Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3926/2021 21.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə 21 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2426,35 manat məbləğində əsas borcun, 498,46 manat məbləğində faiz borcunun, ümumilikdə 2924,81 manat və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 bankdan 18 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 5000 manat kredit götürmüşdür. Kreditin təminatı kimi digər cavabdehlərlə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 götürdüyü krediti faizləri ilə birlikdə müəyyən olunmuş vaxt ərzində geri ödəməyi, zaminlər isə Cavabdeh1 həmin kredit müqaviləsi üzrə bank qarşısındaki öhdəliklərin icrası ilə bağlı eyni məsuliyyəti öhdələrinə götürmüşlər. Sonradan 12 aprel 2019-cu il tarixdə Cavabdeh1 ərizə ilə banka müraciət edərək müqavilə üzrə müddətin uzadılmasını xahiş etmiş, onunla, eyni zamanda zaminlərlə bank arasında imzalanmış 1 saylı Əlavəyə əsasən, kredit müqaviləsinin son müddəti 10 aprel 2020-ci il tarixi kimi müəyyənləşdirilmişdir. Lakin, göstərilən müddət ərzində kredit borcunun ödənilməsi ilə bağlı öhdəliklər Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda R.M.İsgəndərov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 banka borcunun olduğunu etiraf edərək borc məbləğinin düzgün hesablanmadığını bildirmişdir. Digər cavabdehlər mhəkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. Cavabdehlərdən Cavabdeh3 məhkəməyə ərizə ünvanlayaraq bank tərəfindən ona münasibətdə iddia müddətinin ötürüldüyünü bildirməklə iddia müddətinin tətbiq olunması ilə iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - 13 iyun 2018-ci il tarixli, 011CASA181640004 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 27 faizlə 18 ay müddətinə ödəmək şərti ilə 5000 manat kredit götürmüşdür. - 13 iyun 2018-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 İddiaçı ASC qarşısında 13 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icra olunması ilə bağlı eyni məsuliyyəti öz üzərilərinə götürmüşlər. - 12 aprel 2019-cu il tarixli 1 saylı Əlavədən görünür ki, iddiaçının, eləcə də borclu və zaminlərin razılığı ilə kredit müqaviləsinin müddəti 10 aprel 2020-ci il tarixədək uzadılmışdır. - maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə 10 aprel 2020-ci il tarixə əsas borcun məbləği 2426,35 manat, faiz borcunun məbləği isə 498,46 manat olmaqla ümumi borc 2924,81 manat təşkil edir. - 14 may 2020-ci tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2426,35 manat məbləğində əsas borc, 498,46 manat məbləğində faiz borcu, 417,49 manat məbləğində cərimə borcu, 2 manat komissiya və xərclər üzrə borcu, 11 manat bildirişlərin göndərilməsinə görə poçt xərcləri olmaqla, ümumilikdə 2924,81 manat məbləğində borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 13 iyun 2018-ci il tarixli kredit müqaviləsi və 12 aprel 2019-cu il tarixli 1 saylı əlavəyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir, buna görə də, iddia tələbində göstərilən borc məbləğinin Cavabdeh1 iddiaçının xeyrinə tutulması üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zaminlər arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərnə götürmüşlər. Kreditorla Cavabdeh1 arasında bağlanmış 13 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzə öhdəliyin icrası vaxtının 10 aprel 2020-ci il tarixdə başa çatması nəzərə alınarsa bankın zaminlərə qarşı hazırki tələblə iddia müddəti 10 aprel 2021-ci il tarixədək müəyən edilir. Kreditor hazırki iddia ərizəsi ilə məhkəməyə 14 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırki halda zaminlərdən yalnız Cavabdeh3 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, ona münasibətdə iddia müddəti tətbiq olunmaqla iddia ona münasibətdə rədd edilməli, digər zaminlərə münasibətdə isə təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 2426,35 manat məbləğində əsas borc, 498,46 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2924,81 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinın məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 24 manat hissəsi də müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 2426,35 manat məbləğində əsas borc, 498,46 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2924,81 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 24 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tutularaq tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3926/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3926/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver