Məhkəmə qərarları › İş №2(001)-3923/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3923/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3923/2022 26.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 850 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 880 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 6519 nömrəli, 23 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən onun fərdi sahibkar kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən mağazadan dəyəri 850 manat olan 1 ədəd məişət avadanlığı (Samsung A52 128) əldə etmişdir. Məişət avadanlığı 23 noyabr 2021-ci il tarixli, SL- 1008814 nömrəli satış qaimə - fakturasına əsasən cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə məişət avadanlığı üçün 23 sentyabr 2022-ci ilədək 10 ay müddətində hər ay 85 manat olmaqla, cəmi 850 manat məbləğin ona ödəniş etməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə heç bir ödəniş etməmişdir. Hazırda həmin müqavilə üzrə ona 850 manat borcu qalmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəsinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırır, borc məbləğini ödəməkdən yayınır. Buna görə də borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə etdiyi kotragentlərlə nağd hesablaşmalar barədə və borc qalığı barədə çıxarışdan görünür ki, cavabdeh həmin müqavilə üzrə hazırki vaxtadək heç bir ödəniş etməmişdir, hazırda ona 850 manat borcu qalmışdır. İddia ərizəsinə əlavə etdiyi e-taxes.gov.az rəsmi internet saytından onun vergi ödəyicisi olmağı barədə məlumatı özündə əks etdirən çıxarışdan görünür ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hesab olunduğundan, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet portalından əldə edilmiş məlumatdan görünür ki, İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir; “MAF” Electronic və Cavabdeh arasında bağlanmış 23 noyabr 2021-ci il tarixli, 6519 saylı müqavilədən görünür ki, dəyəri 850 manat olan “Samsung A52 128” model telefon 10 ay müddətində aylıq ödəniş 85 manat olmaqla sonuncu tərəfindən satıcıya ödənilməsi razılaşdırılmışdır; 23 noyabr 2021-ci il tarixli qaimə-fakturadan görünür ki, “Samsung A52 128” model telefon Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş kotragentlərlə nəğd hesablaşmalar barədə çıxarışlardan görünür ki, Cavabdeh tərəfindən ödəniş edilməmişdir; 17 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh tərəflər arasında bağlanmış 23 noyabr 2021-ci il tarixli, 6519 saylı müqavilə əsasında ümumi dəyəri 850 manat olan “Samsung A52 128” model telefon əldə edərək, dəyərini 10 ay müddətində aylıq ödəniş 85 manat olmaqla iddiaçıya ödəməsini öhdəsinə götürmüş, lakin müqavilə ilə müəyyənləşdirilmiş müddətdə məhsulun dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icranı gecikdirmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 23 noyabr 2021-ci il tarixli, 6519 saylı müqavilə üzrə 850 manat məbləğində borc və 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 23 noyabr 2021-ci il tarixli, 6519 saylı müqavilə üzrə 850 (səkkiz yüz əlli) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar