Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4047/2021 31.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “xxxx” KB ASC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 8550,40 manat əsas, 1899,94 manat faiz borcu olmaqla, cəmi 10450,34 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 10.000 manat məbləğində kredit vermişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə görə borc verən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşlar. Nəticədə cavabdehlərin banka 19.04.2021-ci il tarixə 8550,40 manat əsas borcu, 1899,94 manat faiz borcu olmaqla, cəmi 10450,34 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, bankdan göstərilən məbləğdə kredit götürmüş, lakin onun qalıq borcu 9870 manat təşkil edir. Pandemiya ilə əlaqədar qalıq borcu ödəyə bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh1 ilə “xxxx” KB ASC arasında bağlanmış 11.12.2019-cu il tarixli, 618micNAR/19-EM saylı Əsas Kredit və Bank Hesabı müqaviləsindən görünür ki, Cavabdeh1 120 ay müddətinə 150.000 (bir yüz əlli min) manat məbləğində həmin müqavilə çərçivəsində əlavə kredit müqavilələri olmaqla kredit verir və bank hesabı açır. İş materiallarında olan Cavabdeh1 ilə “xxxx” KB ASC arasında bağlanmış 618micNAR/19 saylı, 11 dekabr 2019-cu il tarixli Əlavə Kredit Müqaviləsindən görünür ki, Cavabdeh1 illik 22% olmaqla, 18 ay müddətinə 10.000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcverən müqavilədə göstərilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddədə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2.7-ci bəndinə görə borcverən borcalanın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və istifadə olunmuş kredit məbləğinin qaytarılmasını “Borcalan”dan tələb edə bilər: 2.7.1. Borcalan kredit və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda.... İşdə olan 618micNAR/19 saylı, 11.12.2019-cu il tarixli Kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 aylıq ödənişləri 658 manat olmaqla 11 iyun 2021-ci il tarixədək qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 618micNAR/19 saylı, 11 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə “xxxx” KB ASC arasında bağlanmış Əlavə Kredit müqaviləsi əsasında borc alana verilmiş kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “xxxx” KB ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İşdə olan “xxxx” KB ASC-dən təqdim edilmiş 19 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 11.12.2019-cu il tarixli, 618micNAR/19-EM saylı kredit müqaviləsinə əsasən 19 aprel 2021-ci il tarixə 8550,4 manat əsas borcu, 1899,94 manat faiz borcu olmaqla, cəmi 10450,34 manat məbləğində borcu vardır. İşdə olan “xxxx” KB ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 03.03.2021-ci il tarixli bildirişin surətindən və həmin bildirişin ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə 11.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlərdən 8550,40 manat əsas, 1899,94 manat faiz, cəmi 10450,34 manat məbləğində borc tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8550,40 manat əsas, 1899,94 manat faiz, cəmi 10450,34 (on min dörd yüz əlli manat 34 qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 10480,34 (on min dörd yüz səksən manat 34 qəpik) manat məbləğində pul vəsaiti alınıb iddiaçı “xxxx” KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4047/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4047/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver