Məhkəmə qərarları › İş №2(001)-405/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-405/2021

10.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-405/2021 10.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə 10 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məsuliyyətsizliyi və ona məxsus mənzildə yaşayan kirayəçilərin təqsiri səbəbindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə vurulmuş zərərin əvəzi olaraq həmin mənzilin təmir olunması, mətbəxdəki texniki əşyalar və yararsız hala düşmüş qida məhsulları üçün 3000 manat maddi, sərtləşdirilmiş xususi karantin günlərində oğlunun və həyat yoldaşının köməksiz şəraitdə qaldıqlarına, psixoloji sarsıntı keçirdiklərinə, təlaş və təşviş içində 2 gün üfunətli suyun axıntısı altında, mətbəxsiz və lazımi qidalarsız qapalı şəraitdə qaldıqlarına görə, habelə sonrakı günlərdə 16,17,18,19 iyun 2020-ci il tarixlərində cavabdeh və kirayə qalan şəxslərdən heç bir məlumat almadıqlarına, bu günlər ərzində oğlu və həyat yoldaşı mənzilin mətbəxindən istifadə edə bilməmişlər, mətbəx əşyalarını hadisə günü digər otaqlara daşıdıqları üçün əziyyət çəkdiklərinə və 18 iyun 2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər X2 2 həftəlik xüsusi sərt karantin rejimi elan etdiyi və növbəti 2 həftəni belə şəraitdə yaşadıqlarına görə 3000 manat mənəvi zərərin və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qeyd olunan ünvanda yerləşən evini təmir etdirib oğlunu oraya köçürdəndən sonra da, mənzilinə suyun axıdılmasının davam edilməsini və mənzilin təmirinə 1500 manat xərc çəkildiyini bildirdi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdehin mənzili iddiaçının mənzilinin üstündə yerləşir. Mənzildə cavabdeh özü deyil, müxtəlif şəxslər kirayədə yaşayırlar. Kirayəçilərin bu kimi qanunsuz hərəkətləri ilk dəfə deyil. Belə ki, onlar daha əvvəllər də iddiaçıya məxsus evə su axıtmış, evdə gecə saatlarında səs-küy salaraq digər şəxsləri narahat etmişlər. İddiaçı bu barədə DİN-102 xidmətinə məlumat da vermiş, sonradan kirayəçilərin üzrxahlığını nəzərə alaraq şikayətini geri götürmüşdür. Sonuncu dəfə isə, karantin dövründə kirayəçilərin iddiaçıya məxsus evə su axıtması nəticəsində tətbiq olunan məhdudiyyətlərlə bağlı evə usta çağırmaq mümkün olmadığından 2 gün davam edən sızıntı nəticəsində evin əsasən mətbəsi tamamilə yararsız hala düşmüşdür. Buna görə də, iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı və onun nümayəndəsi ayrı-ayrılıqda məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, hadisə baş verən zaman yollar bağlı olduğundan böyük oğlunun ailəsinin yanında olub və iddiaçı ona zəng vurub hadisə barədə məlumat verəndə evdə adam olduğunu və yuxarı mərtəbəyə çıxaraq ona deməyi bildirmiş. Lakin onların arasında aparılan danışıqdan xəbəri olmayıb. Həmçinin cavabdeh iddiaçının mənzilinə suyun axıdılmasını etiraf edib, lakin 1500 manatlıq ziyanın vurulmadığını qeyd edib. Mülki iş materiallarında olan 145 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 16 iyun 2020-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı ərizəsi əsasında ona məxsus 23 saylı mənzilə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, həmin mənzilə 26 saylı mənzildən su axmış və İddiaçı maddi ziyan dəymişdir. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadına əsasən məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Bakı şəhəri, Binəqədi rayonu, Əli Məmmədov küçəsi, 11 saylı evin 23 saylı mənzilində aşkar edilmiş zədələrin həmin evin 26 saylı mənzilindən suyun axıdılması ilə səbəbli əlaqəsi varmı? 2) Bakı şəhəri, Binəqədi rayonu, Əli Məmmədov küçəsi, 11 saylı evin 23 saylı mənzilinə dəymiş ziyan nədən ibarətdir və həmin ziyanın aradan qaldırılması üçün nə qədər vəsait tələb olunur? Məhkəmə – tikinti texniki ekspertizasının 22 iyul 2021-ci il tarixli, 10/1307 saylı rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri ,Binəqədi rayonu, Əli Məmmədov küçəsi, 11 saylı evin 23 saylı mənzilinin mətbəx tikilisində təmir işləri aparıldığı, tikilinin hər hansı bir hissəsində su sizma izlərinin və qüsurların olmadığı müəyyən edilmişdir.Eyni zamanda qeyd olunur ki, mülki iş materiallarında olan 145 saylı MKİS-nin əməkdaşlarının 16 iyun 2020-ci il tarixdə tətib etdiyi AKT-a əsasən 23 saylı mənzilə 26 saylı mənzilin kanalizasiya xəttində yaranmış nasazlıq nəticəsində suyun axıdıldığı müəyyən edilmişdir. Bakı şəhəri ,Binəqədi rayonu, Əli Məmmədov küçəsi, 11 saylı evin 23 saylı mənzilinin mətbəx tikilisində təmir işləri aparıldığı üçün tikiliyə dəymiş ziyanın nədən ibarət olduğunu və həmin ziyanın aradan qaldırılması üçün nə qədər vəsait tələb olunduğunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də sadalanan əsaslar mövcuddur. Tərəflərin qonşu mənzillərdə yaşamaları, cavabdehin hüquqla müdafiə edilən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi, onun mənzilindən iddiaçının mənzilinə suyun axıdılması etiraf edilməsi və 145 saylı MKİS-nin əməkdaşlarının 16 iyun 2020-ci il tarixdə tətib etdiyi AKT-a əsasən 23 saylı mənzilə 26 saylı mənzilin kanalizasiya xəttində yaranmış nasazlıq nəticəsində suyun axıdılması müəyyən edildiyindən iddianın maddi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin edilməsi üçün əsaslar mövcuddur. İddiaçının mənzildə olan əşyaların yararsız vəziyyətə düşməsi nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, buna dair iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçı İddiaçı mənəvi zərərin əvəzi qismində 3000 manat məbləğində pul tələb etsə də, mənəvi zərərin nədə ifadə olunmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, qalan hissələrdə isə iddia rədd olunmalıdır. Həmçinin, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 5 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun əvəzi kimi 5 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar