Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3901/2024 15.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 1 sot torpaq sahəsində ev tikmək üçün Cavabdeh, Bakı şəhəri İcra Hakimiyyətindən icazə almaq üçün ondan 18 aprel 2023-cü il tarixdə 4000 manat məbləğində pul vəsaiti almışdır. Lakin evin tikintisinə başlayarkən, İcra Hakimiyyətinin nümayəndələri tikintini saxlamışlar. Onlara Cavabdeh ondan 4000 manat aldığını və icazə almasını bildirsə də, İcra Hakimiyyətinin işçiləri ona bildirmişlər ki, onu aldatmışlar. Cavabdehdən pulunu geri tələb etdikdə, cavabdeh müxtəlif bəhanələr gətirərək, bu günə kimi 1500 manatını qaytarsa da, 2500 manat pulu qaytarmamışdır. Bu səbəbdən də, o, DİN-nin 102 qaynar xəttinə müraciət etmiş və işin araşdırılması Binəqədi RPİ-nin 4-cü PŞə həvalə edilmişdir. Araşdırma zamanı Cavabdeh güya ondan borc aldığını, hazırda 2500 manat borcunun qaldığını etiraf etmiş və bu səbəbdən 10 noyabr 2023-cü il tarixdə Binəqədi RPİ-nin İŞ-nin polis baş leytenantı Nicat Həsənli tərəfindən cinayət işinin rədd edilməsi qərara alınmış və ona mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh vurulmuş maddi ziyana görə 2500 manat pul vəsaitinin və ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, ümumilikdə 6700 manat məbləğində iddiaçıdan borc aldığını və həmin məbləğdən hissə-hissə ödənişlər edərək İddiaçı 2500 manat məbləğində borcunun qaldığını bildirmişdir. Bununla yanaşı, Cavabdeh həmin məbləğin 520 manat hissəsini iddiaçıya tikinti materialı verərək əvəzləşdirdiklərini də izahatına əlavə etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı N.Həsənli tərəfindən qəbul edilmiş 10 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdir. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, əvvəllər Binəqədi rayon İcra Hakimiyyətində sürücü işləmişdir. İddiaçı 1 ildir ki, tanıyır. İddiaçı Biləcəri qəsəbəsində torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində torpağı hamarlaşdırmaq lazım olduğu üçün onu dəvət etmişdir. O, da həmin yerdə traktorla iş görmüşdür. Onunla münasibəti olduğu üçün ondan 6700 manat borc pul istəmişdir. İddiaçı ona pulu 2023-cü ilin aprel ayında Biləcəri qəsəbəsində Ploşad deyilən yerdə vermişdir. O, da ona söz vermişdir ki, 1 ay ərzində pulu geri qaytaracaqdır. Bundan sonra ona bu günə qədər hissə-hissə ödəniş etmişdir. Ümumi 2500 manat borcu qalmışdır. O, tikinti aparmaq üçün İcra Hakimiyyətindən icazə almaq istəyirdi. Ona demişdir ki, kömək edər. Onu İcra Hakimiyyətində tikintiyə icazə alması üçün yönləndirmişdir. O, özü kimlərləsə danışıb pulunu vermiş, tikinti üçün icazə almış və evini tikdirmişdir. Ona olan borcunu vaxtında tam şəkildə geri qaytara bilmədiyi üçün İddiaçı bildirmişdir ki, 2 ay kirayə qaldığı üçün kirayə pulunu da alacaq və 4000 manat pulu polisə şikayət etmək yolu ilə alacaqdır. Ona demişdir ki, 2500 manat borc pulu qalmışdır. O isə onu şərləyib 4000 manat pul alacağını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının və cavabdehin məhkəmə iclasında verdikləri izahatları və Binəqədi RPİ-nin İŞ-nin 10 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, Cavabdeh İddiaçı 2500 manat məbləğində borcu vardır və həmin məbləği hazırki günədək iddiaçıya geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün Cavabdeh 2500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh 2500 manat borc məbləğindən İddiaçı 520 manat məbləğində tikinti materialı verərək həmin hissənin əvəzləşdirilməsini izahatında bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübutları təqdim etməmiş, həmçinin İddiaçı aralarında hər-hansı bir razılaşmanın olmadığını əsas gətirməklə həmin faktı inkar etmişdir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 45 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-3901/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3901/2024
15.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver