Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-411/2021 01.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2020-ci il tarixdə baş vermiş avtoqəza hadisəsi zamanı mülkiyyətində olan “Mercedes” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyanın ödənilməmiş hissəsi olan 1.785 manat, iddia ərizəsinin tərtib olunması və məhkəmədə təmsilçilik üçün hüquqi yardıma görə vəkillə bağlanmış müqavilə üzrə ödədiyi 310 manat, həmçinin vəkilin gəliş-gediş məsrəfləri (yol xərci) üçün ödədiyi 100 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.225 manat pulun alınaraq özünə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi ev 3, mənzil 70-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə baş vermiş avtoqəza hadisəsindən sonra tanımışdır. Belə ki, həmin tarixdə saat 15:30 radələrində Bakı şəhəri Bül-Bül prospektində cavabdehin idarə etdiyi “İnfiniti FX-35” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomaşın sonuncunun yol hərəkəti qaydalarını pozması səbəbindən ona məxsus “Mercedes” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə onun mülkiyyətində olan avtomobilə 4.215 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə inzibati qaydada təqsirli bilinərək həmin tarixdə seriya DYP ******* saylı inzibati xəta haqqında protokola (qərara) əsasən 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan əlavə, hadisənin məhz cavabdehin günahı üzündən baş verməsi faktı onun polis orqanında vermiş olduğu izahatı ilə də təsdiq olunur. İnzibati xəta hadisəsinin baş verdiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh özünün təqsiri üzündən baş vermiş hadisəyə görə onun mülkiyyətinə dəymiş 4.215 manat məbləğində ziyandan 2.430 manat ödəmiş, qalan hissəsini isə hal-hazıradək ödəməmişdir. Bu səbəbdən qanunla qorunan hüquqlarının müdafiəsi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi (vəkili) X5 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, iddiaçının avtomobilinə ziyan dəymişdir, lakin tələb edilən məbləğlə razı deyil. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD 134152 seriya və nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Bebz E200” minik markalı, ** MX *** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh “İnfiniti FX-35” minik markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2020-ci il tarixdə, saat 11.30-da yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan TP ******* saylı qərardan görünür ki, Səlimov X4 FX-35” minik markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2020-ci il tarixdə, saat 11.30-da yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək altmış manat cərimə olunmuşdur. İş materiallarında olan Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli hesabatdan görünür ki, “Mercedes Benz E-200” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilməli hissələrinə və təmir işlərinin məbləği cəmi 4215 (dörd min iki yüz on beş) manat müəyyən edilmişdir. İş materiallarında olan № 082315 saylı, xx.xx.2020-ci il tarixli Sığorta Aktından görünür ki, İddiaçı 2430 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 9/5288 saylı, xx xxxxxx 2021-ci il tarixli rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli “nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi” barədə hesabata və qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Mercedes Benz E200” minik markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3385 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi ekspertiza rəyi və sığorta ödənişi nəzərə alınmaqla qismən təmin edilməli, Cavabdeh 955 (doqquz yüz əlli beş) manat (3385-2430=955) məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, işdə olan xx xxx 2020-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və mədaxil qəbzindən görünür ki, iddiaçı X2 hüquqi xidmətlərə görə X3 310 (üç yüz on) manat pul ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, qanunvericilik nümayəndəyə və ya vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsini tələbin təmin edilmiş hissəsi ilə əlaqələndirməmiş, bu məbləği ağlabatan məbləğlə olması ilə şərtləndirmişdir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 310 (üç yüz on) manat ağlabatan məbləğdir və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin vəkilin gəliş-gediş məsrəfləri (yol xərci) üçün ödədiyi 100 manat pul tələbilə bağlı bildirir ki, iddiaçı həmin xərclər barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllədə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 14 manatı iddiaçıya aid edilməli, 16 manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin 100 (bir yüz) manat ekspertiza xərcinin 47 manatı iddiaçıdan, 53 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Təsvir edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh avtomobilə vurduğu maddi ziyanın əvəzi olaraq 955 (doqquz yüz əlli beş) manat, vəkil xərci olaraq 310 (üç yüz on) manat və dövlət rüsumuna görə 16 (otuz) manat, cəmi 1281 (bir min iki yüz səksən bir) manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə vurduğu maddi ziyanın əvəzi olaraq 955 (doqquz yüz əlli beş) manat, vəkil xərci olaraq 310 (üç yüz on) manat və dövlət rüsumuna görə 16 (on altı) manat, cəmi 1281 (bir min iki yüz səksən bir) manat alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 47 manatı İddiaçı, 53 manatı isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-411/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-411/2021
01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver