Məhkəmə qərarları › İş №2(001)-3984/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3984/2021

28.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3984/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “avtoqəza nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “avtoqəza nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada vurduqları maddi ziyana görə 1500 manat pulun və 31 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, onun adına 2007-ci il buraxılışlı, **-HV-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, XETÇBEK tipli avtonəqliyyat vasitəsi vardır. O, 13 iyul 2020-ci il tarixində, **-HV-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, XETÇBEK tipli avtonəqliyyat vasitəsini idarə etmək üçün əri Nümayəndə 7 il 2 ay 17 gün müddətinə, başqa şəxsə etibar edilməməklə “Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamə” vermişdir və hazırda həmin avtomobil ərinin istifadəsindədir. 25 sentyabr 2020-ci il tarixində, saat 16:50 radələrində, Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən Atatürk prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi İSUZU NKR 55E YÜK markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, nəticədə avtomobilə maddi zərər vurulmuşdur. Baş vermiş avtomobil qəzası nəticəsində hadisə yerinə Bakı şəhərinin Nərimanov rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşları gələrək baş vermiş hadisənin protokolunu tərtib etmişlər. 17 oktyabr 2020-ci il il tarixində X6 İXP Seriyalı ******* saylı protokol tərtib edilmişdir. Həmin tarixli TP seriyalı ******* saylı qərara əsasən hadisənin baş verməsinə səbəb **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Cavabdeh2 qanunazidd hərəkəti olmuşdur. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh2 idarə etdiyi İSUZU NKR 55E YÜK markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsusdur. Vurulmuş ziyanın ödənilməsi barədə cavabdeh "xxxx" MMCyə müraciət etməsinə baxmayaraq, ziyan ödənilməmişdir. İSUZU NKR 55E YÜK markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edən Cavabdeh2 təqsiri üzündən baş vermiş avtomobil qəzası nəticəsində avtomobilinə 1500 manat dəyərində maddi ziyan vurulmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, onun hadisədə günahı olmamışdır. Nərimanov rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş protokoldan onun xəbəri və məlumatı olmayıb. Eyni zamanda ekspertiz tərəfindən hesablanmış ziyanla da razı deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 17 oktyabr 2020-ci il tarixli İXP 358 X6 protokoldan və TP ******* №-li qərardan görünür ki, Cavabdeh2 25.09.2020-ci il tarixində saat 16:50 radələrində Atatürk pr ilə Z.Bünyadov pr kəsişməsində “İSUZU NKR 55E” yük markalı **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticədə yol nəqliyyat hadisəsi törədərək, Opel Astra minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək, 40 manat məbləğində cərimə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, “Opel Astra” minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Vəliyyədin qızının mülkiyyətindədir və 13 iyul 2020-ci il tarixli etibarnamə ilə həmin nəqliyyat vasitəsini idarə etmək hüququ Nümayəndə etibar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 22.08.2019-cu il tarixli YX-2019-452 saylı müqavilədən görünür ki, icraçı Cavabdeh2 sifarişçi "xxxx" MMC-yə yüklərin daşınmasında sürücülük xidməti göstərir. İş materiallarına əlavə edilmiş 19 fevral 2016-cı il tarixli AR-İ seriyalı 447087 №-li Etibarnamənin surətindən görünür ki, X3 onun adına olan İSUZU NKR 55E” yük markalı **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC-yə müvəqqəti istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. İş materiallarına əlavə edilmiş 21 sentyabr 2020-ci il tarixli, "xxxx" MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, “İSUZU NKR 55E” yük markalı **-XC-*** dövlət qeydiyyat nişanlı furqonu Cavabdeh2 sahibliyinə verilməklə ona Azərbaycan Respublikası ərazisində idarəetmək səlahiyyətləri verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Opel Astra” minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1.890 manat təşkil edir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 21 sentyabr 2021ci il tarixli 9/4420 №-li ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin 27.05.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2007-ci il buraxılışlı “Opel Astra” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.560 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddiaçı ona dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin yönəldiyi Cavabdeh2 ilə bağlı məhkəmə hesab edir ki, işin mübahisəsiz hallarına görə Cavabdeh2 "xxxx" MMC-nin sahibliyində olan nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və onun təqsiri nəticəsində İddiaçı istifadəsində olan “Opel Astra” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddia tələbinin yönəldiyi cavabdeh "xxxx" MMC- ilə bağlı isə məhkəmə qeyd etməyi lazım bilir ki, “İSUZU NKR 55E” yük markalı **-XC-*** dövlət qeydiyyat nişanlı furqon X1 mülkiyyətində olmuş və o, etibarnamə ilə "xxxx" MMC-yə həmin nəqliyyat vasitəsindən yalnız idarə etmək hüququ vermişdir. Belə ki, həmin etibarnamədə nəqliyyat vasitəsinin üçüncü şəxslərin istifadəsinə verməyi "xxxx" MMC-yə etibar edilməmişdir. Belə olan halda "xxxx" MMC səlahiyyəti olmadığı halda sahibliyində olan nəqliyyat vasitəsini Cavabdeh2 istifadəsinə verdiyindən, zərərin vurulmasında onun da təqsiri vardır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “avtoqəza nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə iddiası təmin edilməli və cavabdehlərdən müştərək qaydada 1.500 manat məbləğində dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, habelə 100 (yüz) manat ekspertiza xərci cavabdehlərdən tutularaq hesabına köçürülməlidir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada maddi ziyana görə 1.500 (min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 1.530 (min beş yüz otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar