Məhkəmə qərarları › İş №2(001)-4055/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4055/2023

26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4055/2023 26.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-3519/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı hər uşağa görə 180 manatdan 220 manata artırılaraq Cavabdeh onun xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 görə hər uşaq üçün ayda 220 manat olmaqla, 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması və Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya prosesində iştirak üçün ödənilmiş pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 onun yanında saxlanılmışdır. Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(001)- 3519/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin, habelə mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 50 (əlli) manat məbləğində haqqın əvəzinin onun xeyrinə tutulması qət edilmişdir. Onlar mübahisənin məhkəmədənkənar alternativ üçün Mediasiya Şurasına müraciət etsələr də mediasiya sessiyasının iclasında barışıq alınmamış və 50 manat məbləğində mediasiya haqqını tək ödəmişdir. Bu barədə ona arayış da verilmişdir. Ona görə də alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda dolanışıq xərcləri, geyim, ərzaq, müalicə xərcləri, dərman preparatları və s. xidmətlərin haqqı bir neçə dəfə artmışdır. Artıq 360 manatla iki uşağın tələbatını ödəmək mümkünsüzdür. Cavabdeh də heç bir dəstək vermir. Bu baxımdan yuxarıda qeyd etdiyi xərclərin dəfələrlə artması səbəbindən alimentin miqdarının hər uşaq üçün minimum həddə artırılmasına zərurət yaranmışdır. Cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınmış və fərdi sahibkar kimi fəaliyyət göstərərək, ay ərzində kifayət qədər gəlir əldə edir. Sadalanan xüsusatlara əsasən hesab edir ki, onların birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən ən azı minimum yaşayış həddində aliment tutularaq ona verilməsi təmin edilməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edib, iddianı qəbul etmədiyini, maddi imkanının olmadığını, işləmədiyini və başqa nikaha girdiyini bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, yenidən ailə qurması və işləməməsi səbəbindən iddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanının olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 917036 nömrəli və AZ-İİ seriyalı, 625968 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 15 fevral 2007-ci il təvəllüdlü X2 və 16 aprel 2009-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3519/2022 saylı 17 iyun 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3112/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin, habelə mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 50 (əlli) manat məbləğində haqqın əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 19 may 2023-cü il tarixli arayışdan görünür ki, 19 may 2023-cü il tarixdə, 10:00-10:30 saatlarında keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay hər uşağa görə 180 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, 15 fevral 2007-ci il təvəllüdlü X2 və 16 aprel 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 180 (yüz səksən) manat miqdarında alimentin tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3519/2022 saylı 17 iyun 2022-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və 2023-cü il üçün uşaqların saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia təmin edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3519/2022 saylı 17 iyun 2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 15 fevral 2007-ci il təvəllüdlü X2 və 16 aprel 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində tutulan 180 manat miqdarda alimentin məbləği artırılmalı, 15 fevral 2007-ci il təvəllüdlü X2 və 16 aprel 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat miqdarda aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3519/2022 saylı 17 iyun 2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 15 fevral 2007-ci il təvəllüdlü X2 və 16 aprel 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. 15 fevral 2007-ci il təvəllüdlü X2 və 16 aprel 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar