Məhkəmə qərarları › İş №2(001)-4097/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4097/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4097/2021 06.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçı X1 cavabdeh “Cavabdeh” şirkətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X1 iddia ilə məhkəməyə müraciət edərək,“Cavabdeh” şirkətindən ona vurulmuş 57.218,60 rubl məbləğində maddi və 40.000 rubl məbləğində mənəvi zərərin əvəzinin, habelə tutulacaq məbləğin 50% həcmində cərimənin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh “Cavabdeh” şirkətinin hüquqi ünvanı qismində ünvan 1na baxmayaraq, iddiaçı hazırki iddia ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Eyni zamanda, qeyd olunmalıdır ki, “Cavabdeh” şirkəti "xxxx" QSC-nin (VÖEN **********) struktur bölməsidir, onun hüquqi ünvanı isə İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayon, Azadlıq prospekti, ev 11-dir. Başqa sözlə, ərazi aidiyyəti baxımından hazırki iddianın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırılması üçün hər hansı hüquqi əsas yoxdur. Qeyd edilənlərlə yanaşı iddiaçı tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı sənəd də əlavə edilməmişdir. Bu halın mövcudluğu da iddia ərizəsinin geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, göstərilənləri nəzərə alaraq, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı X1 cavabdeh “Cavabdeh” şirkətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə tələbinə dair iddia ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı X1 qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra (dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli iddia ərizəsinə əlavə etməklə və ərazi aidiyyəti qaydalarına riayət etməklə) hazırki iddia ilə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar