Məhkəmə qərarları › İş №2(001)-4071/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4071/2020

21.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4071/2020 21.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehn qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2014-cü il tarixli 2(001)-1736\2014 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh qazancının 1\4 hissəsi və sabit pul məbləğində 50 manat miqdarında aliment tutulması qaydasının dəyişdirilərək, X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(001)-1736/2014 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2005-ci il tarixində 1427 №-li akt qeydi ilə bağlanmış nikahın pozulması, X1 anası İddiaçı yanında saxlanılması və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2014-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 50 manat, həmdə Cavabdeh qazancının 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda uşağın atası Cavabdeh işdən çıxması bəhanəsi ilə alimentin 1/4 hissəsinin ödənilməsindən imtina edir və sabit pul məbləği hissəsindən isə qismən ödəniş edir. Bu səbəbdən alimentin ödənilməsi qaydasının dəyişdirilərək alimentin sabit pul məbləğində tutulmasın adair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Bundan başqa o bildirdi ki, cavabdeh bir neçə aydır cəmi 50 manat aliment ödəyir. Əvvəllər də təxminən 110-120 manat ödənilirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hal-hazırda 300 manat əmək haqqı alır və iddianın təmin edilməsinə etiraz etmir. Bundan başqa o, bir neçə ay aliment ödəməməsini həmin dövrdə işdən azad edilməsi və əvvəllər 110 manat ödəməsini əmək haqqının məbləğinin aşağı olması ilə izah etdi. Cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 lazimi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi Rayonu Sektorunun xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Bakı şəhəri, K.Rəhimov küçəsi 33, Politexnik texnikomunun 1 saylı yataqxanasında məcburi köçkün kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi Rayonu Sektorunun xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Füzuli rayonundan məcburi köçkündür. Bakı şəhəri, K.Rəhimov küçəsi 33, Politexnik texnikomunun 1 saylı yataqxanasında məcburi köçkün kimi qeydiyyatda olmuş, 2017-ci ilin dekabr ayında sözügedən ünvandan çıxmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1736/2014 saylı, xx xxxxx 2014cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında olan xx xxxx 2005-ci il tarixdə 1427 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaq - xx.xx.2006-cı il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2014-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat, həmdə Cavabdeh qazancının 1/4 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxx 2006-ci il təvəllüdlü X3 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1736/2014 saylı, xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında olan xx xxxx 2005-ci il tarixdə 1427 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaq - xx.xx.2006cı il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2014-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat, həmdə Cavabdeh qazancının 1/4 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı cavabdehin gəlirinin qeyri-müntəzəm olduğunu bildirərək alimentin məbləğinin dəyişdirilərək hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinə alimentin artırılması kimi qiymət verilməli olması qənaətinə gəlir. Belə ki, iddiaçıya hal hazırda təqribən 125 manat aliment ödənilir( 50+300/4=125). İddiaçı iddia edir ki, cavabdeh gah işdən çıxır, gah yeni işə başlıyır. Bu səbəbdən hissəvi alimentin tutulması onun və uşağının marağını pozur. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq, cavabdehin əmək haqqının müntəzəm olmamasına görə və işdən azad edildiyi vaxtlarda təbii olaraq alimentin azalmasına görə uşağın və digər valideynin maraqlarının pozulması qənaətinə gəlir. Eyni zamanda hazırda qanunvericilikdə nəzərdə tutulmuş uşaqlar üçün yaşayış minimumu tələbləri 2014-cü ildə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı ilə uzlaşmır. Bu baxımdan məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, yaşayış minimumu haqqında tələbləri, hissəvi tutulan alimentin iddiaçının mənafeyini pozmasını nəzərə alaraq hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1736/2014 saylı, xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx xxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan aliment sabit pul məbləğində, hər ay 170 manat olmaqla müəyyən edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına baxmayaraq, alimentin artırılması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 nömrəli, xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx xxx 2006-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən Cavabdeh tutularaq İddiaçı verilməlidir. Həmçinin iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu (170-125=45X12=540) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx xxx 2006-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh Binəqədi Rayon Məhkəməsinin 2(001)-1736/2014 saylı, xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilsin. xx xxx 2006-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar