Məhkəmə qərarları › İş №2(001)-3964/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3964/2024

22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3964/2024 22.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Astara Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(018)-69/2022 nömrəli qətnaməsi ilə 16 iyul 2014-cü il təvəllüdlü X3 və 14 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası (Mehrabova) İddiaçı himayəsində saxlanılması və 16 iyul 2014-cü il təvəllüdlü X3 və 14 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona yəni, anaları (Mehrabova) İddiaçı verilməsi qət edilmişdir. O, nikah pozuluqdan sonra kirayə evdə övladları ilə birlikdə yaşayır. Övladlarının tələbatları və xərcləri günü-gündən çoxalır. Cavabdeh bütün bu müddətdə uşaqların problemləri, digər xərcləri ilə maraqlanmamışdır. Hal-hazırda Astara Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği 16 iyul 2014cü il təvəllüdlü X3 və 14 dekabr 2017-ci il təvəllüdlü X4 heç bir tələbatının ödənilməsinə yetmir. Övladlarının gələcəkdə intellektlərinin artırılması, cəmiyyətə yararlı insan olmaları, əlavə olaraq idman və dərslərində uğur qazanmaları üçün əlavə məşğələlərə gedirlər, ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Buna görə də, o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. O, xx.xx.2024-cü il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə təklif”in hazırlanması üçün Mediasiyaya müraciət etmişdir və həmin tarixdən etibarən mediasiya prosesi başlanmışdır. O, mediasiya prosesindən keçmiş və bu barədə ona X7 tərəfindən xx.xx.2024-cü il tarixdə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış verilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Astara Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(018)-69/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin artırılması, 16 iyul 2014-cü il təvəllüdlü X3 və 14 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi və tərəfindən ödənilmiş 50 manat mediasiya (İMS) xərcinin (rüsumun) Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin 2(018)-69/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X5 ilə Cavabdeh arasında 25 fevral 2014-cü il tarixdə Astara rayon qeydiyyat şöbəsində 34 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 16 iyul 2014-cü il təvəllüdlü X6 və 14 dekabr 2017-ci il təvəllüdlü X4 anaları - X1 yanında və himayəsində saxlanılması, Cavabdeh hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq 16 iyul 2014-cü il təvəllüdlü X3 və 14 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X2 ödənilməsi və alimentin bu qaydada tutulmasının 09 sentyabr 2021-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/4-2024-00255 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 10:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poçt göndərişi və kargüzarlıq xərcini ödəmişdir. Lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də işləməklə, aylıq vəzifə maaşı 784 manat təşkil edir. İş materiallarında olan arayışdan və “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də işləməklə, aylıq vəzifə maaşı 498.29 manat təşkil edir. İş materiallarında olan Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ünvanlamış etiraz ərizəsindan görünür ki, cavabdeh öz öhdəliklərini vaxtlı-vaxtında və məhkəmə tərəfindən müəyyən edilmiş qaydada ödəyir. Onlar, hesab edirlər ki, iddiaçının tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi həcmində. Təqdim edilmiş arayışdan görünür ki, cavabdehin aylıq gəliri vergilər və sosial ödənişlər çıxılmazdan öncə 498.29 manat təşkil edir. Bütün ödənişlər çıxıldıqdan sonra, cavabdehin aylıq gəliri 449.75 manat təşkil edir. İş materiallarından da göründüyü kimi, ödənilən aliment miqdarı cavabdehin gəlirlərinin 50%-dən çoxdur. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh 2-ci dəfə nikaha daxil olmuşdur və himayəsində digər ailə üzvləri də vardır. İddia ərizəsi maddi baxımdan əsaslandırılmamış və cavabdehin rəsmi gəlirindən başqa digər gəlirlərinin olması barədə heç bir sübut təqdim edilməmişdir. Onlar hesab edirlər ki, uşaqların yaşlarını və digər valideyn tərəfindən də saxlamaq tələbinin olmasını nəzərə alaraq, iddia tələbi rədd edilməlidir. Etiraz ərizəsində göstərilənlərin nəzərə alınması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Astara Rayon Məhkəməsinin 2(018)-69/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC-də işləməklə, onun aylıq vəzifə maaşı 498.29 manat təşkil edir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləməklə, aylıq vəzifə maaşı 784 manat təşkil edir. Həmçinin təsdiq edilir ki, uşaqların saxlanması ilə bağlı yaşayış minimumu ölkə üzrə artaraq, 2024-cü il üçün uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hazırki vəziyyətinin tələb olunan alimenti ödəməyə imkanının olmaması özü-özlüyündə cavabdehin bir ata kimi aliment ödənilməsi, uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən artan tələbatlarının qarşılanması öhdəliyindən azad etməməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göstərilənləri nəzərə alaraq, məhkəmə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri daşımaqları prinsipinə əsaslanmaqla hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da, qismən əsaslı olduğu, cavabdehin iddiaçı tərəfindən tələb etdiyi miqdarda alimentin ödənilməsi üçün kifayət qədər qazancı ilə bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün, həmçinin tərəflərin hazırki (real) maddi imkanları nəzərə alınmaqla, iddia tələbi qismən təmin edilməli və Astara Rayon Məhkəməsinin 2(018)-69/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh 16 iyul 2014-cü il təvəllüdlü X3 və 14 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci də Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Cavabdeh Astara Rayon Məhkəməsinin 2(018)-69/2022 saylı 11 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən, 16 iyul 2014-cü il təvəllüdlü X3 və 14 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 39.20 manat dövlət rüsumu Azərbaycan Respublikasının dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar