Məhkəmə qərarları › İş №2(001)-4111/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4111/2021

17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4111/2021 17.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 28 iyun 2007-ci il təvəllüdlü X6 və 20 avqust 2009-cu il təvəllüdlü X1 üçün hər ay cavabdehdən 350 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 mart 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövrdə birgə nikahlarından 28 iyun 2007-ci il təvəllüdlü X7 və 20 avqust 2009-cu il təvəllüdlü X4 anadan olmuşlar. Lakin müəyyən vaxt keçdikdən sonra cavabdehlə aralarında müəyyən problemlər yarandığı üçün ayrılmışlar. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli 2(001)-3708/2016 saylı qətnaməsi ilə birgə nikahlarından olan 28 iyun 2007-ci il təvəllüdlü X3 və 20 avqust 2009-cu il təvəllüdlü X2 onun himayəsində saxlanılması, həmçinin övladları yetkinlik yaşına çatanadək, hər ay hər uşağa görə cavabdehdən onun xeyrinə 117 manat, cəmi 234 manat alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Hal-hazırda uşaqlar onun himayəsindədir və onların saxlanılması üçün cavabdeh ona heç bir köməklik göstərmir. Onun maddi vəziyyəti yaxşı deyil, övladlarına təkbaşına baxmağa maddi imkanı çatmır. Övladlarının yaşı artdıqca təlabatı da və xərcləri də artır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli 2(001)-3708/2016 saylı qətnaməsi ilə birgə nikahlarından olan 28 iyun 2007-ci il təvəllüdlü X3 və 20 avqust 2009cu il təvəllüdlü X2 onun himayəsində saxlanılması, həmçinin övladları yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə cavabdehdən onun xeyrinə 117 manat, cəmi 234 manat aliment tutulması qət edilsə də, cavabdehlə aralarında razılıq olduğundan, həmin qətnamənin icrası zamanı icra vərəqəsinin məhkəməyə geri qaytarılması barədə İcra Şöbəsinə ərizə vermiş və həmin ərizəsi əsasında alimentlə bağlı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Lakin cavabdeh aralarındakı razılaşmanı pozaraq uşaqların saxlanılması üçün ona maddi cəhətdən kömək etmədiyinə görə, o, yenidən alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddia tələbinin təmin olunması və Cavabdeh 28 iyun 2007-ci il təvəllüdlü X3 və 20 avqust 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o, işləmir, ikinci dəfə ailə qurmuş və həmin nikahdan bir övladı da var. Onun 28 iyun 2007-ci il təvəllüdlü X3 və 20 avqust 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat aliment ödəməyə maddi imkanı çatmır. Ona görə də, iddia tələbinin qismən təmin edilməsi və ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə iki uşaq üçün cəmi 150 manat aliment tutulmasına etiraz etmir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 245713 №-li və AZ-İİ seriyalı 379124 №-li doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 28 iyun 2007-ci il təvəllüdlü X3 və 20 avqust 2009-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2016cı il tarixli 2(001)-3708/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 14 mart 2009-cu il tarixdə 223 №-li akt qeydi ilə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan 28 iyun 2007-ci il təvəllüdlü X3 və 20 avqust 2009-cu il təvəllüdlü X2 İddiaçı yanında saxlanılmaqla,uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı tərəfindən 07.02.2017-ci il tarixində Binəqədi Rayon İcra Şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, o, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3708/2016 saylı, 26.10.2016-cı il tarixli qətnaməsinin icra edilmədən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan 13.02.2017-ci il tarixli icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarın surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3708/2016 saylı, 26.10.2016-cı il tarixli icra sənədi İddiaçı ərizəsinə əsasən Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); məcburi -məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:- 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi.... Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında qanuna əsasən uşaqlar üçün bu məbləğ 175 manat müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən qeyd edilən maddələrinin tələblərinə və cavabdehin işləməməsinə, qazancı və ya sair gəlirinin olmamasına əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan iki uşağa görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalıdır. Sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə hesab edir ki, hər uşaq üçün 130 manat aliment tutulması uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Belə ki, işdə olan AZ-İİ seriyalı 383476 saylı nikah haqqında şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X8 22.01.2020-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 162 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan AZ-İV seriyalı № 537075 saylı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 26.11.2020-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. Belə olan halda aydın olur ki, cavabdeh iddiaçı ilə nikahı pozulduqdan sonra yenidən rəsmi nikaha daxil olmuş və həmin nikahdan onun bir azyazlı övladı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Bu mənada məhkəmə Cavabdeh (aliment ödəyən şəxs) məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olmasını nəzərə alıb hər uşaq üçün 130 manat aliment tutulmasını əsaslı hesab edir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı məhkəməyə 27 aprel 2021-ci il tarixdə müraciət etdiyindən, aliment məhz həmin tarixdən tutulmalıdır. Həmçinin qeyd edilməlidir ki, «Dövlət rüsumu» haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Adı çəkilən Qanunun 8.1.1-ci maddəsində isə, məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 500 manatdan çox olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 28 iyun 2007-ci il təvəllüdlü X3 və 20 avqust 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 27 aprel 2021-ci il tarixdən başlayaraq, Cavabdeh sabit pul məbləğində hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat aliment alınıb İddiaçı verilməli, həmçinin cavabdehdən 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 28 iyun 2007-ci il təvəllüdlü X3 və 20 avqust 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 27 aprel 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar