Məhkəmə qərarları › İş №2(001)-400/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-400/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-400/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh1 oğlunun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönədilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönədilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Ağaəli oğlundan müştərək qaydada xx.xx.2021-ci il tarixə ödənilməmiş 124.708,58 manat əsas borc, 11.293,53 manat faiz borcu, 18.182,84 manat dəbbə pulu olmaqla, cəmi 154.184,95 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının, həmçinin AR ƏMDK yanında DƏDRX-ə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus 0.0456 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsi, keçid 1, ev 5 (yeni qaydalarla: ünvan 1 ünvanında olan ümumi sahəsi 363.1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Ağaəli oğlundan tutulması, mənzilin boşaldılması və cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və azyaşlılar X2 və X3 Cavabdeh1 ilə birlikdə həmin evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə illik 35% olmaqla, 60 ay müddətinə 500.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən cavabdehə illik 21% olmaqla, 36 ay müddətinə 130.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan 0.0456 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsi, keçid 1, ev 5 (yeni qaydalarla: ünvan 1 ünvanında olan ümumi sahəsi 363.1 kv.m olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmiş, həmçinin digər Cavabdeh3 Ağaəli oğlu xx.xx.2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədikləri üçün kreditin məcburi qaydada tutularaq Bank "xxxx" ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil məhkəməyə bank tərəfindən verilmiş məktubu təqdim edərək, cavabdehin banka olan borcunu tam ödədiyini və bank tərəfindən kredit müqaviləsinə xitam verildiyini bildirərək, iddia ərizəsinə mahiyyəti üzrə baxaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı (nümayəndəsi) məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, tərəflər arasında razılıq əldə edildiyini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli DEN-00005-01/20A saylı Əsas Kredit Müqaviləsinə əsasən, Cavabdeh1 60 ay müddətinə, illik 35% olmaq şərtilə, 500.000 (beş yüz min) manat məbləğində kredit verilmişdir. - xx.xx.2020-ci il tarixli DEN-A0005-01/20A saylı Əlavə Kredit Müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 21% olmaq şərtilə, 130.000 (bir yüz otuz min) manat məbləğində kredit verilmiş, sonuncu götürdüyü krediti xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 4898 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli DENZ-00005-01/20A saylı Zaminlik Müqaviləsinə əsasən, Cavabdeh1 borcunun təminatı kimi Cavabdeh3 Ağaəli oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. - xx.xx.2020-ci il tarixli DENG-00005-01/20A (iki tərəfli) saylı İpoteka Müqaviləsinə əsasən, Cavabdeh1 borcunun təminatı kimi sonuncu özünə məxsus 0.0456 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsi, keçid 1, ev 5 (yeni qaydalarla: ünvan 1 ünvanında olan ümumi sahəsi 363.1 kv.m olan fərdi yaşayış evini iddiaçı-bank qarşısında ipoteka ilə yüklü etmişdir. - bildirişdən-xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Ağaəli oğluna Bank "xxxx" ASC tərəfindən borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə Bank "xxxx" ASC-yə 124.708,58 manat əsas borc, 11.293,53 manat faiz borcu, 18.182,84 manat dəbbə borcu olmaqla, cəmi 154.184,95 manat borcu vardır. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/9004 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2019-cu il tarixli MK-00032-16/19A saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021-ci il tarixə Bank "xxxx" ASC-yə 125.070,38 manat əsas borc, 10.574,08 manat faiz borcu olmaqla, cəmi 135.644,46 manat məbləğində müəyyən edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli QXM 412/M saylı qiymətləndirici rəyinə əsasən, 0.0456 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsi, keçid 1, ev 5 (yeni qaydalarla: ünvan 1 ünvanında olan ümumi sahəsi 363.1 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 550.000 manat, likvid dəyəri 450.000 manat təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 0063 saylı qiymətləndirici rəyinə əsasən, 0.0456 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsi, keçid 1, ev 5 (yeni qaydalarla: ünvan 1 ünvanında olan ümumi sahəsi 363.1 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 450.000 manat təşkil edir. - Bank "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SNYF-2022/511 saylı arayışa əsasən, xx.xx.2020-ci il tarixli DEN-A0005-01/20A saylı kredit müqaviləsi üzrə öhdəlik xx.xx.2022-ci il tarixdə tam olaraq ödənilmiş və həmin kredit müqaviləsinə xitam verilmişdir. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (MM-in 425.1 və 425.2-ci maddələri) Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. MM-in 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid aşağıdakıları müəyyən edir: - müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (MM-in 399.1-ci maddəsi); - tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir (MM-in 399.2-ci maddəsi); - müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (MM-in 399.3-cü maddəsi); - müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (MM-in 399.4-cü maddəsi). Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmçinin Mülki Məcəllənin: - 529.1-ci maddəsinə görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. - 529.3-cü maddəsi ilə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. - 529.4-cü maddəsinə əsasən borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. - 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. - 529.7-ci maddəsinə görə icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşdüyü öhdəliyi tam yerinə yetirdiyindən, Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönədilməsi və s.” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması,tutmanın ipoteka predmetinə yönədilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar