsdiqlədiyi izahatında göstərmişdir ki, İddiaçı sonuncu dəfə 200000 dollarlıq mal almışdır. Həmin puldan 130000 dollar hissəsində ödəniş etmiş, 70000 dollara yaxın borcu qalmışdır.

13. Cavabdehin nümayəndəsi, vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh iddiaçıdan mal alsa da, aldığı malların qüsurlu olması səbəbindən malların dəyərini ödəməmişdir.

14. Hazırda iddiaçı cavabdehin ona ******* rubl məbləğində borcunun qaldığını iddia edir.

15. Cavabdeh sonuncu dəfə 16 iyun 2021-ci ildə 150000 rubl, 22 iyun 2021-ci il tarixində 65000 rubl, 24 iyun 2021-ci il tarixində 45000 rubl, 28 iyun 2021-ci il tarixində 40000 rubl olmaqla, ümumilikdə 300000 rubl ödəniş etmişdir. Ödənişlərin mövcudluğu iş materiallarına maddi sübut kimi əlavə edilən yaddaş kartında olan qəbzlərlə təsdiq olunur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

16. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

18. Həmin məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

19. Həmin məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

20. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

21. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

22. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

23. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;

24. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;

25. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;

26. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

27. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında yazılı müqavilə olmasa da şifahi surətdə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur.

28. Cavabdeh tərəfindən iddiaçıdan 200000 dollar məbləğində mal alınmışdır. Bu faktı həm iddiaçı həm də cavabdeh Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində vermiş olduqları izahatlarında təsdiq etmişlər. Cavabdeh isə aldığı mallara münasibətdə 70000 dollara yaxın borcunun qaldığını təsdiq etmişdir.

29. Cavabdehin nümayəndəsi, vəkil tələb edilən borc məbləğinə münasibətdə öz etirazını məhkəməyə təqdim etməmiş, sadəcə olaraq alınan malların qüsurlu olması səbəbindən cavabdehin öz borcunu ödəmədiyini bildirmişdir.

29. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: - alış qiymətinin mütənasib azaldılması; - əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; - əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.

30. Həmin məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; - lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

31. Halbuki, cavabdeh tərəf məhkəməyə alınan malların qüsurlu olması və bunun nəticəsində alıcı tərəfindən satıcıya hər hansı məlumatın verilməsinə dair və satıcının satılan malların qaytarılmasından imtina etməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir.

32. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

33. Məhkəmə iddianın təmin edilməsi barədə qənaətə gələrkən cavabdeh tərəfin ondan tələb olunan borc məbləğini mübahisələndirməməsini, iddia tələbinə etirazın sadəcə alınan malların qüsurlu olması ilə ifadə edilməsini və buna dair sübutunun olmamasını, o cümlədən cavabdehin polis orqanında borcunu etiraf etməsini nəzərə alır.

34. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər; 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

35. Bununla bağlı məhkəmə o qənaətə gəlir ki, rubl ilə olan borc ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

36. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Nəticə:

37. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ******* (üç milyon doxsan altı min dörd yüz qırx) rubl məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

38. İddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir

39. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. 3096440 (üç milyon doxsan altı min dörd yüz qırx) rubl məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar