Məhkəmə qərarları › İş №2(001)-3993/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3993/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3993/2020 27.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4507,97 manat əsas, 2152,09 manat faiz, 7824,44 manat cərimə, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 653 manat əldən çıxmış fayda olmaqla, cəmi 15137,5 manat borc və 30 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, kreditor “xxxx” İKB ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 34% hesablamaq şərti ilə 12 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən kredit müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Cavabdeh həmin məbləğdə pulu qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, tələb edilən müddətlərdə və məbləğlərdə ödənişlər etməmiş, nəticədə Banka borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh illik 34% hesablamaq şərti ilə 12 ay müddətinə 5000 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə borcunu borcverənə qaytarmağı öhdəsinə götürmüşdür; “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır; İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 4507,97 manat əsas, 2152,09 manat faiz, 7824,44 manat cərimə, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 653 manat əldən çıxmış fayda olmaqla, cəmi 15137,5 manat məbləğində borcu var; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, ödənişlər həyata keçirilmədiyi təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdar edilmişdir; xx.xx.2018-ci il tarixli mədaxil qəbzinə əsasən iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin Çıxarışından görünür ki, əvvəlki adı “xxxx” X3 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank cavabdehə 12 ay müddətinə illik 34% hesablamaq şərti ilə 5000 manat məbləğində kredit vermişdir. Kredit müddəti əlavə sazişə əsasən xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Cavabdeh həmin məbləği qəbul etmiş və müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini Banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu kredit məbləğindən istifadə etmiş, lakin kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənişlər etmədiyindən, onun Banka (iddiaçıya) borcu yaranmışdır. İddiaçı cavabdehin borcunun yarandığını bildirməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin məbləğin ondan tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Kredit müqaviləsi üzrə kredit müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bununla belə məhkəmə iddianı yalnız əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Belə ki, iddiaçı “xxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli məhkəməyə ünvanladığı məktubundan və borcluya sms göndərilməsi barədə bildirişindən görünür ki, sözügedən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşmüş və borclunun ***-***-**-** telefon nömrəsinə xx.xx.2019cu il tarixdə sms göndərilərək kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün banka dəvət edilmişdir. Lakin borclu banka gəlməmiş və fərmanın icra müddəti xx.xx.2019-cu il tarixdə bitdiyinə görə məhkəməyə müraciət edilməsi zərurəti yaranmış və həm əsas, həm faiz, həm də cərimə borcu tələb edilmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh banka olan borcundan sonuncu dəfə 250 manat olmaqla xx.xx.2017-ci ildə ödəniş etmişdir. Odur ki, qalıq kredit borcunun əsas məbləği və sonuncu ödəniş günü nəzərə alınarsa kredit müqaviləsi sözügedən Fərmanın Restrukturizasiya ilə bağlı əhatə dairəsinə düşmüşdür. Bu faktı iddiaçı tərəf də məhkəməyə təqdim etdikləri məktub və bilidirişlə təsdiq edir. Lakin məhkəmə bununla bağlı hesab edir ki, borclunun Restrukturizasiya ilə bağlı müqavilə bağlamaması ondan əsas borcdan əlavə faiz və cərimə borcunun tələb edilməsinə əsas verə bilməz. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Fərmanın məzmunundan göründüyü kimi həmin Fərmanın qəbul edilməsinin məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin kreditorun təklifinə baxmayaraq borclunun təqsiri ucbatından bağlanıla bilməməsi, Borclunun dövlətin dəstəyindən istifadə etmək və ya Bankların qarşılaşdıqları maliyyə itkisini dövlətdən təmin etmək imkanından məhrum etmir, əksinə borclunu yalnız güzəştli şərtlərlə müqavilə bağlamaq imkanından məhrum edir. Yəni Borclunun fərmanın icrası müddəti ərzində öz təqsiri ucbatından(bilərəkdən və ya məsuliyyətsizlikdən) yeni güzəştli şərtlərlə müqavilə bağlamaqdan yayınması, ona mənafeyi üçün Fərmanın imkan yaratdığı şəraitdən istifadə edə bilməməklə vəziyyətinin pisləşməsi ilə nəticələnir. Belə ki, borclu fazilər və cərimə borcu silindikdən sonra əsas borcu hissə-hissə 5 il müddətinə ödəmək imkanından(imtiyazından) imtina etmiş və ya məhrum olunmuş hesab olunur. Bu fakt isə banklara əsas borcdan əlavə faiz və cərimə borcunun da tələb edilməsi ixtiyarını vermir. Beləliklə, borclunun vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli kredit müqaviləsi bağlamaması Fərmanın məqsədi və təyinatı nəzərə alınarsa onun ziyanına təfsir edilə bilməz. Odur ki, iddiaçı vaxtı keçmiş kredit müqaviləsi üzrə yalnız əsas borcu tələb etməkdə haqlıdır. Buna görə də Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və ona xx.xx.2016-cı il tarixli əlavəyə əsasən borcu 4507.97 manat məbləğində müəyyən edilməlidir və Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müəyyən edilmiş borcunu iddiaçıya ödəməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və ona xx.xx.2016-cı il tarixli əlavə üzrə 4507,97 manat məbləğində pul vəsaiti, habelə 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və ona xx.xx.2016-cı il tarixli əlavə üzrə 4507,97 manat məbləğində pul vəsaiti, habelə 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar