Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4025/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə (MMC) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 17 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakına vurulmuş zərərin əvəzi kimi 2000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 may 2023-cü il tarixdə, saat təxminən 16:30 radələrində iddiaçının özünə məxsus “X4 Fe” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili Binəqədi rayonu, M.S.Ordubadi küçəsində dalanda park halında olmuş, bu zanab Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi, digər Cavabdeh2 MMC-nin müliyyətində olan “Qaz 3302” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa-arxaya park edərkən iddiaçının avtomobilinin arxa-sol hissəsi ilə toqquşmuş, nəticədə iddiaçıya 2000 manat maddi zərər dəymişdir. Hazırda iddiaçı ona dəymiş zərərin əvəzi kimi 2000 manat məbləğində pul vəsaitinin müştərək qaydada hər iki cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, əlavə olaraq izahatında göstərdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin Dövlət X3 araşdırma aparılarkən Cavabdeh1 əməlini etiraf etmiş, onun barəsində inzibati protokol tərtib edilmişdir. O, avtomobilinə dəymiş zərəri servis vasitəsi ilə müəyyənləşdirmiş, həmin zərərin ödənilməsini cavabdehlərdən tələb etsə də, Cavabdeh1 avtomobili öz tanıdığı ustaya aparmağı təklif etdikdə o razılaşmamış, yalnız rəsmi servisdə xidmət olunmasını tələb etmişdir. Beləliklə, aralarında razılıq əldə edilmədiyindən, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə cüzi zərər dəymişdi. Zərərin təxmini miqdarı 400-500 manat olardı. Lakin, cavabdeh ondan 2000 manat tələb etdiyindən, aralarında razılıq əldə olunmamışdır. Tələbdə göstərilən məbləği ödəməyə maddi imkanı yoxdur. Digər Cavabdeh2 MMC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş həm poçt, həm də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmişdir. İş materiallarında olan: - AC seriyalı, 242505 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “X4 Fe” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - ƏN-Vİ 433797 nömrəli etibarnamədən görünür ki, “Qaz 3302-750” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətində olmaqla, Cavabdeh1 həmin avtomobili idarə etmək hüququ tanınmışdır. - 30 may 2023-cü il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol” və TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında qərar”dan görünür ki, Cavabdeh1 27 may 2023-cü il tarixdə, saat 16:30-da idarə etdiyi “Qaz 3302-750” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1 (sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) və 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) maddələri ilə təqsirli bilinərək, 40 manat miqdarında inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də sadalanan əsaslar mövcuddur. Zərərin həminin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmənin 04 iyul 2023-cü il tarixli, 2(001)-4025/2023 saylı qərardadına əsasən, iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, müvafiq mütəxəssis rəyində göstərilmişdir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində “X5 Fe” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərin miqdarı və usta xərclərinin birlikdə bazar dəyəri 2200 manat müəyyən edilmişdir. Beləliklə, müəyyən olunur ki, Cavabdeh1 “nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbati sığortası” növündə sığorta müqaviləsi mövcud olmayan, Cavabdeh2 MMC-nin müliyyətində olan “Qaz 3302-750” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 27 may 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törədərək İddiaçı mülkiyyətində olan “X4 Fe” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə mülkiyyətçi olaraq İddiaçıə 2200 manat maddi ziyan vurmuşdur. Məlum hadisə baş verən anda Cavabdeh2 MMC-nin müliyyətində olan “Qaz 3302-750” yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qüvvədə olan icbari sığorta müqaviləsi mövcud olmadığından, iddiaçı ona dəymiş zərərin əvəzini həm mülkiyyətçi kimi Cavabdeh2 MMC-dən, həm də inzibati xəta hadisəsini törətmiş Cavabdeh1 tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki halda mütəxəssis rəyi əsasında iddiaçıya dəymiş zərərin miqdarı 2200 manat müəyyənləşdirilməsinə baxmayaraq, iddia tələbi 2000 manat həcmində olduğundan, məhkəmə hesab edir ki, iddia ərizəsi iddia tələbinə uyğun tam təmin edilməli, cavabdehlərdən iddiaçıya vurulmuş maddi zərərin əvəzi kimi 2000 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı məcburi köçkün olduğu üçün iddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumundan azad edilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər. Həmin Qanunun 8.1 və 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırki iddia tələbi 2000 manat təşkil edir və iddia təmin edildiyindən, ödənilməli dövlət rüsumunun məbləği 40 manatdır. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə münənasib olaraq ödənilməli dövlət rüsumu 40 manat təşkil etdiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, habelə iddia təmin edildiyindən dövlət rüsumunun əvəzi kimi 40 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq dövlət nəfinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Zərərin əvəzi qismində 2000 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 40 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4025/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4025/2023
17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver