Məhkəmə qərarları › İş №2(001)-3909/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3909/2022

01.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3909/2022 01.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün, o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi və Cavabdeh tutularaq, iddiaçı X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq, evlənmişdir. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuduğundan onlar ayrılmalı olmuşlar. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5591/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixində qeydə alınmış nikahları pozulmuş, uşaq onun himayəsinə verilmiş, Cavabdeh xx.xx.2014-cü il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının ¼ hissəsi məbləğində alimentin onun xeyrinə tutulması qərara alınmışdır. Lakin uşaq böyüdükcə tələbatları da çoxalır. Bildirir ki, cavabdeh uşağına qarşı soyuqqanlı yanaşır, ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlib-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çətindir. Halhazırda qətnamədə qeyd edilən aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə kifayət etmir. Uşaq orta məktəbdə təhsil alır. Ona görə də, məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da, dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçı xx.xx.2022-ci il tarixində məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hazırda ondan qazancının ¼ hissəsi məbləğində aliment tutulur. Əvvəllər “Azərsun” şirkətində işləmiş və 530 manat əmək haqqı almışdır. Bununla da aylıq 154 manat aliment ödəmişdir. Bundan əlavə olaraq iddiaçı uşağın hazırlıq pulu adı altında ondan aylıq 70-80 manat alırdı. Həmin pulu anası keçmiş arvadına göndərmişdir. Lakin sonradan aydın oldu ki, uşaq ümumiyyətlə hazırlığa getmir. Hazırda hər ay 193 manat aliment ödəyir. Uşağa alimentdən başqa dəfələrlə hədiyyə alıb, bazarlıq edib onların evinə getmişdir. Lakin iddiaçı uşağı ona qarşı öyrədir və uşaq onuna görüşmək istəmir. Hazırda günü 25 manat olmaqla taksi kimi fəaliyyət göstərir. 2-ci dəfə nikaha daxil olmuş və 2 aylıq uşağı vardır. Faktiki olaraq aylıq 193 manat aliment ödəyir. Odur ki, iddiaya etirazı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilən AZ-İİİ seriyalı, 445389 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 11 avqust 2014-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 5591/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və həmin tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 470 № ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılması, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixində başlayaraq, Cavabdeh aylıq qazancının ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 299690 saylı nikahın pozulması şəhadətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 13 oktyabr 2018-ci il tarixində, 394 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Bayramova” soyadı verilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. Cavabdeh ilə İddiaçı arasında nikah bağlanmış, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşdur.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 5591/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və həmin tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 470 № ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılması, xx.xx.2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixində başlayaraq, Cavabdeh aylıq qazancının ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 299690 saylı nikahın pozulması şəhadətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında nikah 13 oktyabr 2018-ci il tarixində ləğv edilmişdir.

12. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-5591/2018 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay 193 manat məbləğində müəyyən edilməsini tələb edir.

13. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh isə iddia tələbinə etirazı olmadığını, 193 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

14. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinə uşağın və tərəflərin mənafeyi baxımından məhz müəyyən edilmiş alimentin artırılmasının mümkünlüyü baxımından qiymət verilməlidir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

16. Birləşmiş Millətlər Təşkilatının X2 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:

18. 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar;

19. 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar;

20. 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;

21. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

22. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

24. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

25. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

26. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

27. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

28. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

29. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

30. Həmçinin Plenum qərarında qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

31. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin artırıldığı 2018-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, cavabdehin alimentin artırılmasına razılığını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməlidir.

32. Nəzərə alınmalıdır ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını və artırılacaq alimentin məhkəməyə müraciət edildiyi tarixdən tutulmaqla icra qaydasının müəyyən edilməsini xahiş etmişdir.

33. Lakin iddiaçı nəzərə almamışdır ki, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

34. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin icra qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

35. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki-Prosessual Məcəllənin 220.6-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Göründüyü kimi qətnamənin icra qaydasının müəyyən edilməsi tələblə deyil, qətnamənin məzmunu ilə bağlı olan məsələdir. Tətbiq edilən prosessual normalar:

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

39. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

40. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

42. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir.

43. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Nəticə:

44. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-5591/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

45. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan az olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-5591/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar