Məhkəmə qərarları › İş №2(001)-4120/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4120/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4120/2022 18.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 mart 2020-ci il tarixli, 20184544 saylı müqaviləyə (birinci müqavilə) əsasən, Cavabdeh ümumi dəyəri 390 manat olan 1 ədəd “Samsung Galaxy A10” modelli mobil telefonu 2 illik qızıl zəmanəti, telefon quraşdırma xidməti və ekran qoruyucusu ilə birlikdə 12 ay müddətinə aylıq 32,5 manat ödəmək şərti ilə kreditlə almışdır. Tərəflər arasında bağlanmış 19 mart 2021-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən, kreditin ödəmə müddəti 06 mart 2022-ci il tarixədək uzadılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2020-ci il tarixli, 20251389 saylı müqaviləyə (ikinci müqavilə) əsasən, Cavabdeh dəyəri 1554,4 manat olan 1 ədəd “Asus X509FB-EJ138” modelli notbuku 196 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətinə aylıq 113,2 manat ödəmək şərti ilə kreditlə almışdır. Tərəflər arasında bağlanmış 19 mart 2021-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən, kreditin ödəmə müddəti 22 iyun 2022-ci il tarixədək uzadılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2020-ci il tarixli, 20251332 saylı müqaviləyə (üçüncü müqavilə) əsasən, Cavabdeh dəyəri 1681 manat olan 1 ədəd “Samsung Led” modelli televizoru 232 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətinə aylıq 80,5 manat ödəmək şərti ilə kreditlə almışdır. Tərəflər arasında bağlanmış 19 mart 2021-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən, kreditin ödəmə müddəti 19 iyun 2023-cü il tarixədək uzadılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2020-ci il tarixli, 20343318 saylı müqaviləyə (dördüncü müqavilə) əsasən, Cavabdeh dəyəri 3150,2 manat olan 1 ədəd “LG Led” modelli televizoru 668 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətinə aylıq 137,9 manat ödəmək şərti ilə kreditlə almışdır. Tərəflər arasında bağlanmış 19 mart 2021-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən, kreditin ödəmə müddəti 26 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Cavabdeh hər dörd müqavilə üzrə borc məbləğini müqavilədə və onlara əlavələrdə nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində iddiaçı tərəfindən təqdim edilmiş 26 may 2022-ci il tarixli maliyyə arayışına əsasən həmin tarixə birinci müqavilə üzrə 146,6 manat əsas, 42,4 manat dəbbə, ikinci müqavilə üzrə 824 manat əsas, 226 manat dəbbə, üçüncü müqavilə üzrə 1148,72 manat əsas, 171,28 manat dəbbə, dördüncü müqavilə üzrə isə 2372,8 manat əsas, 308,2 manat dəbbə borcu yaranmışdır. "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 72,4 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun məhkəmə iclaslarında iştirakının təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqavilələrə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh müqavilələrə əsasən "xxxx" MMCdən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 1-ci müqavilə üzrə 146,6 manat, 2-ci müqavilə üzrə 824 manat, 3-cü müqavilə üzrə 1148,72 manat, 4-cü müqavilə üzrə isə 2372,8 manat məbləğində əsas borc Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 1-ci müqavilə üzrə hesablanmış 42,4 manat məbləğində dəbbə pulu azaldılaraq 10 manat, 2-ci müqavilə üzrə hesablanmış 226 manat məbləğində dəbbə pulu azaldılaraq 58 manat, 3-cü müqavilə üzrə hesablanmış 171,28 manat məbləğində dəbbə pulu azaldılaraq 80 manat, 4-cü müqavilə üzrə hesablanmış 308,2 manat məbləğində dəbbə pulu isə azaldılaraq 166 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 72,4 manat məbləğində pul vəsaitinin 66 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 18 mart 2020-ci il tarixli, 20184544 saylı müqavilə üzrə 146,6 manat əsas borc, 10 manat dəbbə pulu olmaqla, ümumilikdə 156,6 manat, 01 may 2020-ci il tarixli, 20251389 saylı müqavilə üzrə 824 manat əsas borc, 58 manat dəbbə pulu olmaqla, ümumilikdə 882 manat, 01 may 2020-ci il tarixli, 20251332 saylı müqavilə üzrə 1148,72 manat əsas borc, 80 manat dəbbə pulu olmaqla, ümumilikdə 1228,72 manat, 11 iyun 2020-ci il tarixli, 20343318 saylı müqavilə üzrə 2372,8 manat əsas borc, 166 manat dəbbə pulu olmaqla, ümumilikdə 2538,8 manat, beləliklə cəmi 4806,12 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 66 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar