Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3858/2024 12.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-2095/2022 Qətnaməsi ilə müəyyən olunmuş alimentin həcmini dəyişərək, xx.xx.2011-ci il tarixdə anadan olmuş X9 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X2 hər ay sabit pul məbləğində 250 manat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nigahları xx.xx.2010-cü il tarixdə rəsmi olaraq qeyd etdirməklə ailə qurmuşlar. Həmin nigahdan iki övladları olmuşdur. 1.X9 - xx.xx.2011. 2.X3-xx.xx.2014. Cavabdeh ilə ailə qurduğları ilk vaxtlar münasibətləri normal olmuş, sonradan aralarınada münasibətlər pozulmuşdur. O, uşağın xatirinə ailənin dağılmaması üçün hər şeyə səbr edib dözmüşdür, cavabdeh isə düzəlməmiş, münasibətləri dözülmaz vəziyyətə gəlib çatmış, cavabdehlə ailə hayatının davam etməyin mümkün olmaması səbəbindən, nikahlarının pozulması qərarına gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə cavabdehlə aralarında bağlanmış nikah qeydinin pozulması üçün müraciət etmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli /İş-2/001/-2095/2022/ Qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Cavabdeh ilə aralarında bağlanmış nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra, birgə nikahdan xx.xx.2011-d il tarixdə doğulmuş X9 və xx.xx.2011-ci il təvəllüdlü X4 yanında qalması ya uşaqlar yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 193 manat, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, Cavabdeh iki uşaq üçün tutulan aliment uşaqların maddi təminatını təmin etmir. Hazırda inflyasiya və qiymətlərin, xüsusilə uşaqlara məxsus yemək və geyim şeylərinin qiymətinin artması və uşaqların digər xərclərinin çoxalması nəticəsində, onu uşaqları maddi cəhətdən təmin edə bilmir. Eyni zamanda, 2024-cü il üçün ölkəmizdə bir uşağın aylıq dolanma xərci 235 manat təyin olunmuşdur. Məhkəməyə alimentin artırılması barədə iddia ərizəsi vermək üçün Mediasiya Şurasına müraciət etmişdir. Bakı 8 X7 xx.xx.2024-cü il tarixdə, saat 10:00-11:30-a kimi ilkin mediasiya sessiyasını təyin edərək, tərəflərə məlumat vermişdir. Cavabdeh ilkin mediasiya Sessiyasında iştirak etmiş, lakin aralarınada razılıq əldə olunmamışdır. Bu bərədə Bakı şəhəri 8 Saylı Mediasiya şurası arayış vermişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat pul onun tərəfindən ödənilmişdir. Eyni zamanda Mediasiya şurasına 10 manat digər xərclər üçün ödəmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdaifə etdiklərini, təmin olunmasını xahiş edirlər. Bildirmişdir ki, cavabdeh işləmirəm, əmək haqqım azdır kimi bəhanələr edir. Lakin reallıq budur ki, cavabdehin 2 övladı var. Birinin 10, digəri 14 yaşındadır. Hər ikisinin də müxtəlif ehtiyacları vardır. Hazır ki, dövr üçün aliment miqdarı minumum 235 manat müəyyən olunmuşdur. Gündəlik uşaqlar üçün alınan 3-5 manatlıq meyvə və yaxud hədiyyə onlar üçün böyük bir şeydir. Uşaqların ehtiyaclarını təmin etmək üçün minumum 10 manat pul lazımdır. Cavabdeh müxtəlif bəhanələrlə alimenti ödəməkdən boyun qaçırır. Lakin taksi sürücüsüdür. Özüdə sağlam adamdır. Uşaqların qeydinə qalmaq onun məsuliyyətindədir. 18 yaşına çatana kimi, onların bütün ehtiyyaclarını qarşılamalıdır. Ana özü uşaqlarının qeydinə qalır. Məhkəmədən xahişi hər uşaq üçün 250 manat alimentin təmin olunmasıdır.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, hazırda 403 manat maaş alır. Mart ayına kimi imkanı olduqca uşaqların ehtiyaclarını qarşılamağa çalışmışdır. Nə ehtiyyacları olub etmişdir. Uşaqlar nənəsi, babası və xalası ilə birgə qalırlar. Hər biri də işləyirlər. İddiaçı uşaqların qeydinə qalmır. Uşaqların başını bit basır. Mart ayından bu günə kimi uşaqların üzünü görmür. Aldığı maaşın 70% alimentə çıxılır, qalanı borca tutulur. Öz tələbatlarını ödəmək üçün iş yoldaşları kömək edir. Başqa yerdə işləyə bilmir. Valideyni əməliyyat olduğuna görə onu tək qoya bilmir. Bildirmişdir ki, gəliri çox olsa daha çox köməklik edər. Borcun yiğılmasından xəbəri olmayıb. İcradan məktub gəldikdən sonra aliment ödəməyə başlamışdır. Mart ayına kimi uşaqların bütün ehtiyaclarını qarşılamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 2095/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1943 № ilə qeydə alınmış nikahın pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 yekinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 671490 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24 aprel 2011-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X6r.
7. 1 saylı Bakı Asan Xidmət X8 tərəfindən verilən AZ-İİİ seriyalı, 372395 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X6r.
8. AA ******* seriyalı, Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1991-ci ildə doğulmuşdur
9. Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 488903 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında olan nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 538 № ilə qeyd edilmişdir.
10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilən arayışından görünürki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. X10 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-2095/2022 saylı qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulan xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 anası X5 yanında saxlanılmışdır.
12. Həmin qətnamə ilə xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutulmuşdur.
13. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-2095/2022 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, yəni artırılaraq, hər ay, hər uşaq üçün 250 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.
14. Tələbini isə uşağın tələbatlarının artması və özünün təkbaşına uşağın saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3221/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, borclu Cavabdeh 4216 manat aliment borcu var, lakin məhkəmə qərarı ilə borclunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
16. “AZEMİS” elektron məhkəmə sistemi vasitəsilə göndərilən sorğuya əsasən Cavabdeh "xxxx"- MMC-də sürücü işləməklə aylıq əmək haqqı 445 manatdır. Eyni zamanda cavabdehin mülkiyyətində hər hansı daşınar və daşınmaz əmlak yoxdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
19. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
20. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
21. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
22. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
23. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
25. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
26. İşin halları ilə müəyyən edilir ki, cavabdehin aylıq əmək haqqının məbləği 445 manatdır və onun 4000 manatdan çox aliment borcu vardır. Bununla belə məhkəmə qətnamə ilə müəyyən edilən dövrdən 2 ilə yaxın vaxt keçməsini nəzərə alır və keçən müddət ərzində qiymətlərin, uşaqların yaşı ilə mütənasib olaraq xərclərinin artmasını qəbul edir. Lakin məhkəmə qanunvericiliyin tələbindən çıxış edərək alimentin artırılması zamanı aliment ödəməli olan şəxsin diqqətəlayiq maraqlarının da nəzərə alınmalı olduğu qənaətindədir. Bu baxımdan məhkəmə həm uşaqların mənafeyinin üstünlüyünü, həm də cavabdehin aylıq əmək haqqı məbləğinin miqdarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və hər ay, hər uşaq üçün 220 manat olmaqla, cavabdehdən 440 manat sabit pul məbləğində aliment tutulmalıdır.
27. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
28. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
32. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
33. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-2095/2022 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği dəyişdirilməli, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 2095/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440(dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev