Məhkəmə qərarları › İş №2(001)-4010/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4010/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4010/2021 21.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin istifadə etdiyi elektrik eenrjisi üzrə yaranmış 4620,84 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,4 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdehin elektrik enerjisindən istifadəyə görə ümumilikdə 4620,84 manat borcu yaranmışdır. Borc məbləği 2009-cu ildən hissə-hissə yaranmış və toplanmışdır. Bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə güzəşt olunaraq borcun tutulması ilə bağlı məhkəməyə müraciət olunmamışdır. Sonda C.F.Məmmədov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş elektrik enerjisindən istifadə qaydalarının 8.13-cü maddəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. İddia ərizəsində, eləcə də, iddiaçının nümayəndəsi öz izahatında borcun cavabdehin elektrik enerjisindən istifadəsi nəticəsində yarandığını göstərsə də, iş materiallarına əlavə edilmiş “abunə haqqında” hesab çıxarış məlumatlarından görünür ki, 29 may 2009-cu il tarixdən 28 mart 2021-ci il tarixədək sayğac oxunması üzrə məbləğ 373,24 manat, aktlar üzrə məbləğ 4597,87 manat, ödəmələr üzrə məbləğ 370,19 manat təşkil etmiş, sayğac quraşdırılma tarixinə borcun məbləği 4658,84 manat, sayğac quraşdırıldıqdan sonra ödəmə 75 manat, karta yüklənən məbləğ 37 manat, borcdan ödəmə 38 manat təşkil etmiş, beləliklə ümumi borcun məbləği 4620,84 manat müəyyən olunmuşdur. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışında Cavabdeh 2015-ci ilə qədər olan borcunun 1944,19 manat təşkil etdiyi, 2015-ci il üzrə 1459,08 manat, 2016-cı il üzrə 817,92 manat, 2017-ci il üzrə 155,21 manat, 2018-ci il üzrə 0 manat, 2019-cu il üzrə 282,48 manat, 2020-ci il üzrə 0 manat, 2021-ci il üzrə isə -38,04 manat qalıq borc kimi göstərilmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki,”Azərişıq” ASC cavabdehin ona 2015-ci ilə qədər 1944,19 manat, 2015-ci ildən 2019-cu il tarixədək isə (2020-ci ildə qalıq borc müəyyən edilməmişdir) 2714,69 manat borcu olmasını iddia etməsinə baxmayaraq, bu müddət ərzində borcun ödənilməsini tələb etməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, abunə haqqında məlumatlardan iddia tələbində göstərilən borc məbləğinin cavabdeh barəsində tərtib olunmuş aktlar nəticəsində yarandığı müəyyən olunmasına baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə yalnız 2 ədəd, 17 avqust 2017-ci il və 09 fevral 2019-cu il tarixli aktlar təqdim edilmişdir ki, həmin aktların tərtib olunmasında cavabdehin iştirakı təmin edilməmiş, habelə, aktlardan və ona qoşma edilmiş sənədlərdən həmin aktlar üzrə hesablanmış borc məbləği göstərilməmişdir. Hallbu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Belə olduğu halda, faktiki olaraq 4620,84 manat borcun hansı əsasla yaranmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar