Məhkəmə qərarları › İş №2(001)-3933/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3933/2021

09.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3933/2021 09.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh Sulidin oğlunun etibarnamə əsasında nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 iyun 2021-ci il tarixdə, Bakı şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.2021-ci il tarixindən yetkinlik yaşına çatmayan X1 üçün uşaq yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 250 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh birgə nikahından doğulmuş övladı 11.02.2012-ci il təvəllüdlü X1 üçün Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 oktyabr 2019-cu il tarixli 2(103)-12882/2019 saylı qətnaməsinə əsasən 160 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Halhazırda qızının 8 yaşı var. Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır, məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və Azərbaycan Respublikası 2021-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Cavabdehin əmək haqqı, bayramlarda verilən əmək haqqına əlavələr, məzuniyyət haqqı, əlilliklə bağlı aldığı təqaüd və rəsmi iş yerindən başqa əlavə olaraq gəliri aylıq 250 manat aliment verməyə imkan yaradır. Ölkədə baş vermiş bahalaşmanı nəzərə alaraq alimentin artırılması məqsədə uyğundur. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o özü çəkir. Uşağın təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Qeyd olunanları nəzərə almaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Sulidin oğlunun etibarnamə əsasında nümayəndəsi və vəkili X5 izahat verərək, bildirmişdir ki, iddia tələbini qəbul etmir, tərəflərin hər ikisi Azərbaycan Milli Elmlər X2 işləyirlər, Cavabdeh 380,82 manat, İddiaçı isə 368,97 manat əmək haqqı alır. Bundan başqa Cavabdeh 2-ci qrup müddətsiz əlildir. İddiaçı iddiasını əsaslandıra bilməmişdir. Alimentin artırılması üçün tərəfin maddi vəziyyətində və xərclərində dəyişən nə isə olmalıdır. Uşağın yeməyə, geyinməyə, dərnəyə olan xərci ilk dəfə məhkəmə qətnaməsi qəbul edilən zaman nəzərə alınmışdır. Cavabdehin maddi vəziyyətində isə dəyişən heç nə yoxdur. Uşağı saxlamaq hər iki valideynin borcudur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12882/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6273/2019 saylı mülki iş üzrə qəbul etdiyi 29 avqust 2019-cu il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, 25 iyul 2019-cu il tarixdən hesablanmaqla Cavabdeh 11 fevral 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları 11.02.2013-cü il təvəllüdlü X6 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı 160 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanunun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmin qərarın 8.12-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşin müəyyən edilmiş həqiqi hallarına əsasən uşağın saxlanması üçün hazırda cavabdeh tərəfindən ödənilən 160 manat aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən də azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2019-cu ildə, yəni uşağın 6 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşağın 8 yaşı vardır və ötən iki il ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması, təhsili kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən 160 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərinə qədər, yəni 175 manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu” haqqında qanunun 8.1.1-ci maddəsinə görə məhkəməyə verilən iddia ərizələri üzrə iddianın qiyməti 500 (beş yüz) manatadək olduqda, dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat miqdarında müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12882/2019 saylı, 22.10.2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 11.02.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 160 manat miqdarda alimentin məbləği atırılmalı, 11.02.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay 175 manat miqdarda aliment tutularaq İddiaçı verilməli, həmin aliment məbləği tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və qanunla müəyyən edilmiş qaydada ölkədə yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğdən aşağı olmaması nəzərə alınmaqla ədalətli hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12882/2019 saylı, 22.10.2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 11.02.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. 11.02.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar