Məhkəmə qərarları › İş №2(001)-4058/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4058/2021

23.06.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4058/2021 23.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, Ərizəçinin nümayədəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 və X2 xəbərsiz itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Mirzəyev Emil onun oğlu, Məhərrəmova Samirə isə gəlinidir. Tərəflərin 03.01.2011-ci il təvəllüdlü X15, 14.12.2011-ci il təvəllüdlü X12, 29.05.2013-cü il təvəllüdlü X16 və X13 adlı uşaqları anadan olmuşdur. X25 23.08.2014-cü il tarixdə işləmək üçün Türkiyə Respublikasına getmiş, 26.05.2015-ci il tarixdə isə həyat yoldaşı Samirə Məhərrəmova uşaqları ilə birlikdə onun yanında getmişdir. Oğlu Türkiyə getdikdən sonra bir müddət əlaqə saxlamış, sonra isə təxminən 2016-cı il tarixdən əlaqələri kəsilmişdir. Sonradan ərizəçiyə məlum olmuşdur ki, onlar İŞİD adlanın dini qruplaşmaya daxil olmuş, Türkiyədən qaçaq yolu ilə İraq Respublikasına keçmişlər. 2017-ci ilin sentyabr ayında X21 Komitəsinin İraq nümayəndəliyindən nəvələrinin İraq Respublikasının Bağdad şəhərində uşaq evində saxlanıldıqları, valideynlərinin isə öldükləri iddia edildiyi məktub daxil olmuşdur. 05.08.2018-ci ildə ərizəçinin nəvələri dövlət tərəfindən Azərbaycana gətirilmiş və onun qəyyumluğuna verilmişdir. O, nəvələrinə təqaüd düzəltmək istəyərkən, ondan uşaqların valideynlərinin itkin və yaxud ölməsini təsdiq edən sənəd tələb olunmuşdur. Bu səbəbdən də ərizəçi məhkəmyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili Vəkil iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, yalnız X9 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədn xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışlardan görünür ki, 03.01.2011-ci il təvəllüdlü X10, 14.12.2011-ci il təvəllüdlü X6 və 29.05.2013-cü il təvəllüdlü X11 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmaqları müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 31.05.2019-cu il tarixli şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* nömrəli Qərara əsasən, 01 aprel 2017-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başısının Sərəncamına və Qəyyumluq və himayəçilik komissiyasının 2018-ci il 07 avqust tarixdə keçirilmiş iclasının 23 saylı protokoldan çıxarışına əsasən müəyyən edilir ki, Ərizəçi yetkinlik yaşına çatmayan nəvələri – X11 və X7 üzərində qəyyum təyin edilmişdir. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başısının Sərəncamına və Qəyyumluq və himayəçilik komissiyasının 2018-ci il 27 sentyabr tarixdə keçirilmiş iclasının 27 saylı protokoldan çıxarışına əsasən müəyyən edilir ki, Ərizəçi yetkinlik yaşına çatmayan nəvələri – X6 və X10 üzərində qəyyum təyin edilmişdir. - X21 Komitəsi tərəfindən 23.04.2018-ci il tarixdə Ərizəçi ünvanlanmış məktubdan görünür ki, oğlu – X9 taleyi barəsində heç bir məlumat yoxdur. Gəlini – X2 isə təxminən 10 sentyabr tarixində İraqın Neynəvə mühafazlığında baş vermiş artilleriya atəşi zamanı həlak olduğunu təsdiq etmişlər. X21 Komitəsi bu məlumatı 2017-ci ilin sentyabr ayında İraqdakı transit düşərgəyə baş çəkərkən oğlunu və gəlinini tanıyan şəxslərdən almışdır. Nəvələri - 03.01.2011-ci il təvəllüdlü X10, 14.12.2011-ci il təvəllüdlü X6, 29.05.2013-cü il təvəllüdlü X11 və 2017-ci il təvəllüdlü X7 isə İraqın Bağdad şəhərindəki uşaq evində saxlanıldığı bildirilmişdir. - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 03.01.2011-ci il təvəllüdlü X10, 14.12.2011-ci il təvəllüdlü X6, 29.05.2013-cü il təvəllüdlü X11 və 01.04.2017ci il təvəllüdlü X7 atası X17, anası isə X3r. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Samirə Məmməd qızı ilə 31.05.2011-ci il tarixdə 710 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 12.09.1986-cı il tarixdə Masallı rayonu, Masallı şəhərində anadan olmuş, atası Ərizəçi, anası X5r. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6194/2018 saylı, 20.06.2018-ci il tarixli qətnaməsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsinə kifayət qədər əsaslar olduğundan X9 (doğum tarixi- 30.09.1986-cı il, doğulduğu yer-Masallı rayonu, şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi- 1FDJAF5) Azərbaycan Respublikasının vətəndaşlığının itirilmiş hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Həmin Məcəllənin 314-cü maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Həmin Məcəllənin 315-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi, itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40-cı maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Məhkəmədə işə baxıldıqda müəyyən edildi ki, X21 Komitəsinin Ərizəçi ünvanladığı 23.04.2018-ci il tarixli məktubunda oğlu – X9 taleyi barəsində heç bir məlumatın olmadığını, gəlini – X2 isə təxminən 10 sentyabr tarixində İraqın Neynəvə mühafazlığında baş vermiş artilleriya atəşi zamanı həlak olduğu bildirilmişdir. Məhkəmədə həmçinin müəyyən edildi ki, X9 bu günədək olduğu yer məlum deyildir. Həmçinin beş il ərzində o, yaşayış yerində görünməmişdir. Bu göstərilənlər iş materialları ilə təsdiq edilir. Həmçinin məhkəmə uşaqların maraqlarını və maddi rifahını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30.09.1986-cı il tarixdə Masallı şəhərində anadan olmuş X17 xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar