Məhkəmə qərarları › İş №2(001)-3963/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3963/2022

17.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3963/2022 17.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh2 Zali oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Zali oğluna və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 Zali oğluna və Cavabdeh1 qarşı “ vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qanunsuz hərəkəti nəticəsində ona dəymiş 6.500 manat məbləğində maddi zərərin və dövlət rüsumu kimi ödənilmiş 85 manat məbləğində məhkəmə məsrəfinin cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 02 mart 2022-ci il tarixdə idarə etdiyi “Toyota Prius“ markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla A.Cəlilov küçəsi ilə hərəkət edən zaman qəza törədərək idarə etdiyi mülkiyyətində olan “Toyota RAV-4“ markalı 90- HP-002 dövlət qeydiyyat nişanlı avtomaşınla dayandığı yerdə toqquşmuşdur. Nəticədə İddiaçı, X7, X1 xəsarət almışlar və hər iki avtomobilə maddi ziyan dəymişdir. Bununla bağlı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai rayonu X15 orqanının əməkdaşı, Xətai RPİ TŞ-nin baş təhqiqatçısı, polis polkovnikleytenantı Teymur Ağamirov tərəfindən xx.xx.2022-ci il tarixli qərar və həmin qərara əsasən tərtib edilmiş Cavabdeh1 barəsində “inzibati xəta haqqında“ İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuş və həmin protokola əsasən qəbul edilmiş Xətai rayon Məhkəməsi 3(011)-1663/2022 saylı xx.xx.2022-ci il tarixli qərarla Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Cavabdehin təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “Toyota RAV-4“ minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomaşının əzilməsi nəticəsində ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, maşınına dəymiş zərər 11500 manat (on bir min beş yüz) təşkil edir. Hesablanmış qüsur aktı (“Hermes Avto“ MMC) təqdim olunur. Avtomobilin əzilən ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri üçün tərəfindən ümumilikdə qüsur aktında göstərilən rəqəmdən (11500 manat) çox pul vəsaiti xərclənib. Lakin bu günkü gündə o, qüsur aktıyla razılaşıb (on bir min beş yüz manatla) cavabdehlər tərəfindən qalan məbləğin 6500 (altı min beş yüz) manatını tələb etsə də, həmin pul ona ödənilməmişdir. Cəmi 11500 (on bir min beş yüz) manat məbləğində vəsaitin yalnız 5000 (beş min) manatı cavabdehlərin sığorta olunduğu “Azərsığorta“ DSKŞ tərəfindən ödənilmiş, qalan məbləğ isə öz vəsaiti hesabına təmin olunmuşdur. Hadisənin baş verdiyi tarixdən və avtomaşının təmir olunmasından xeyli vaxt keçsə də lakin cavabdehlər onun təqsiri ucbatından düşdüyü zərərin qalan məbləği 6500 (altı min beş yüz) manatı ödəməkdən imtina edir. Bu səbəbdən də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zali oğlunun əməlləri mülki hüquq pozuntusudur və onlar bu hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Avtomobilin mülkiyyətçisi avtomobilin - yəni yüksək təhlükə mənbəyinin sahibi olduğundan hesab edir ki, inzibati xəta törədənlə birgə (subsidiya) (müştərək) qaydada mülki məsuliyyətə cəlb olunaraq ona yetirilən ziyanı birgə ödəməlidirlər. Qanunun mənasına görə şəxsi büdcəsinə dəyən real zərərin dəyərini tam həcmdə cavabdehlərdən tələb edə bilər. Bu səbəbdən cavabdehlər avtomaşının təmirinə və ehtiyat hissələrinin alınması üçün sərf etdiyi 11500 (on bir min beş yüz) manat məbləğində pul vəsaitinin qalan məbləği olan 6500 (altı min beş yüz) manat məbləğində dəymiş maddi ziyanı ona ödəməlidirlər. Cavabdeh1 elektron kabinet vasitəsiylə məhkəməyə ərizə göndərək, iddiaçının “6500 (altı min beş yüz) manat məbləğində maddi zərərin və dövlət rüsumu 85 (səksən beş) manat məbləğində vəsaitin ondan və Cavabdeh2 Zali oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiasının ona münasibətdə təmin olunmamasını xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır, ona görə də təmin olunmamalıdır. Belə ki, işin faktiki hallarından məlum olur ki, 02 mart 2022-ci il tarixində idarə etdiyi “Toyota Prius” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə A.Cəlilov küçəsi ilə hərəkətdə olan zaman qəza törədərək iddiaçının idarə etdiyi **-HP-*** dövlət qeydiyyat nişanlı, “Toyota RAV-4” markalı, avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Qeyd olunan avtonəqliyyat vasitəsinə müəyyən zərər dəymişdir. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təhqiqat aparılmış, onun əməlində cinayət tərkibinin olmadığı müəyyən olunmuş, barəsində cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibinin olması nəzərə alınaraq barəsində “İnzibati xəta haqqında” protokol tərtib edilmiş, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Xətai Rayon Məhkəməsinin 3(011)-1663/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə o, yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsirli hesab olunmuş, barəsində “6 ay müddətinə nəqliyyat vasitəsinin idarə etmək hüququnun məhdudlaşdırılması” inzibati tənbeh növündə cəza tətbiq olunmuşdur. Hadisə baş verdikdən sonra hadisə yerinə idarə etdiyi avtonəqliyyat vasitsinin sığortalandığı “Azərsığorta” DSKŞ-nin əməkdaşları gəlmiş və zəruri hərəkətlər aparılmışdır. Sığorta hərəkətləri çərçivəsində iddiaçıya məxsus yuxarıda qeyd olunan avtonəqliyyat vasitəsinə dəymiş zərər tam olaraq ödənilmişdir. Göründüyü kimi iddiaçı 5000 (beş min manat) məbləğində maddi zərərə məruz qalmış, bu zərər “Azərsığorta” DSKŞ tərəfindən iddiaçıya ödənilmiş, iddiaçı könüllü olaraq bu məbləği qəbul etmişdir. Bununla da iddiaçı 5000 manat məbləğində zərərə məruz qalmasını dolayı etiraf etmişdir. Belə olduğu halda iddiaçının eyni tələb ilə ondan yenidən hər hansı bir məbləği tələb etməsi heç bir halda ədalətli və qanuni ola bilməz. İddiaçının məhkəməyə təqdim etdiyi qüsur aktında göstərilənlərlə də razı deyil. Həmin aktda göstərilən məbləğləri şişirdilmiş hesab edir. Aktda göstərilənlərlə işin faktiki halları arasına kəskin uyğunsuzluq vardır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində 11 500 manat zərərə məruz qalmasını qeyd etsə də, bu halı sübut edən hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Ona görə də hesab edir ki, iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur. İddiaçı iddia qaldırarkən yalnız formal mülahizələrə əsaslanmışdır ki, bu hallar iddianı təmin olunması üçün əsas ola bilməz. Beləliklə, işin sübuta yetirilən faktiki hallarından məlum olur ki, baş vermiş hadisə nəticəsində iddiaçıya dəymiş zərər tam ödənilmişdir. Belə olduğu halda iddiaçının maddi zərərə görə ondan hər hansı bir məbləği tələb etməsi mülki qanunvericilikdə müəyyən olunmuş normaların tələblərinə ziddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Zali oğlunun nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiklərini, avtomobilin Cavabdeh2 Zali oğlunun mülkiyyətində olsa da, zərərin adına etibarnamə verilmiş Vüqar tərəfindən yetirildiyini bildirərək, iddia tələbinin Cavabdeh2 Zali oğluna aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 nümayəndəsi X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 1663/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Həmçinin həmin qərardan müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİnin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı Teymur Ağamirovun xx.xx.2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 02 mart 2022-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi ilə Y.Səfərov küçəsi istiqamətində yolun soldan 2-ci hərəkət zolağı ilə hərəkətdə olarkən yolun solunda 1-ci hərəkət zolağında İddiaçı idarə etdiyi “Toyota Rav 4” markalı **- HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasından toqquşmuşdur. Nəticədə sürücü İddiaçı, X6 və X1 bədən xəsarətləri almışlar. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 Zali oğlunun mülkiyyətindədir. İş materiallarına olan 23 noyabr 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixli etibarnamə əsasında Cavabdeh2 Zali oğlunun mülkiyyətində “Toyota Prius” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Cavabdeh1 etibar etmişdir. Etibarnamə 7 ay 28 gün müddətinə verilib və xx.xx.2022-ci il tarixədək qüvvədədir. İş materiallarında olan AD №752549 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota RAV-4” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Toyota RAV4” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilən hissələrinin və həmin hissələrə aid görülmüş işlərin (xidmətlərin) məbləği 11.500 (on bir min beş yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan “Azərsığorta” DSKŞ-nin 15 aprel 2022-ci il tarixli, 05143 nömrəli sığorta ödənişi ilə bağlı aktının və 19 aprel 2022-ci il tarixli ödəniş tapşırığının surətlərindən görünür ki, PDS********** №-li avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmış “Toyota Prius” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 xx.xx.2022-ci il tarixdə idarə edərkən İddiaçı idarə etdiyi “Toyota RAV-4” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuş və nəticədə sonuncu avtomobilə 11.500 (on bir min beş yüz) manat məbləğində zərər dəymişdir. Həmin məbləğin 5000 manatı “Azərsığorta” DSKŞ tərəfindən İddiaçı ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 9/5085 saylı, 04 avqust 2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Toyota RAV-4” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10917 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan “Toyota Prius” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh1 üzərinə qoyulmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 etibarnamə əsasında həmin avtomobili idarə etmiş, Cavabdeh2 Zali oğlu yol-nəqliyyat hadisəsi törətməmiş və iddiaçının əmlakına zərər vurulmasında onun hər hansı bir iştirakı olmamışdır. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota RAV-4” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 15 aprel 2022-ci il tarixli sığorta aktına əsasən, 11.500 manat müəyyən edilmiş və “Azərsığorta” DSKŞ tərəfindən iddiaçıya 5000 manat məbləğində sığorta məbləği ödənilmişdir. Lakin məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 avqust 2022-ci il tarixli rəyinə əsasən, “Toyota RAV-4” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 10.917 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 avqust 2022-ci il tarixli rəyi mötəbər sübut hesab edilməklə, həmin rəy nəzərə alınaraq, “Toyota RAV-4” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 10.917 manat məbləğində müəyyən edilməli və həmin məbləğdən ödənilmiş 5.000 manat məbləğində sığorta ödənişi çıxılmaqla, Cavabdeh1 5.917 manat məbləğində maddi ziyan tutulmaqla, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh1 avtomobilə vurduğu maddi ziyanın əvəzi olaraq, 5.917 (beş min doqquz yüz on yeddi) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumunun 6 manatı iddiaçıya aid edilməli, 79 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin 100 (bir yüz) manat ekspertiza xərcinin 91 manatı Cavabdeh1 və 9 manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 avtomobilə vurduğu maddi ziyanın əvəzi olaraq 5.917 (beş min doqquz yüz on yeddi) manat və dövlət rüsumuna görə 79 (yetmiş doqquz) manat olmaqla, cəmi 5996 (beş min doqquz yüz doxsan altı) manat alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 91 (doxsan bir) manatı Cavabdeh1 və 9 (doqquz) manatı isə İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar