Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3954/2021 28.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən avtomobilə dəymiş ziyan nəticəsində avtomobilin təmiri üçün çəkilmiş 5.191 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 5.221 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iş materiallarında olan sübutlara əsaslanaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X5 21.12.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və iddiaçının iddia etdiyi yol-nəqliyyat hadisəsini törətmiş X2 Cavabdeh MMCnin əməkdaşı olmaması barədə sübutların məhkəməyə təqdim edilməsinin, habelə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün iddiaçı ilə danışıqların aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə iclası təxirə salınmış və növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxs X3 isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə əmək münasibətlərində olmaqla, cəmiyyətin sürücüsü vəzifəsində işləyən X3 19 mart 2021-ci il tarixdə saat 07.00 radələrində yol vərəqəsi ilə idarə etdiyi “Otokar” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi “Otokar” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu həmin vaxt hərəkətdə olan və İddiaçı mülkiyyətində olmaqla, onun tərəfindən idarə edilən “Hyundai Elantra” minik markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Hyundai Elantra” minik markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. X3 hadisə ilə bağlı verdiyi izahatında, Goradil-Fatmayı yolunda hərəkətdə olan zaman “Hyundai Elantra” minik markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu bildirmişdir. Hadisənin nəticəsi olaraq tərtib edilmiş inzibati protokola və onun əsasında qəbul edilmiş inzibati qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC-nin 25.03.2021-ci il tarixli qüsur aktına əsasən “Hyundai Elantra” minik markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 5.191 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12.10.2021-ci il tarixli, 9/6096 saylı ekspert rəyinə əsasən “Hyundai Elantra” minik markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə təxminən 4.503 manat (3.083 manat dəyişməli hissələrin qiyməti, təmir-bərpa işlərinin qiyməti 1.420 manat) müəyyən edilmişdir. Ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, 19 mart 2021-ci il tarixdə X2 yol vərəqəsi əsasında idarə etdiyi “Otokar” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə (yüksək təhlükə mənbəyi) iddiaçının mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində məhz X2 təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində “Hyundai Elantra” minik markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, yol nəqliyyat hadisəsinin törədilməsində məhz X2 təqsirli olması Abşeron Rayon Dövlət Yol Polisinin əməkdaşı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul olunmuş qərarla, habelə X2 izahatı və digər sənədlərlə təsdiq olunur. Nəticədə İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsi zədələnmiş və ona, mülkiyyətçisinə maddi zərər vurulmuşdur. Bununla belə, X3 Cavabdeh MMC-nin işçisi olduğundan və onun tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməklə iddiaçının əmlakına öz əmək vəzifələrinin icrası zamanı zərər vurduğundan, onun tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məhz onun işəgötürəni Cavabdeh MMC mülki hüquq məsuliyyəti daşımalı və işçisi X3 tərəfindən iddiaçının əmlakına vurulmuş maddi ziyanın əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iddiaçı tərəfindən təqdim edilən qüsur aktında göstərilmiş ehtiyat hissələrinin və təmir-bərpa işlərinin qiymətlərinin hansı mənbələrdən götürüldüyünü, hansı məlumatlara əsasən müəyyən edildiyinin, habelə real bazar qiymətlərinə uyğun olub-olmamasının aşkar olmadığını qeyd edir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.10.2021-ci il tarixli, 9/6096 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş məbləğin bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, habelə reklam və digər müvafiq mənbələrin məlumatlardan istifadə edilməklə müəyyən edildiyini nəzərə alıb və zərər məbləği ilə bağlı məhz bu rəyi mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, “Hyundai Elantra” minik markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər məhz 4.503 manat məbləğində müəyyən edilməli, məhz bu məbləğ avtomobilə vurulmuş maddi zərər qismində Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi qismində 4.503 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi qismində 4.503 (dörd min beş yüz üç) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-3954/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3954/2021
28.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver