Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4015/2022 14.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2020ci il tarixli, 2(001)-1641/2020 saylı qətnaməsi ilə 09 iyun 2006-cı il təvəllüdlü X2 üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 03 noyabr 2003-cü il tarixdə nikahlarını Cəlilabad rayonu VVAQ şöbəsində rəsmi olaraq qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahdan 09 iyun 2003-cü il təvəllüdlü X6 və 09 iyun 2006-cı il təvəllüdlü X5 anadan olmuşdur. Yardımlı Rayon Məhkəməsi 01 oktyabr 2013-cü il tarixdə iddiaçı Cavabdeh ona qarşı "nikahın pozulmasına dair" iddia ərizəsinə və onun "aliment və maddi yardım tələbinə dair" qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq iddianın təmin edilməsi, qarşılıqlı iddianın qismən, alimentin əmək haqqının 1/3 hissədə tutulması və maddi yardımın 30 manat tutulmasının təmin edilməsi barədə qətnamə çıxarmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Yardımlı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmişdir, hər uşağa 100 manat aliment və hər ay 60 manat maddi yardımın ödənilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2364/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir, hər uşağa hər ay sabit məbləğdə 160 manat alimentin tutulması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1641/2020 saylı, 21 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir, hər uşağa hər ay sabit məbləğdə 170 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşağın maddi təıləbatını ödəmir, həddindən artıq azdır, uşağın təhsili ilə bağlı, həmçinin sağlamlıqlarının qayğısına qalınması üçün xeyli vəsait tələb olunur. Onun təkbaşına uşağın bütün maddi tələbatlarını ödəmək imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, birgə nikahlarından doğulmuş 09 iyun 2006-cı il təvəllüdlü X2 üçün 193 manat məbləğində aliment ödəməyə etiraz etmir. Belə ki, hazırda onun hər ay 220 manat məbləğində aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ 839938 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09 iyun 2006-cı il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli 2(001)- 1641/2020 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 09 iyun 2003cü il təvəllüdlü X4 və 09 iyun 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(001)-2364/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli 2(001)-1641/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat məbləğində alimentin tutulması qət edilmişdir. Uşaqlardan biri artıq yetkinlik yaşına çatmışdır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 09 iyun 2006-cı il təvəllüdlü X1 üçün 170 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən iki ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini və həmin məbləğdə alimentin tutulmasına cavabdehin razı olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 09 iyun 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli 2(001)-1641/2020 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin məbləğdə aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 09 iyun 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli 2(001)- 1641/2020 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin məbləğdə aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4015/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4015/2022
14.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver