Məhkəmə qərarları › İş №2(001)-4079/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4079/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4079/2020 04.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Ştutqart MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 675 manat dəyərində nisyə aldığı malı ilkin ödənişsiz, müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəniş etmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Ferrum Capital MMC ilə Ştutqart MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Ştutqart MMC-nin Cavabdeh qarşı olan 675 manat məbləğində tələb hüququ Ferrum Capital MMC-yə keçmişdir. Tələb hüququnun Ferrum Capital MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etmir. Cavabdeh sonuncu dəfə xx.xx.2020-ci ildə ödəniş etmişdir. Ona görə də, Cavabdeh əsas borca görə 570,73 manatın, cəriməyə görə 82,19 manatın, dövlət rüsumuna görə 30,40 manatın Ferrum Capital MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MMnin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Ştutqart MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli SRT000238 saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh qiyməti 675 manat olan 1 ədəd ehtiyat hissəsini ilkin ödənişsiz 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə Ştutqart MMC-dən almışdır. Müqavilənin 2.4.4.-cü bəndindən müəyyən olunur ki, alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5%-i həcmində cərimə (dəbbə pulu) ödəməlidir. Ştutqart MMC-nin xx.xx.2019-cu il tarixli SRT000238 saylı nisyə alqı-satqı müqaviləsinə əlavədən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 57 manat, xx.xx.2020-ci il tarixdə 48 manat olmaqla 12 ay müddətinə hissə-hissə ödənilməlidir. Ştutqart MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd ehtiyat hissəsini tam qüsursuz halda təhvil almışdır. Faktor İddiaçı MMC ilə müştəri Ştutqart MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli R- 149/19 saylı faktorinq müqaviləsindən müəyyən olunur ki, müqaviləyə əsasən faktor, borclu barəsində müştərinin borcluya malın satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verməyi (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəştə getməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli R-149/19 saylı faktorinq müqaviləsinə əlavə olan xx.xx.2019-cu il tarixli R-1xx/xx-0017 saylı sazişdən müəyyən olunur ki, müştəri Ştutqart MMC xx.xx.2019-cu il tarixli SRT000238 saylı müqavilədən irəli gələn 675 manat pul tələbini faktor Ferrum Capital MMC-yə güzəşt etmişdir. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli hesabdan çıxarışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci tarixində 60 manat, xx.xx.2020-ci il tarixində 31 manat, xx.xx.2020-ci il tarixində 25 manat olmaqla əsas borca görə 104,27 manat, cərimə borcuna görə 11,73 manat ödəniş etmişdir. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı cavabdehə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli SRT000238 saylı müqavilə üzrə əsas borca görə 570,73 manat, cəriməyə görə 82,19 manat olmaqla cəmi 652,92 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində xx.xx.2019-cu il tarixli SRT000238 saylı müqavilə üzrə 570,73 manat borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının tərəflər arasında bağlanan müqavilələr üzrə əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cavabdehdən xx.xx.2019cu il tarixli SRT000238 saylı müqaviləyə əsasən cəriməyə görə 10 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli SRT000238 saylı müqavilə üzrə əsas borca görə 570,73 manat, cəriməyə görə 10 manat, ödənilmiş məhkəmə xərclərinə görə 30,40 manat olmaqla cəmi 611,13 manat Ferrum Capital MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar