Məhkəmə qərarları › İş №2(001)-4094/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4094/2024

29.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4094/2024 29.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciəti ilə bağlı xx.xx.2022-ci il tarixli, 2(008)-2365/2022 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X7 üçün təyin edilmiş aliment miqdarının 150 manatdan artırılaraq, hər ay 235 manata çatdırılması, xx.xx.2005-ci il təvəllüdlü X1 ağır xəstəliyi və müalicəsi ilə bağlı 30 manat sabit pul məbləğinin artırılaraq, hər ay 200 manata çatdırılması, hüquqi yardım üçün iddia ərizəsinin tərtib edilməsi üçün 40 manat və mediasiya təşkilatında poçt göndərişləri üçün ödənilmiş 10 manat pulun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2004-cü ildə Osmanov Ramazan oğlu ilə ailə münasibətlərinə daxil olaraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı övladlarımız anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da sonradan münasibətləri pozulmuşdur, bu səbəbdən nəticədə məhkəməyə müraciət edərək nikahın pozulması, uşaqların himayəmə verilməklə aliment tələbi ilə bağlı müraciət etməli olmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir, həmçinin xüsusi olaraq qeyd edim ki, respublikamızda bütün məhsullara (komunal xidmətlər, yol nəqliyyatı xərcləri, dərman preparatları, qida məhsullarına tətbiq edilmiş qiymət artımı övladımın saxlanılmasını daha da çətinləşdirmişdir və bunlarla yanaşı xüsusi olaraq qeyd edim ki, xx.xx.2005-ci il təvəllüdlü X2 anadan gəlmə “X10, X9" xəstəliyindən müalicələr alır. Özü heç bir yerdə işləmir. Uşaqların qayğısı və mütamadi müalicəsi ilə məşğul olur. Son dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciəti ilə bağlı xx.xx.2022-ci il tarixli 2 (008)-2365/2022 saylı qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X7 üçün aliment miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment, xx.xx.2005-ci il tarixində X4 oğlunun ağır xəstəliyinin nəzərə alaraq onun müalicəsi üçün hər ay 30 manat pulun tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə qərar qəbul etdiyi müddətdən indiyə qədər borclu alimenti gecikdirmələrlə ödəyir və nəticədə uşaqlarının saxlanılması üçün ciddi maddi problemlər yaranır, əsasda ağır vəziyyətdə olan xx.xx.2005ci il təvəllüdlü X1 xəstəliyinin müalicəsinə çox mənfi təsir göstərir. Belə olan halda isə övladları ilə çıxılmaz vəziyyətdə qalır, onların gündəlik tələbatını ödəyə bilmir. Qeyd etdiyi səbəblərə görə "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, X1 beynində hərəkət sisteminin mərkəzi zədəlidir. Uşaqlıqda müalicə edilsə də, həmin xəstəliyin tam olaraq müalicəsi mümkün deyildir. Bundan sonra da, tam sağalma olmasa da, dövri olaraq müayinə və müalicə edilməlidir. Hazırda yay fəsli olduğundan, həkimlər müalicə kursu yazmamışlar. Sentyabr ayından etibarən həkim müayinəsinə getməlidir. Hazırda beynin sakitliyi üçün iki ayrı dərman içir. Belə ki, beynin özündə epilepsiyaya meyillilik var. Aparat müayinəsinə mütəmadi olaraq yox, amma həkim müalicəsindən və göstərişindən sonra keçirdir. Özlüyündə səhhətində bir neçə problem var. Belə ki, mədəsi, gözləri, varikozu var ki, bunların hamısı müalicə edilməlidir. Oğlunu üzgüçülüyə qoymaq niyyətindədir. Lakin hələ qoymamışdır. Hazırda məhkəməyə son iki ilin epikrizlərini təqdim edə bilər. Lakin müalicə və müayinəyə çəkilən xərclərin təsdiqi kimi reseptləri və həkim göstərişləri ilə bağlı kağızları saxlamadığından məhkəməyə təqdim edə bilmir. Oğlu hazırda Aviasiya Akademiyasında aerokosmik mühəndis, mexanik olmaq üzrə təhsilini davam etdirir. Təhsilini tam bitirməmiş özünə iş tapa bilmir. Həmçinin səhhətinə görə hər işdə işləyə bilmir. Hazırda gündəlik qazanc müqabilində işdən sonra ofisiant kimi işləyir. Amma əmək müqaviləsi yoxdur.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehlə birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X4 və X7 adlı övladları doğulmuşdur. Böyük oğlu “Uşaq serebral iflic” və digər xəstəliklərdən əziyyət çəkir. Ramazan ali məktəbə daxil olub və Aviasiya akademiyasının İİ kursunda təhsil alır. Hazırda böyük oğlu üçün təhsilini bitirənə kimi əlavə xərc olaraq 200 manat, X7 üçün isə təyin edilmiş alimentin miqdarının 150 manatdan 235 manata artırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh aylardır ki, alimenti ödəmir. Ramazan İİİ dərəcəli əlilliyə görə 150 manat pensiya alır. Uşağın bir reseptinin qiyməti ən azı 60-80 manat təşkil edir. Böyük oğlunun hər ay müayinələrdən keçirir. Ödəniş qəbzlərini növbəti məhkəmə iclasında təqdim edə bilər. Bundan başqa uşağın gecə yatmasında da problemləri var, yatdığı yerdən oyanaraq evin içində dolanır. Bununla bağlı da həkimə aparmışdır. Əlavə xərci böyük oğlu ali təhsili bitirənə kimi tələb edir. Özü musiqiçidir və . bugünə qədər uşaqların bütün xərclərini özü qarşılamışdır. Ayda 235 manatla uşaq saxlamaq mümkün deyildir. Bu gün uşaq əgər sağlamdırsa, bunun səbəbi həm onun, həm də, valideyinlərinin səyi olmuşdur. Cavabdehin bu müddət ərzində olanlardan xəbəri olmamışdır. Cavabdeh 300 manat ödəməklə elə düşünür ki, uşağı onun özü saxlayır, lakin bu məbləğlə günümüzdə uşaq saxlamaq mümkün deyil. Uşağın ayağının altı da düzdür. Uşağın tez-tez təzyiqi qalxır, 18 yaşı var və 140-150 təzyiqi olur. İddia ərizəsində təqribi qiymət yazmışdır. 1-ci kursun 1-ci semestrində uşağın kəsrləri oldu, ancaq cavabdehin bundan da xəbəri olmamışdır, ümumiyyətlə, uşaqla maraqlanmamışdır. Hətta uşağın kəsirləri üçün 1080 manat ödəniş etmişdir, hələ bu məbləğin yarısı da qalır. Cavabdeh bu yaxınlarda həcc ziyarətinə getmişdir. Cavabdehin pulu yoxdursa həcc ziyarətinə necə gedir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, əvvəl özlüyündə düşünmüşdür ki, uşaq universiteti qurtarana kimi hər ikisinə 150 manat olmaqla, 300 manat ödəniş edə bilər. Amma indi eyni fikirdə deyil. Hazırda maddi imkanı əvvəlki kimi deyil. Belində 4 yerdə qrija, 2 yerdə protuziya var. Buna görə də, 3-4 aydan bir şiddətli sancıları olur ki, 10-15 gün müalicə almalı olur. Özündən getdiyi vaxtlar olub ki, buna görə hətta həkim ona demişdir ki, mikroinfarkt keçirib. Maaşında və gəlirində artım olacağı təqdirdə özüdə yüksək məbləğdə aliment ödəyəcək və lazımi köməkliyi göstərəcək. Uşağın xəstəliyi ilə bağlı iddiaçı çəkdiyi xərclərə dair ona sənəd təqdim etsə bundan sonra həmin xərcin yarısını borc-xərc edərək, ödəyəcək.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, ikinci dəfə nikaha daxil olmuş və ikinci nikahdan 1 övladı var. Sabunçu Rayon Məhkəməsində qətnamə çıxarılarkən onun ikinci dəfə nikaha daxil olmağı və ikinci nikahdan övladının olması nəzərə alınmamışdır. Həmçinin Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ona rəsmi qaydada da təqdim edilməmişdir. Bu səbəbdən Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verə bilməmişdir. Hətta icra məmuru ilə də əlaqə saxlayaraq, qətnamənin ona çatıb-çatmadığını soruşmuş, icra məmuru da müvafiq qətnamənin ona çatmadığını bildirmişdir. Lakin buna baxmayaraq, hər ay 300 manat aliment ödəmişdir. Həmin məbləğdən 65 manat köhnə aliment borcuna görə ödəmişdir. Hazırda mart ayından aliment ödəmir. Hal-hazırda broker kimi fəaliyyət göstərir. İşini dəyişməzdən əvvəl 490 manat əmək haqqı alırdı. Müdiri hər ay ona əmək haqqından əlavə 200 manat pul verir. Qanunla müəyyən edilmiş minimum alimenti ödənişi ödəməyə razıyam, uşaqların əlavə olaraq hansı ehtiyacları yaranarsa, onları da ödəməyi öz öhdəsinə götürür. Müxtəlif xəstəliklərim səbəbindən əlavə işdə işləyə bilmir. Belə ki, ona ağır yük qaldırmaq olmaz. Əvvəlki işdə işləyərkən, aliment ödədikdən sonra əlində 200- 205 manat pul qalırdı. Həyat yoldaşı da işlədiyindən, rahat yaşamışlar. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 201721 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah 2014-cü ildə ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 390 № ilə qeyd edilmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2365/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment, xx.xx.2005-ci il təvəllüdlü X1 ağır xəstəliyi nəzərə alınaraq, onun müalicəsi üçün hər ay 30 manat pulun tutulması və s. qət edilmişdir.

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasə xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xəstəlik tarixçəsindən olan çıxarışdan görünür ki, X4 xx.xx.2023-cü il tarixində xəstəxanaya daxil olmuş xx.xx.2023-cü il tarixində çıxmış, xəstəyə XBT-10 kod üzrə G-802 kod üzrə uşaq serebral iflic diaqnozu qoyulmuşdur.

11. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinədə dair məlumatın verilməsi barədə komputer çıxarışından görünür ki, X3 orqanizm funksiyalarının 55 % pozulmasına görə İİİ dərəcəli əlillik verilmiş və hemiplegik spastik serebral iflic, X10, hemiparetik forma, Spastik hemiplegiya, sol tərəfli spastik hemiparez diaqnozu qoyulmuşdur. Bundan başqa çıxarışın əmək zəmanəti bölümündə qeyd edilmişdir ki, şəxs oturaq şəraitdə yüngül işlərdə işləyə bilər. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

12. Cavabdeh hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2365/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat məbləğində aliment ödəyir.

13. İddiaçı Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2365/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü X7 üçün hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini və xx.xx.2005-ci il təvəllüdlü X1 müalicəsi ilə bağlı əlavə xərclərdə iştirak etməsi üçün cavabdehdən tutulan 30 manat vəsaitin isə artırılaraq, 200 manat müəyyən edilməsini tələb edir. Tələbini uşaqların tələbatlarının artması və özünün təkbaşına uşaqların saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir. Əlavə xərc kimi çəkdiyi və çəkəcəyi xərclərə görə isə məhkəməyə sübut təqdim edə bilmir.

14. Tərəflərin birgə nikahdan doğulan xx.xx.2005-ci il təvəllüdlü X3 həqiqətən orqanizm funksiyalarının 55 % pozulmasına görə xx.xx.2025-ci il tarixinədək İİİ dərəcəli əlillik verilmiş və hemiplegik spastik serebral iflic, X10, hemiparetik forma, Spastik hemiplegiya, sol tərəfli spastik hemiparez diaqnozu qoyulmuşdur.

15. Cavabdeh isə uşaqların saxlanılmasında iştirak etdiyini, xx.xx.2009-cu il təvəllüdlü X7 üçün aliment məbləğinin qanunla nəzərdə tutulan həcmdə müəyyən edilməsini xahiş etmiş, hazırda qazancı olmasa da, digər oğlunun müalicə və müayinəsinə çəkilən əlavə xərclərdən (iddiaçı xərclə bağlı sübut təqdim edəcəyi təqdirdə) yayınmayacağını bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

18. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

21. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

23. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

24. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

25. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2022-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, artıq uşaqlardan birinin yetkinlik yaşına çatması səbəbindən cavabdehin xx.xx.2005-ci il təvəllüdlü X3 münasibətdə aliment öhdəliklərinə xitam verilməsini nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay üçün 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.

26. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin başqa nikahdan da yetkinlik yaşına çatmayan uşağının olması aliment ödədiyi övladına qarşı valideynlik vəzifəsini yerinə yetirmək vəzifəsindən azad etmir. Hansı ki, alimentin artırılması tələb olunan məbləğ uşağın minimal ehtiyaclarını qarşılamağa yönəlmişdir və bir valideyn olaraq cavabdeh uşağını ən azından minimal səviyyədə saxlamaq vəzifəsini dərk etməlidir.

27. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. Odur ki, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı və qətnamənin icrası qaydası bu formada müəyyən edilməlidir.

28. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

29. İddiaçının cavabdehdən xx.xx.2005-ci il təvəllüdlü X3 münasibətdə əlavə xərclərdə iştirak tələbinə məhkəmənin mövqeyi:

30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

31. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

32. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur;

33. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

34. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

35. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.

36. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir

37. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər

38. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

39. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.

40. X1 xəstəliyi ilə əlaqədar olaraq müayinə olunub və müalicə alması işin mübahisəsiz halı olsa da, iddiaçı tərəfindən X1 müalicə və müayinəsi üçün faktiki çəkilmiş və ya gələcəkdə çəkilməsi zəruri olan xərclər barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Halbuki, cavabdeh özü də, çəkilən xərclər barədə məlumat veriləcəyi təqdirdə həmin xərclərdə iştirakdan boyun qaçırmayacağını bildirmişdir.

41. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

42. Odur ki, Cavabdeh 01 may 2024-cü il tarixində saat 12:00-12:30-dək keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etmədiyindən 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

45. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

46. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

47. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2365/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.

48. 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2365/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar