Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3985/2020 27.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 1125 nömrəli Kredit müqaviləsinə əsasən borcalana 18 ay müddətinə illik 27% dərəcəsi ilə 3000 ABŞ dolları məbləğində kredit vəsaiti ayrılmışdır. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə bağlı cavabdehlərə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, tərəflər arasında kredit müqaviləsi xx xxxxxx 2015-ci il tarixdə 18 ay müddətinə bağlansa da və kredit müqaviləsi üzrə 2016-cı ildən bu günədək hər hansı ödəniş olunmasa da, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx xxxx 2020-ci il tarixdə, iddia müddətini ötürməklə müraciət etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi barədə yazılı ərizəsini xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 cavabdehin nümayəndəsinin ərizəsinə cavab olaraq bildrimişdir ki, ölkədə mövcud olan sərtləşdirilmiş karantin qaydaları ilə əlaqədar iddiaçı aprel ayından 31.05-dək demək olar ki, fəaliyyət göstərməmiş, 01.06-18.06 tarixlərdə fəaliyyət göstərmiş və sonradan yenidən yalnız məhdud sayda işçiləri işə çıxmaqla işlərini icra etmişlər. Ona görə də, hazırkı şəraitdə iddia müddəti ötürülmüş hesab edilə bilməz. Belə ki, bu onlardan asılı olmayan hadisələrlə bağlı baş vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1125 saylı «Kredit müqaviləsi»nə əsasən, borcalana 18 ay müddətinə, illik 27 hesablanmaqla 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə borclarını tam şəkildə ödəməli olduğu halda, bunu etməmiş və onun xx.xx.2020-ci il tarixə iddiaçıya cəmi 2526,81 ABŞ dolları borcu yaranmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh (borclu) Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Bundan başqa həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə hazırki iş üzrə iddia müddətinin ötürülməsi nəticəsinə gələrək hesab edir ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli Kredit müqaviləsinin müddəti xx xxx 2017-ci il tarixdə bitdiyindən kredit üzrə yaranmış borcun qaytarılması ilə əlaqədar iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı xx xxx 2017-ci il tarixdən başlamış və xx xxx 2020-ci il tarixdə başa çatmışdır. İddiaçının isə cavabdehlərə qarşı iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin pandemiya və sərtləşdirilmiş karantin qaydalarına istinadını əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli məlumatına əsasən, xx xxx 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikasının məhkəmələrində işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunmuş və bu vəziyyət xx xxxx 2020-ci il tarixədək davam etmişdir. İddiaçının kredit müqaviləsi üzrə üç illik iddia müddətinin son gününə qədər gözləyib iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsi (kredit müqaviləsi üzrə dörd il ərzində hər hansı ödənişlərin edilməməsinə baxmayaraq) və sonradan da, işçi sayının məhdud olması səbəbindən iddia müddətini ötürməsi üzrlü sayılaraq, iddiaçı üçün imtiyaz yarada bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən aslı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə iddia müddətinin keçdiyini nəzərə alaraq, hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3985/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3985/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver