Məhkəmə qərarları › İş №2(001)-4105/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4105/2021

11.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4105/2021 11.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə 11 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ilə Cavabdeh 02 oktyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 09 sentyabr 2015-ci il təvəllüdlü X1 adlı uşaqları vardır. Abşeron Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(012)-1748/2018 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş, birgə nikahlarından olan uşağın ananın yanında saxlanması, uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşağın saxlanması üçün Cavabdeh tutulmalı alimentin miqdarının artırılması, sonuncudan hər ay 200 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikasında yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu ilə, həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əsaslandırılmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, saatsaz işləyir, qazancı ilə əvvəli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti belə ödəməkdə çətinlik çəkir, həmin qətnamə üzrə müəyyən qədər aliment borcu da vardır. Belə olan halda alimentin artırılması onun maddi vəziyyətinə daha pis təsir edəcəkdir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Qeyd olunan normaların məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Normanın məzmunundan göründüyü kimi, alimetin miqdarının dəyişməsi üçün əsas şərt tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Məhkəmə uşağın saxlanılmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdeh tərəfindən uşağın saxlanılması üçün iddiaçıya 154 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair məhkəmə qətnaməsinin mövcudluğunu nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin dəyişdirilməsi üçün əsaslar olmadığına görə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar