Məhkəmə qərarları › İş №2(001)-3997/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3997/2022

05.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3997/2022 05.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(001)-3413/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirərək, birgə nikahlarından doğulmuş 02 may 2010-cu il təvəllüdlü X8 və 25 oktyabr 2011-ci il təvəllüdlü X10 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 01 may 2010-cu il tarixdə rəsmi qaydada nikahlarını qeyd etməklə evlənmişlər. Birgə nikahlarından 02 may 2010-cu il təvəllüdlü X8 və 25 oktyabr 2011-ci il təvəllüdlü X10 doğulmuşdur. Cavabdeh aralarında olan narazılıqlara görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(001)-3413/2021 saylı qətnaməsinə əsasən aralarında olan nikahın pozulması, 02 may 2010-cu il təvəllüdlü X8 və 25 oktyabr 2011-ci il təvəllüdlü X6 onun yanında saxlanılması və uşaqlar yetkinlik yaşına çatanadək onların saxlanılması üçün hər ay hər uşağa görə Cavabdeh 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh təyin edilən aliment məbləğini vaxtı-vaxtında ödəmir. Hazırda uşaq böyüyür o isə uşağın saxlanması, uşağın ehtiyacını ödəyə bilmir. Cavabdeh uşağı ilə maraqlanmır, ümumiyyətlə hər hansı maddi yardım göstərmir.Təyin edilmiş alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir.Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı,eləcə də cavabdehin kifayət qədər yüksək əmək haqqı almasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay 193 manata çatdırılmalıdır. Uşaq orta məktəbdə təhsil alır. Ona görə də məsrəfləri artmışdır. Ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu dəyişdirilmiş və 193 manat müəyyən edilmişdir. Uşağın bütün qayğı və ehtiyaclarını özü ödəməyə çalışır. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, uşaqların saxlanılması üçün daha çox xərc tələb olunur. Uşaqlardan biri orta məktəbin 6-cı sinifində, digəri isə 7-ci sinifində təhsil alır. Bundan əlavə hazırlıqlara gedirlər ki, onun üçün də 80 manat məbləğində ödəniş edir. İddiaçı alimentdən başqa uşaqların saxlanılması üçün hər hansı köməklik göstərmir. Uşaqlardan biri eynəkdən istifadə edir və həmin eynək altı ayda bir dəyişdirilməlidir. Cavabdeh uşağın müayinəsinə 100 manat ödəsə də, icra şöbəsinə müraciət edərək, həmin ödənişin aliment məbləğindən çıxarılmasına nail olmuşdur. Cavabdeh hal-hazırda ikinci dəfə nikaha daxil olursa, deməli maddi imkanı vardır. Cavabdehin özünün əlavə gəliri var. Belə ki, quş damı düzəldib satmaqla məşğuldur. Cavabdehin atasının pensiya kartı da, onda olur.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehdən hər uşağa görə aylıq 100 manat, cəmi 200 manat aliment tutulur. Nikahları pozularkən elə zənn etmişdir ki, 1 uşaq üçün 200 manat aliment tutulacaqdır. Ona görə alimentin bu məbləğinə razılıq vermişdir. Lakin sonradan bilmişdir ki, 2 uşağa görə cəmi 200 manat aliment tutulacaq. Həmin qətnamədən qanuni prosedurları bilmədiyi üçün apellyasiya şikayəti verə bilməmişdir. Təxminən 1 ildir ki, alimentə etiraz etməmişdir. Lakin cavabdehin yenidən nikaha daxil olduğunu və uşağı olacağını öyrəndikdə alimentin artırılması ilə bağlı iddia qaldırmaq qərarına gəlmişdir. Belə ki, cavabdeh yenidən nikaha daxil olursa və uşağı dünyaya gəlirsə deməli onun kiyafət qədər imkanı vardır. Həmçinin cavabdehin nikaha daxil olduğu qadının əvvəlki nikahdan uşağı da vardır. Həmin uşağa da cavabdeh baxır. Əgər onun imkanı yoxdursa, nəyə görə təzədən nikaha girir?! O, əvvəl hazırki alimentə razı olsa da, cavabdehin yenidən nikaha daxil olduğunu bilib acığa düşmüşdür. Özü işləmir və Xocəsən qəsəbəsində atasının evində yaşayır. Onlara atası baxır. Uşaqları saxlaya bilmir, onlar hazırlıqlara gedirlər və hazırlıq pulunu da özü verirəm. Cavabdeh alimentdən başqa əlavə heç nə etmir. Cavabdeh mühafizədə işləyir, lakin əlavə gəliri də var. Həmçinin onun istifadəsində avtomobili də vardır.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildimişdir ki, halhazırda özəl şirkətdə mühafizə xidmətində çalışır və rəsmi əmək haqqı məbləği 450 manat olsa da, tutumalarla birlikdə ona 390 manat əmək haqqı köçürülür. İddiaçı ilə ayrıldıqdan sonra ikinci dəfə nikaha daxil olmuşdur. Ona və ailəsinə atası baxır. Əgər iddiaçı uşaqları saxlaya bilmirsə, uşaqları ona verə bilər. 1 il olar ki, ikinci dəfə ailə qurmuş və himayəsinə bir uşaq götürmüşdür. Həmçinin bu yaxınlarda ikinci ailəsindən də uşağı olacaq. İkinci dəfə ailə qurmasına maddi köməkliyi ailəsi edib. Uşaqlarından Əlinin əməliyyatına pul lazım olmuşdur və həmin pul üçün iddiaçı ona müraciət etmişdir. O da, əməliyyat xərcini ödəyəcəyini bildirmişdir. Uşaqların saxlanması üçün əlavə xərclərdə iştirak edir. Uşaqları istirahətləri üçün rayona aparmış və 240 manat istirahətlərin üçün xərc çəkmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 387519 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 420 № ilə qeyd edilmişdir.

7. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 678312 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X4r.

8. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 790433 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X4r.

9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(001)- 3413/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh ilə Suraxanı rayon qeydiyyat şöbəsində 01 may 2010-cu ildə 405 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan 02 may 2010-cu il təvəllüdlü X8 və 25 oktyabr 2011-ci il təvəllüdlü X6 iddiaçı X2 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 30 aprel 2021-ci il tarixindən başlayaraq, 02 may 2010-cu il təvəllüdlü X8 və 25 oktyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı X5 verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. İddiaçı Cavabdeh ilə cavabdeh X7 arasında nikah bağlanmış, tərəflərin birgə nikahlarından 02 may 2010-cu il təvəllüdlü X8 və 25 oktyabr 2011-ci il təvəllüdlü X10 doğulmuşdur.

11. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(001)- 3413/2021 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, birgə nikahdan 02 may 2010-cu il təvəllüdlü X8 və 25 oktyabr 2011-ci il təvəllüdlü X6 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 30 aprel 2021-ci il tarixindən başlayaraq, 02 may 2010-cu il təvəllüdlü X8 və 25 oktyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı X5 verilməsi qət edilmişdir.

12. Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(001)-3413/2021 saylı qətnaməsindən məlumatlı olsa da, tutulan aliment məbləğinə 1 il ərzində razı olmuş və qətnamədən apellyasiya şikayəti verməmişdir.

13. Lakin hazırda cavabdehin maddi imkanının kifayət qədər olmasına istinad etməklə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(001)- 3413/2021 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər uşağa görə hər ay üçün 200 manat məbləğində müəyyən edilməsini tələb edir.

14. İddia tələbini onunla əsaslandırır ki, cavabdeh ikinci dəfə ailə qurmuş, həmin nikahdan uşağı olacaq və ailə qurduğu qadının əvvəlki nikahından olan uşağı da, onun himayəsindədir. Cavabdehin ikinci dəfə nikaha daxil olması, onun maddi imkanının kifayət qədər yaxşı olduğunu göstərir.

15. Cavabdeh isə məhkəmə iclasında bildirmişdir ki, ona və ikinci ailəsinə atası maddi cəhətdən dəstək olur. Hal-hazırda 390 manat məbləğində əmək haqqı alır və şirkətin mühafizə xidmətində çalışır. Uşaqların saxlanılmasında iştirak edir. Onları istirahətə aparmış, müalicə xərclərinin ödənilməsində iştirak etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

16. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

17. Birləşmiş Millətlər Təşkilatının X1 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:

19. 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar;

20. 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;

21. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

24. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

25. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

26. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

27. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

28. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

29. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

30. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

31. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

32. İddiaçı alimentin artırılmasının zəruriliyini onunla əsaslandırmışdır ki, təyin edilmiş aliment məbləği uşaqlar üçün müəyyən edilmiş (hər ay hər uşaq üçün 100 manat) yaşayış minimumundan olduqca aşağıdır. Uşaq hazırda Bakı şəhərində orta məktəbdə təhsil alır. Təkbaşına uşağın saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşağın saxlanmasında demək olar ki iştirak etmir.

33. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, tərəflərin birgə nikahlarından olan uşağın yaşına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır, baxmayaraq ki, alimentin müəyyən edildiyi tarixdən cəmi 1 il vaxt keçmişdir. Bu səbəbdən iddiaçının həmin qətnamə ilə razılaşmamasına baxmayaraq, həmin qətnaməni mübahisələndirməməsi onun ziyanına şərh edilməməlidir. Belə ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu və uşağın yaşı nəzərə alındıqda həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin uşağın saxlanılmasına kifayət etməməsi başa düşüləndir. Buna baxmayaraq yaşayış minimumu haqqında tələblərin artması birbaşa alimentin artırılması üçün əsas deyildir və bu səbəbdən alimentin artırılması məsələsi bütün tərəflərin diqqəlayiq mənafeləri nəzərə alınmaqla həll edilməlidir. Burada bütün tərəflər dedikdə uşaq, aliment alan və alan ödəyən şəxs başa düşülür. Hər bir halda bütün məsələlər uşaqların mənafelərinin üstünlüyü baxımından qiymətləndirilməlidir.

34. Qeyd edilən aspektdən yanaşdıqda alimentin qısa müddətdə təqribən 2 dəfəyə yaxın artırılması aliment ödəyən şəxsin mənafeyinə uyğun hesab edilməsə də, hal-hazırda ödənilən alimentin miqdarı da uşağın mənafeyinə uyğun deyildir. Bu baxımdan məhkəmə bütün tərəflərin mənafeyini nəzərə almaqla artırılması tələb olunan alimentin miqdarının 160 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun hesab edir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin əmlak vəziyyəti ilə bağlı, adına nəqliyyat vasitəsi olması ilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilməmiş və Elektron informasiya sistemindən sorğulandıqda belə bu barədə məlumat əldə edilməmişdir. Bu səbəbdən də iddia tələbinin qismən təmin edilməsi məqsədəmüvafiq hesab edilməlidir.

35. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

36. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:

37. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

38. 8.1.1-ci maddəsinə əsasən 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsum ödənilməlidir.

39. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;

44. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

45. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

46. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(001)-3413/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 02 may 2010-cu il təvəllüdlü X8 və 25 oktyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə hər ay 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

47. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan çox olduğundan ödənilməli olan dövlət rüsumu 35 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyindən, həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(001)- 3413/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 02 may 2010-cu il təvəllüdlü X8 və 25 oktyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə hər ay 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 35 (otuz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar