Məhkəmə qərarları › İş №2(001)-3880/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3880/2023

29.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3880/2023 29.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 5000 manat məbləğində pul vəsaitinin və ödəniş 70 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 6064 manat pul vermişdir. Həmin şəxs göstərilən məbləği almağını öz xətti ilə yazıb və qəbzə imza edib. Cavabdeh həmin məbləği 1 ay 15 gün müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin məbləğdən bir hissəsini qaytarsa da, 5000 manat borc hələ də qaytarılmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edillmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehi rəfiqəsi Pərvanə vasitəsilə tanımışdır. O, cavabdehə 6064 manat məbləğində qızıl vermişdir, cavabdeh borcundan 1064 manatını ödəmiş, qalan 5000 manatı ödəməmişdir. Cavabdehə qızılı verməyi ilə bağlı müqavilə, video çəkiliş, səs yazısı, telefon yazışması vardır. Cavabdeh onun məhkəməyə müraciətindən sonra pulu qaytarmayacağını telefon vasitəsilə ona bildirmişdir. Bundan əlavə o, əvvəllər lombardda işləmiş, çəkiliş həmin iş yerində aparılmış, qızıllar onun şəxsi qızılları olmuşdur.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclaslarına gəlməmiş və məhkəməyə teleqram ünvanlamışdır. Cavabdeh müraciətində bildirmişdir ki, iddiaçının tələbinə etiraz edir, onun iddiaçıya borcu yoxdur, iddiaçı tərəfindən təqdim edilən müqavilə bu işə aid deyil. Həmin müqavilə əvvəllər girov qoyub götürdüyü pula aiddir. Həmin borcu da bağlamışdır. Onun iştirakı olmadan işə baxıb iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. Tərəflər arasında bağlandığı mübahisə doğurmayan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh ümumi dəyəri 6064 manat olan qızıl-zinət əşyalarını( 750 prob 2 cüt sırğa + 1 ədəd qolbaq=27.2 qram=3264 manat; 585 prob 1 ədəd sep=29.5 qram=2800 manat) İddiaçı götürmüş, xx.xx.2023-cü il tarixdə 1064 manat ödəməklə 1 ay 15 gün müddətində borcunu tam ödəyəcəyini bəyan etmişdir.

6. İddiaçı qızılların təhvil verilməsi ilə bağlı video görüntü təqdim etmiş və məhkəmə iclasında tədqiq edilmişdir.

7. Cavabdeh məhkəməyə gəlmiş, ona iddia ərizəsi və ona əlavə edilən sənədlər, o cümlədən məhkəmə bildirişləri təqdim edilmişdir. Cavabdeh məhkəmə iclaslarında şəxsən iştirak etməyərək, yazılı qaydada iddiaya etiraz etmişdir. Həmin etirazın məzmunundan aydın olur ki, cavabdeh qeyd edilən müqavilənin mövcudluğunu qəbul edir, lakin həmin müqavilənin bu işə aid olmadığını və həmin müqavilə üzrə öhdəliyini tam icra etdiyini bildirir. Tətbiq edilən maddi hüquq normaları:

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

10. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;

11. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

12. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;

13. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

14. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

15. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

16. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;

17. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;

18. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmənin mövqeyi

19. Məhkəmə tədqiq edilmiş sübutlar baxımından o qənaətə gəlir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilə şərləri və xarakteri baxımından mahiyyət etibarı ilə nisyə alqı-satqı müqaviləsidir. Hansı ki, həmin nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçı ümumi qiyməti 6064 manat olan qızıl əşyalarının dəyərini hissəhissə ödəməklə cavabdehə satmışdır. Müqavilənin şərtlərinə görə alıcı xx.xx.2023-cü ildə 1064 manat və ümumi 1 ay 15 gün ərzində qalan hissəsini satıcıya ödəməli idi. Hazırda iddiaçı cavabdehin nəzərdə tutulmuş müddət ərzində müqavilə üzrə öhdəliyini icra etmədiyini iddia edir.

20. Məhkəmə sübut etmə yükünün bölgüsü baxımından o qənaətə gəlir ki, mövcudluğu və etibarlılığı mübahisə olunmayan müqavilə üzrə öhdəliyini icra etdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaya münasibətində müqavilə üzrə borcunu tam ödədiyini bildirsə də, etirazının dəlillərinə dair hər hansı sübut təqdim etməmişdir.

21. Odur ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Tətbiq edilən prosessual normalar:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

26. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

28. Eyni zamanda ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. 5000(beş min) manat məbləğində pul vəsaiti və 70(yetmiş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar