Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4038/2024 21.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair (açar sözlər: maddi zərər) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 3798 manat məbləğində dəymiş maddi ziyanın, 200 manat məbləğində hüquqi xidmətə görə və 60 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4058 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə səhər saat 06.30 radələrində idarə etdiyi xüsusi mülkiyyətində olan "Hyundai Elantra" minik markalı, **-HM- *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi ilə Bakı şəhərinə işə gedərkən Saray qəsəbəsi, H.Əliyev küçəsi ilə hərəkət edən zaman Cavabdeh idarə etdiyi “Mersedes Benz C” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona əks istiqamətdə yüksək sürətlə hərəkətdə olmuş, onun hərəkət yoluna çıxmaqla yolhərəkəti qaydalarını kobud surətdə pozmuş, nəticədə idarə etdiyi avtomobillə toqquşandan sonra arxası ilə hərəkət edən digər avtomobili - “Mersedes Benz” sprinter markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili də vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həm iddiaçıya, həm də “Mersedes Benz” sprinter markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə xeyli məbləğdə maddi ziyan vurmuş və “Mersedes Benz” sprinter markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X2 bədən xəsarət almışdır. Faktla bağlı Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılmış və sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Abşeron rayon Polis İdarəsinin DYPŞ-si vasitəsi ilə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona 6445 manat məbləğində maddi zərər dəymişdir. İddiaçıya dəymiş maddi ziyanın bir hissəsini - 2647 manat məbləğində pulu "xxxx" ASC ona ödəmişdir. Lakin qüsur aktına əsasən iddiaçıya dəymiş maddi ziyanın məbləği 6445 manat təşkil edir. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş maddi zərərin digər hissəsini - 3798 manatı könüllü surətdə ödəməkdən boyun qaçırır, ona görə də qanunla qorunan hüquq və maraqlarımın müdafiəsi və iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, avtomobilə dəyən zərərin qiymətləndirilməsi onun tərəfindən seçilmiş servis tərəfindən deyil, icbari sığorta ilə bağlı məhz həmin sığorta şirkəti tərəfindən keçirilmişdir. Hadisə zamanı 3 nəfər zərərçəkmiş olduğundan sığorta məbləği onların arasında bölünmüşdür. Artıq bir neçə aydır ki, avtomobilə dəymiş zərəri aradan qaldırılması nəticəsində maddi çətinlik çəkir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, iddiaçının iddia tələbini tam həcmdə qəbul edir. Dəymiş zərərin miqdarı ilə bağlı mübahisə yoxdur. İddianın təmin olunmasına etirazı yoxdur. Cavabdeh hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Gülnarə Hüseynovanın yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı üzrə Abşeron RPİ-də araşdırma aparılıb ekspert rəyinə və toplanmış digər sübutlara istinad edilərək əməldə cinayət tərkibi olmadığına görə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməklə qərarın surəti sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh görülməsi üçün təhqiqat orqanına göndərilmişdir. - Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, X3 cinayət işi başlanmasının eədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh oğlu etibarnamə ilə idarə etdiyi Mersedes Benz C” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq əvvəlcə "Hyundai Elantra" minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə, daha sonra “Mersedes Benz” sprinter markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə X1 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi törətmişdir”. -xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, “Hyundai Elantra” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə icra olunan təmirxidmət işlərinin ümumi dəyəri 6445 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhviltəslim aktının surətindən görünür ki, 2647.90 manat məbləğində sığorta məbləğinin alınması üçün plastik kart Xalq Sığorta ASC tərəfindən İddiaçı təqdim edilmişdir. -PXA158429 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində 5000 manat təşkil edən sığorta məbləği üçüncü şəxslərə vurulan zərərdən az olduğundan üçüncü şəxslərə vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləği dairəsində mütənasib bölünməklə İddiaçı 6445 manat zərər dəysə də, 2647.90 manat sığorta ödənişi müəyyən edilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, cavabdehin iddianın etirafı barədə ərizəsini və işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Mülki Prosessual Məcəllənin 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Belə ki, cavabdeh yol-nəqliyyat hadisəsinin onun tərəfindən törədilməsini və nəticədə cavabdehə iddia tələbi həcmində zərər dəyməsini mübahisələndirmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, 3798 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə iddia tələbini vəkilin göstərdiyi yardıma görə 200 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslı hesab edir. Belə ki, iddiaçi tərəfindən iddia ərizəsinə əlavə edilmiş BÖO 569781 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nə 200 manat məbləğində hüquqi xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3798 (üç min yeddi yüz doxsan səkkiz) manat məbləğində dəymiş zərər, 200 (iki yüz) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu olmaqla ümumilikdə 4058 (dörd min əlli səkkiz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-4038/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4038/2024
21.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver