Məhkəmə qərarları › İş №2(001)-3851/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3851/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3851/2022 20.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 avqust 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********92370 X1 9S markalı telefon üçün 465 manat ödənilməmiş hissə, 46 manat cərimə, 11 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, LG markalı musiqi mərkəzi üçün 284 manat ödənilməmiş hissə, 28 manat cərimə olmaqla, ümumlikdə 823 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə 30 avqust 2020-ci il və 11 avqust 2020-ci il tarixli müqaviləyə əsasən X1 9S markalı telefon, LG markalı musiqi mərkəzi almış və nəticədə 823 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30 avqust 2020-ci il tarixli müqviləsinə əsasən alqı-satqı qiyməti 729 manat (18 ay x 40,5 manat+0 manat ilkin ödəniş) İMEİ Kodu X1 9S markalı telefon üçün ümumilikdə 511 manat olmaqla, ondan 465 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46 manat cərimə, 11 avqust 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 702 manat (12 ay x 58,5 manat+0 manat ilkin ödəniş) LG markalı musiqi mərkəzi üçün ümumilikdə 312 manat olmaqla, ondan 284 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 682 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış 30 avqust 2020-ci il və 11 avqust 2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlər aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 07 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onu üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin rəsmi qeydə alındığı ünvanına bildiriş göndərilsə də, zərf “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmış, bununla da bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2020-ci il tarixli, 21065866 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 702 manat olan LG markalı musiqi mərkəzi sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 11 avqust 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 21065866 saylı müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2020-ci il tarixli, 21126562 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 729 manat olan X1 9S markalı telefon quraşdırma xidməti və yeni qızıl zəmanətlə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 30 avqust 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 21126562 saylı müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. 07 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 11 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30 avqust 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 465 manat, cərimə 46 manat olmaqla, cəmi 511 manat, 11 avqust 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 284 manat, cərimə 28 manat olmaqla, cəmi 312 manat manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh İddiaçınə 823 manat məbləğində borcu vardır. 12 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməli, 11 avqust 2020-cu il tarixli, 21065866 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 284 manat, cərimə 28 manat olmaqla, cəmi 312 manat məbləğində borc, 30 avqust 2020-ci il tarixli 21126562 saylı müqavilə üzrə əsas borc 465 manat, cərimə 46 manat olmaqla, cəmi 511 manat məbləğində borc tutulmalıdır. Həmçinin hesab edirəm ki, iddia tələbi təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. 11 avqust 2020-cu il tarixli, 21065866 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 284 (iki yüz səksən dörd ) manat, cərimə 28 (iyirmi səkkiz) manat olmaqla, cəmi 312 (üç yüz on iki manat) manat məbləğində borc tutulsun. 30 avqust 2020-ci il 21126562 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 465 (dörd yüz altmış beş) manat, cərimə 46 (qırx altı) manat olmaqla, cəmi 511 (beş yüz on bir) manat məbləğində borc tutulsun. Cavabdeh İddiaçı xeyrinə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar