Məhkəmə qərarları › İş №2(001)-4012/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4012/2020

21.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4012/2020 21.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə hesablanmış 5865 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 5895 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında xx.xx.2015-ci il tarixli qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Həmin ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır.Cavabdehdən “qazdan istifadə qaydaları”-nın 6.5 –ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla, bundan əlavə sayğaca vizual müdaxilə etməklə təbii qazı talamışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, sayğacın quraşdırılma yeri Binəqədi rayonunda, cavabdehin qeydiyyat ünvanı isə Nərimanov rayonundadır. İddianın mahiyyəti öhdəlik xarakterlidir(müqavilə,delikt). Odur ki, mübahisə müstəsna aidiyyət qaydalarını müəyyən edən MPM-nin 39.1-ci maddəsinin əhatə dairəsinə düşmür. Belə ki, həmin norma mülkiyyət hüququnun müdafiəsi vasitəsi olan əşya hüquqi iddiaları ilə bağlıdır. Yəni MPM-nin 39.1-ci maddəsinin təhlili onu göstərir ki, həmin norma tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə (deklarasiya iddiası), tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə (vindikasiya iddiası), mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması barədə(neqator) iddiaları ehtiva edir. Lakin sadalanan iddialar mübahisənin mahiyyəti ilə bağlı deyildir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddia müstəsna aidiyyət qaydalarına uyğun olmadığından tikintinin, qurğunun olduğu yerin məhkəməsinə deyil, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35,39, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar