Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3832/2022 04.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 31 may 2020-ci il tarixli müqavilə üzrə “Philips” blender, “Kenwood” çaynik, “Xiomi Mİ” markalı saat və “Xiaomi” qulaqcıq üçün 688,8 manat ödənilməmiş hissə, 68,2 manat cərimə olmaqla cəmi 757 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 31 may 2020-ci il müqaviləyə əsasən Philips Blender, Kenwood Çaynik, Xiaomi Mi markalı saat, Xiaomi qulaqcıq almış və nəticədə 757 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31 may 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 688,8 manat (12 ay x 57,4 manat + 0 manat ilkin ödəniş) əsasən Philips Blender, Kenwood Çaynik, Xiaomi Mi markalı saat, Xiaomi qulaqcıq üçün ümumilikdə 757 manat olmaqla ondan, 688,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 68,2 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış 31 may 2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlər aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 23 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onu üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(001)- 3832/2022 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh tərəfindən “Kenwood” markalı çaynikdə qüsur olduğu üçün onlara təqdim edilsə də, məhsul onların əməkdaşlıq etdikləri servisdə yoxlanılmış və tam yararlı vəziyyətdə olduğu müəyyən edilmişdir. Bununla bağlı cavabdehə məlumat verilmiş və dəfələrlə məhsulun servis xidmətindən götürülməsi təklif edilmişdir. Lakin cavabdeh məhsulu servis xidmətindən götürməmişdir. Alqı-satqı müqaviləsi 31 may 2020ci il tarixdə bağlansa da, cavabdeh götürdüyü digər məhsullara görə də ümumiyyətlə hər hansı ödəniş etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hesab olunduğundan, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 may 2020-ci il tarixli, 20321154 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, ümumi qiyməti 688,8 manat olan “Philips” markalı Blender, “Kenwood” markalı çaynik, “Xiaomi Mi” markalı saat və “Xiaomi” markalı qulaqcıq quraşdırma xidməti ilə birlikdə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 31 may 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20321154 saylı müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. 23 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. “Servis Link-5” Texniki xidmət mərkəzinin 21 aprel 2022-ci il tarixli texniki vəziyyət barədə aktından görünür ki, Cavabdeh “Kenwood” markalı çayniki servisə təqdim edərək, cihazın isti saxlamaq funksiyasının işləmədiyini bildirmişdir. Cihaz yoxlanılmış və cihazda qeyd olunan qüsur aşkar olunmamışdır. 07 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31 may 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 688,8 manat, cərimə 68,2 manat olmaqla, cəmi 757 manat məbləğində borcu var. 10 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış 31 may 2020-ci il tarixli, 20321154 saylı müqavilə ilə müəyyənləşdirilmiş müddətdə məhsulun dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı "xxxx" MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə cavabdehə 757 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda o da müəyyən edilmişdir ki, cavabdeh “Kenwood” markalı məhsulu iddiaçıya qaytararaq cihazın isti saxlamaq funksiyasının işləmədiyini bildirsə də, cihaz yoxlanılmış və cihazda qeyd olunan qüsur aşkar olunmamışdır. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 31 may 2020-ci il tarixli, 20321154 saylı müqavilə üzrə cərimənin məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, cərimə azaldılaraq 20 manat məbləğində müəyyən edilməli və həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 31 may 2020-ci il tarixli, 20321154 saylı müqavilə üzrə əsas borc 688,8 manat, cərimə 20 manat olmaqla, cəmi 708,8 manat məbləğində borc Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 28 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 31 may 2020-ci il tarixli, 20321154 saylı müqavilə üzrə əsas borc 688,8 (altı yüz səksən səkkiz manat, səksən qəpik) manat, cərimə 20 (iyirmi) manat olmaqla, cəmi 708,8 (yeddi yüz səkkiz manat, səksən qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3832/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3832/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver