Məhkəmə qərarları › İş №2(001)-3922/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3922/2022

23.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3922/2022 23.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin ümumi dəyəri olan 2277,40 manat vəsaitin alınıb dövlət büdcəsinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-217/2020 saylı, xx.xx.2020-ci il tarxli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 11 ay 26 gün müddətinə azadlığn məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh yaşayış yerini və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini 22.00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx.xx.2021-ci il tarixində şöbənin icra məmuru müvafiq protokol tərtib etmiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək, tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd qolbaq, bir ədəd adaptor və 1 ədəd mobil qurğu üçün kabro hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli yoxlama zamanı Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitələri onun üzərində aşkar edilməmişdir. Araşdırma zamanı elektron nəzarət vasitəsinin Cavabdeh tərəfindən itirildiyi müəyyən edilmişdir. Hadisə ilə bağlı dərhal məhkumun izahatı alınmışdır. Cavabdehin günahından, yəni lazımi məsuliyyətdə olmadığından elektron nəzarət vasitəsi itmiş və nəticədə maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinqi İdarəsi tərəfindən verilmiş maliyyə arayışına görə həmin elekron nəzarət vasitəsinin ümumi dəyəri 2277,40 manatdır. Mübahisənin başqa həlli mümkün olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh 2021-ci ilin dekabr ayında amnistiyaya düşərək cəzadan azad olunmuşdur. Lakin elektron nəzarət vasitəsini itirmişdir. İdarədə vermiş olduğu izahatında elektron nəzarət vasitəsini itirdiyini, pulunu ödəmək imkanı olmadığını və hissə-hissə ödəmək niyyətinin olduğunu bildirmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-217/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2019-cu ildən tutulduğu 02 (iki) gün müddət hazırki cəza müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, hökmün icrasının Cavabdeh yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasının əvvəlinin cəanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icra olunduğu müddət ərzində Cavabdeh üzərinə yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi və hökm qnauni üvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir.

6. Cavabdeh tərəfindən Binəqədi rayon İcra və Probasiya Şöbəsinin rəisi İlham Hsənova yazılan izahatdan görünür ki, o, Binəqədi Rayon Məhkəməsinin 1(001)-217/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyini, heç bir ərazi və vaxt mədudiyyətini pozmayacağını, vəzifələrini yerinə yetirməkdən mütəmadi və qərəzli boyun qaçırdıqda cəzanının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat veriləcəyi, elektron nəzarət vasitəsinin zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda isə dəyərinin özündən tutulacağı barədə icra məmuru tərəfindən xəbərdar olunduğunu bildirmişdir.

7. İddiaçı icra məmuru Ayxan Novruzov tərəfindən tərtib edilən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh protokolu imzalamaqla ona ******* seriyalı mobil cihazın, 078CEO9563 seriyalı qolbağın, mobil cihaz kabrosu və adapterinin ona verildiyini təsdiq etmiş, Cavabdeh məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı mədaxilin və ya cihazin üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir.

8. Cavabdeh Bakı probasiya İdarəsinin rəisi vəzifəsini icra edən baş ədliyyə müşaviri Namiq İsmayılova yazılan xx.xx.2021-ci il tarixli izahatından görünür ki, Cavabdeh ona verilən suallara cavab olaraq bildirmişdir ki, elektron nəzarət vasitəsini itirmiş, lakin nə vaxt və harada itirdiyini bilməmişdir. Onun həbs olunması barədə təkrar məhkəməyə müraciət edilmə ehtimalına görə elektron nəzarət vasitəsini itirməsi barədə şöbəyə məlumat vermədiyini bildirmişdir. Həmçinin bundan əvvəlki izahatlarında nəzarət vasitəsi zədələndikdə və ya digər üsulla yararsız vəziyyətə salındıqda, onun dəyəinin özündən tutulacağı izah edildiyini təsdiq etmişdir. Onun bu vəsaiti ödəməyə imknaı yoxdur. Heç bir halda bu vəsaiti ödəyə bilməyəcəkdir.

9. İddiaçı böyük icra məmuru Məmməd Sərdaov tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh üzərinə təhkim edilmiş elektron nəzarət vəsitəsinə baxış zamanı üzərində aşkar edilməmişdir. Araşdırma zamanı elektron nəzarət vasitəsinin itirildiyi aşkar edilmişdir.

10. Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi İddiaçı tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli, 21-1/8520/17 saylı, xx.xx.2021-ci il tarixli, 21-1/8520/17 saylı, xx.xx.2021-ci il tarixli, 21-1/8520/17 saylı və xx.xx.2021-ci il tarixli, 21-1/8520/17 saylı məktublarla Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsinə dəymiş 2277,40 manat məbləğində ziyanın 03 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə dəymiş ziyanın ödənilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən Probasiya Xidmətinin rəisinə ünvanlanan verilən xx.xx.2021ci il tarixli məktubdan görünür ki, sade elektron qolbaq mobil nəzarət qurğusunun (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) 1 ədədinin qiyməti 2277,4 manat, ağıllı elektron qlbaq (stasionar və mobil enerji mənbəyini dəstəkləyən cihazla) 1 ədədinin qiyməti 2277,4 manatdır. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-217/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2019-cu ildən tutulduğu 02 (iki) gün müddət hazırki cəza müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmışdır.

13. İddiaçı böyük icra məmuru Məmməd Sərdaov tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli protokolla Cavabdeh üzərinə təhkim edilmiş elektron nəzarət vəsitəsinə baxış zamanı üzərində aşkar edilməmişdir. Araşdırma zamanı elektron nəzarət vasitəsinin itirildiyi aşkar edilmişdir.

14. Cavabdeh Bakı probasiya İdarəsinin rəisi vəzifəsini icra edən baş ədliyyə müşaviri Namiq İsmayılova yazılan xx.xx.2021-ci il tarixli izahatında elektron nəzarət vasitəsini itirdiyini, lakin nə vaxt və harada itirdiyini bilmədiyini bildirmişdir. Onun həbs olunması barədə təkrar məhkəməyə müraciət edilmə ehtimalına görə elektron nəzarət vasitəsini itirməsi barədə şöbəyə məlumat verməmiş,nəzarət vasitəsi zədələndikdə və ya digər üsulla yararsız vəziyyətə salındıqda, onun dəyəinin özündən tutulacağı izah edildiyini təsdiq etmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi elektron nəzarət vasitəsinin qiymətinin 2277,4 manat olduğu barədə probasiya idarəsinə məlumat verilmişdir.

16. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektron nəzarət vasitəsinin itirə Cavabdeh itirdiyi cihazın dəyərinin-2277,4 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş edir.

17. Cavabdeh isə hal-hazırda azadlıqda olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya dair münasibətini bildirməmişdir. Lakin probasiya idarəsində vermiş olduğu izahatlarında məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyini, heç bir ərazi və vaxt mədudiyyətini pozmayacağını, vəzifələrini yerinə yetirməkdən mütəmadi və qərəzli boyun qaçırdıqda cəzanının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat veriləcəyi, elektron nəzarət vasitəsinin zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda isə dəyərinin özündən tutulacağı barədə icra məmuru tərəfindən xəbərdar olunduğunu bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

18. Məhkəmə ilk öncə qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

19. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.

20. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

21. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qaydalarının 4.7-ci bəndində qeyd edilmişdir ki, Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə, müvafiq olaraq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən məhkəməyə təqdimat verilir. Həmin vəzifələr barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər tərəfindən yerinə yetirilmədikdə, bu barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq tədbirlərin görülməsi üçün cinayət prosesini həyata keçirən orqana məlumat verilir.

22. Həmin Qaydaların 7.5-ci bəndində qeyd edilmişdir ki, tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur.

23. Bundan başqa Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.

24. Həmin Məcəllənin 15-2.5-ci maddəsində qeyd edilmişdir ki, Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

25. İş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı icra məmuru Ayxan Novruzov tərəfindən tərtib edilən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2021-ci il tarixli protokolla Cavabdeh ******* seriyalı mobil cihazın, 078CEO9563 seriyalı qolbağın, mobil cihaz kabrosu və adapterinin ona verildiyini təsdiq etmiş, Cavabdeh məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı mədaxilin və ya cihazin üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir.

26. Göründüyü kimi cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində dövlətin təmin etdiyi elektron nəzarət vasitəsi itirilməklə dövlət büdcəsinə zərər vurulmuşdur və bu səbəbdən buna nəzarət etməli orqanın tələbi əsaslıdır. İş materiallarında olan sənədlərdən də görünür ki, elektron qolbağın dəyəri 2277.4 manat təşkil edir. Cavabdeh elektron nəzarət vasitəsini naməlum şəraitdə itirdiyini qəbul etmiş və işin halları ilə cavabdehin təqsirsizliyi müəyyən edilmir. Tətbiq edilən prosessual normalar:

27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

28. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh elektron nəzarət qurğusunun ümumu dəyəri olan 2277,4 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsi ödənilməlidir.

33. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun ümumu dəyəri olan 2277,4 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar