Məhkəmə qərarları › İş №2(001)-4057/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4057/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4057/2021 12.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan İddiaçı ASC-nin xeyrinə 3.124,60 manat məbləğində əsas, 1.147,24 manat məbləğində faiz, cəmi 4.271,84 manat məbləğində borcun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4057/2021 saylı, 01 iyun 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.08.2021-ci il tarixli, 9/5647 saylı ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra mülki iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Lakin tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, İddiaçı ASC isə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının bu barədə ərizəsini də nəzərə almaqla, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış 26.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə faiz ödəmək şərti ilə 3.500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş məbləği qəbul etmiş və kredit müqaviləsində göstərilmiş müddətdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu ünvanlanaraq, yaranmış borc məbləği barədə ona məlumat verilməklə, bu borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda yaranmış borc məbləğinin tutulması barədə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. İddiaçı da 30 manat məbləğində dövlət rüsumu ödəməklə cavabdehə qarşı iddia qaldırmış və hazırda cavabdehin həmin müqavilə üzrə 30.03.2021-ci il tarixə 3.124,60 manat məbləğində əsas, 1.147,24 manat məbləğində faiz, cəmi 4.271,84 manat məbləğində borcunun yarandığını iddia edərək, həmin məbləğin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidməti haqqının cavabdehdən tutulmasını tələb edir. İş üzrə təyin edilmiş məhkəməmühasibat ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş 30.08.2021-ci il tarixli, 9/5647 saylı ekspert rəyinə əsasən 26.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehin 30.03.2021-ci il tarixinə 3.112,49 manat məbləğində əsas, 954,76 manat məbləğində faiz borcu yaranmışdır. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh 26 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikəri vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş muhasibat sənədlərini ekspert rəyi ilə müqayisəli şəkildə təhlil edib və ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində qismən təmin edilməli, 26 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh ekspert rəyi ilə müəyyən edilmiş 3.112,49 manat məbləğində əsas, 954,76 manat məbləğində faiz, cəmi 4.067,25 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3.112,49 manat məbləğində əsas, 954,76 manat məbləğində faiz, cəmi 4.067,25 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3.112,49 (üç min bir yüz on iki manat, qırx doqquz qəpik) manat məbləğində əsas, 954,76 (doqquz yüz əlli dörd manat, yetmiş altı qəpik) manat məbləğində faiz, cəmi 4.067,25 (dörd min altmış yeddi manat, iyirmi beş qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqının əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar