Məhkəmə qərarları › İş №2(001)-3965/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3965/2024

14.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3965/2024 14.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı “alimentin artırılması və əlavə xərclərə görə alimentin tutulması” tələbinə dair mülki iş (açar sözlər: aliment, əlavə xərc) Hakim: Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi Məhkəmə iclas katibi: Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi İddiaçı İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı “alimentin artırılması və təhsillə bağlı əlavə xərclərdə iştiraka cəlb edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı cavabdeh X4 qarşı “alimentin artırılması və təhsillə bağlı əlavə xərclərdə iştiraka cəlb edilmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, aliment miqdarı artırılaraq, cavabdeh X3 xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə hər ay 235 manat alimentin və təhsil ilə bağlı əlavə xərclərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh rəsmi nikahda olmuş və bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X9 anadan olmuşdur. Binəqədi rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və azyaşlı uşaqlar ananın himayəsində saxlanılmışlar. Həmin qətnamə ilə uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 137 manat olmaqla cəmi 274 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda uşaqlar böyümüş və onların xərcləri artmışdır. Cavabdehin ödədiyi aliment uşaqların əvvəlki həyat şəraitinin saxlanması ilə xərclərinin ödənilməsinə kifayət etmir. Belə ki, övladları artıq yuxarı sinifdə və hətta ali təhsil müəssisəsində təhsil alırlar, əlavə olaraq müxtəlif fənlərdən hazırlıq kurslarına gedirlər. Həmçinin idmanla məşğul olurlar. Bütün bunlar isə əlavə xərclər deməkdir.

İİ. Tərəflərin mövqeləri:

Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, X10 artıq yetkinlik yaşına çatıb və hazırda Türkiyədə təhsil alır. Hazırda ikinci kursu bitirmişdir. Onun 500 manat təhsil haqqı və 371 manat yataqxana xərci vardır. Bu səbəbdən 500 manat təhsillə bağlı əlavə xərcdə cavabdehin iştirak etməsii zərurəti yaranmışdır. Cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. “AzEmis” Elektron Məhkəmə İnformasiya sistemində cavabdehin sərhədkeçid məlumatlarına edilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixdən ölkə hüdudları daxilindədir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. İşin faktiki halları:

İş materiallarına əlavə olunmuş:

- AZ-İ 325040 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı arasında olan nikahın Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında pozulması xx.xx.2019-cu il tarixdə 286 nömrə ilə akt qeydləri kitabında qeyd edilmiş, nikah pozulduqdan sonra qadına İmanova soyadı verilmişdir. - AZ-İİ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 rayonunda doğulmuşdur. X2, anası isə İddiaçıdır. - Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-6052/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 hər birinin 18 yaşa çatanadək saxlanması üçün X3 hər ay 137 manat, ümumilikdə 274 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının əvvəlinin 24 fevral 2017-ci il tarixdən hesablanması qət edilmişdir.

İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Beləliklə məhkəmə yetkinlik yaşına çatmayan uşağın maraqlarını əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-6052/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı; hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh X3 xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli qətnamə ilə uşağın saxlanması üçün aliment məbləği artırıldıqdan sonra iddiaçının uşağın saxlanması ilə bağlı xərclərində dəyişiklik olmuşdur. Məhkəmə iddia tələbinin cavabdehdən əlavə təhsil xərclərinə pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyde dilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Məhkəmə iddiaçının təhsil haqqının ödənişlərinə cavabdehin cəlb edilməsi barədə iddiası ilə əlaqədar hesab edir ki, valideynlər övladlarının əsas ümumi orta təhsil almasına borclu olduğundan, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili seçim xüsusiyyətinə malik olduğundan və ödənişli əsaslarla təhsil haqqı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin əhatə dairəsinə düşən zəruri xərclərə aid olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinin tələbinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 2820 manat təşkil etdiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 48,2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi kimi 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-6052/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh X3 xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 48,2 (qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu X3 tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat məbləğində pul vəsaiti X3 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar