Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4122/2020 19.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xəstə və yararsız heyvanlara görə ödədiyi 6100 manat və xəstə heyvanların dərmanlarına xərclədiyi 700 manat olmaqla, ümumilikdə 6800 manat pulun tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin aprel ayının 20-də Bərdə rayonunun 32-lər kəndində Cavabdeh nəğd və birdəfəlik ödəniş yolu ilə X2 fermasında iki baş xüsusi sort olan iki yaş yarımında dişi iribuynuzlu inək almışdır. İki inəyə görə cə 6100 manat ödəniş etmişdir. Heyvanları alarkən Cavabdeh heyvanların sağlam olduğunu, hər gün 20 litr süd verdikləri və s. demişdir. Lakin heyvanları Füzuli rayonuna gətirdikdən yəni aldıqdan təxminən 3 gün sonra məlum olmuşdur ki, heyvanların ikisi də xəstədir. Cavabdeh isə heyvanların yorğun olduğunu bildirmişdir. Lakin heyvanlardan biri may ayının 27-də ölmüşdür. Digəri isə hazırda xəstədir. Davamlı olaraq çəki itirir. Həkimlərin verdiyi rəyə əsasən xəstədir və təsərrüfata yararsızdır. Göründüyü kimi Cavabdeh qəsdən onu aldadaraq, ona xəstə və yararsız heyvanları satmışdır. Dəfələrlə pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. O, heyvanların dərmanlarına indiyə qədər 700 manat xərc çəkmişdir.Göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, aprel ayının 20-də 2 ədəd boğaz heyvan almışdır. 4-5 gün sonra isə heyvanların narahat olduqlarını müşahidə etmişdir. 7 aylıq olduğu deyilən heyvan may ayının 16-da balasını doğmuşdur. Heyvanın digəri isə may ayının 23-də doğuş həyata keçirməli idi. Lakin həm ana həm bala heyvan ölmüşdür. Sağ qalan heyvanı müayinədən keçirməsi üçün həkim çağırmış və məlum olmuşdur ki heyvan xəstə-sətəlcəmdir. Mayın 31-də heyvanı aldığı Cavabdeh qaytarmaq istəsə də, bu mümkün olmamışdır. Xəstə heyvanların müalicəsinə 700 manat pul xərcləmişdir. Bunu təsdiq edən dərman reseptləri mövcuddur. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, O, Ukrayna Respublikasından Azərbaycan Respublikasına “Retro” şirkətin vasitəçiliyi ilə satmaq üçün damazlıq heyvan gətirir. Sifariş alındıqdan sonra heyvanlar qarantiyadan keçirilir və sənədləşdirilir. Heyvanlar ölkəyə gətirildikdən sonra 40 gün müdətində müayinədən keçirilir, daha sonra isə onlara təhvil verilir. İddiaçı heyvanların xəstə olmasından şübhələnirdisə, ona heyvanları 1 həftə ərzində qaytarmaq imkanının olması barədə məlumat verilmişdir. İddiaçı öz qonşusunun vasitəçili ilə ondan heyvan almışdır. Heyvanın birini 3000 manata, digərini 3100 manata satmışdır. Heyvan iddiaçıya satılarkən boğaz olmuşdur. Çünki iddiaçının özü sifarişlə boğaz heyvan istəmişdir. İddiaçı heyvan satıldıqda 2 aydan sonra yanında balası ilə heyvanı gətirib qaytarmaq istəmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Füzuli rayon Aşağı Şedəhmətli kənd icra nümayəndəsi X6, Füzuli rayon Horadiz sahə baytar məntəqəsinin müdiri X1, Füzuli rayon Horadiz sahə baytar məntəqəsinin baytar fledşeri X7, heyvan sahibi, Şükürbəyli kənd sakini İddiaçı, şahid Şükürbəyli kənd sakini X4 iştirakı ilə tərtib edilən xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Şükürbəyli kənd sakini İddiaçı müraciə edərək bildirmişdir ki, onun iribuynuzlu heyvandarlıq təsərrüfatında müxtəlif yaş qruplarında 36 baş iri buynuzlu mal-qarası vardır. Yay mövsümü ilə əlaqədar olaraq mövsümü xəstəliklər kimi qızdırma və digər terapevtik xəstəliklər heyvanlar arasında baş verdiyi hallarda sahə baytar həkimləri tərəfindən onlar vaxtında müalicəyə cəlb olunur və səmərəli nəticələr əldə olunur. Dövlət tədbirləri vaxtında və plana uyğun aparılır. Bu vaxta qədər heç bir infeksion xəstəlik qeydə alınmamışdır. Bütün bunlara baxmayaraq İddiaçı tərəfindən təsərrüfata xx xxxxx 2020-ci il tarixində başqa rayondan (Bərdə) qarışıq cinsli, sarı-ala rəngli, 2,5 yaşlı, iki baş (pilka 5682,0382) düyələr alınıb-gətirilmişdir. Həmin iki baş düyənin bir başı (0382) terapevtik xəstələnmiş, sahibi tərəfindən heyvan müalicəyə cəlb olunmuş , lakin müalicə nəticə verməmişdir. Heyvan xx xxx 2020-ci il tarixində tələf olmuşdur. Bir baş düyə isə xx xxx 2020-ci ildə xəstələnmiş, qastro enterit, xroniki bronxal pnevmaniya diaqnozu qoyulmuşdur. Heyvan gətirildiyi təsərrüfata uyğunlaşmadığına görə müalicə olunsa da, səmərəli nəticə əldə olunmamışdır. Heyvanın çəki itirmə prosesi davam edir. Heyvanın təsərrüfat əhəmiyyətini itirdiyinə görə təsərrüfatdan çıxarılması mütəxəssis rəyi əsasında tövsiyyə edilmişdir. AA seriyalı, 122251 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh şifahi alğı-satqı müqaviləsi əsasında iki baş xüsusi sort olan dişi iribiynuzlu inək almışdır. Hər iki heyvan Füzuli rayonun yerləşən təsərrüfat ərazisinə gətirildikdən bir müddət sonra vəziyyətlərindən narahatlıq müşahidə olunmuşdur. Heyvanlardan biri may ayının 27-də ölmüşdür. Digər heyvana isə enterit, xroniki pnevmaniya diaqnozu qoyularaq təsərrüfata yararsız olduğu müəyyən edilmişdir.İddiaçı hər iki heyvanın xəstə halda ona satıldığını, heyvanlar üçün ödədiyi 6100 manat məbləğində pul vəsaitinin və onların müalicəsi üçün xərclədiyi 700 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə heyvanların alğı-satqı zamanı xəstə olmadıqlarını, xəstə olduqları halda nə üçün 1 həftə sonra deyil, 2 ay sonra qaytarılmalarının tələb edildiyini bildirirərək, iddianın əsassız olduğunu hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.2-ci müqaviləsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Məhkəmə qeyd edir ki, şifahi alğı-satqı müqaviləsinin predmeti olan iki baş xüsusi sort olan dişi iribuynuzlu inəklər xx xxxxx 2020-ci il tarixdə satılarkən onların sağlam və boğaz olması barədə İddiaçı məlumat verilmişdir. İddiaçı isə həmin heyvanların ona satılan zaman xəstə olduqlarını və təsərrüfata yararsız olduqlarını qeyd edir. Bu faktın müəyyən edilməsi üçün tərəflər arasında bağlanan şifahi alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti üçün qarantiya verilməsi və qarantiya müddətinin axımının hansı tarixdən hesablanması nəzərdə tutulmamışdır. Malın keyfiyyəti üçün verilən qarantiya müddətinin hesablanması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Heyvan, quş və balıq satıcısının məsuliyyətinin başlıca qüsurlarla məhdudlaşdırılması müəyyən olunan qarantiya müddətləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. 609.2-ci maddəsinə əsasən faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.1-ci maddəsinə əsasən cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; 609.2.2-ci maddəsinə əsasən qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.2.3-ci maddəsinə əsasən davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə 611-ci maddəsinə əsasən qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd olunan normalarından görünür ki, heyvan satıldığı halda satıcı onun qüsurlarının konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Lakin qeyd edildiyi kimi tərəflər arasında bağlanan şifahi müqavilədə satılan heyvanın keyfiyyəti ilə bağlı qarantiya və həmin qarantiya müddətinin axımının hansı tarixdən başlanması nəzərdə tutulmamışdır. Faydalı və damazlıq heyvanların satıldığı hallarda aşkar olunan başlıca qüsurlar üçün ən uzun müddətli qarantiya müddəti 28 gün həddində müəyyən olunduğundan, xx xxxxx 2020-ci il tarixində alınan heyvanların qüsurları barədə ehtimal olunan qarantiya müddəti təxminən xx xxx 2020-ci il tarixində bitmiş hesab edilməlidir. İddiaçı izahatında bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixində aldığı heyvanın biri xx xxx 2020-ci il tarixində ölmüşdür. Öldükdən sonra heyvanın cəsədi yarılmış məlum olmuşdur ki, heyvan xəstə olmuş və bu səbəbdən ölmüşdür. Bundan başqa iddiaçı həmin heyvanların alınan zaman xəstə olmalarının təsdiq edilməsi üçün sağ qalmış heyvanın təsərrüfata yararlı olub-olmamasının müəyyən edilməsi məqsədilə baytar həkim tərəfindən tərtib edilən aktı mötəbər sübut hesab edir. Lakin xx xxxx 2020-ci il tarixində tərtib edilən həmin akt əsasında iribiynuzlu heyvanda qüsurün olması təsdiqlənsə də, həmin qüsurun heyvanın satıldığı xx xxxxx 2020-ci il tarixinədək və ya həmin tarixdən sonra meydana gəlməsi müəyyən edilməmişdir. İddiaçı xx xxxxx 2020-ci il tarixində aldığı heyvanların xəstə olmasını biri öldükdən sonra xx xxx 2020-ci il tarixində, digərinin xəstə olmasını isə baytar həkimin rəyi ilə xx xxxx 2020-ci il tarixində müəyyən etmişdir. Hər iki heyvanın xəstəliyi ən çox 28 gün həddində müəyyən olunan qarantiya müddətindən sonra aşkar edilmişdir. Belə olduğu təqdirdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi andan sonra meydana gəlmişdir. Məhkəmə iddiaçının alınan heyvanların xəstə olması səbəbindən ona dəyən 6100 manat məbləğində maddi zərərin və heyvanların müalicəsi üçün sərf etdiyi 700 manat məbləğində pul vəsaitinin əvəzinin ödənilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 612.1-ci maddəsinə əsasən heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. 612.1.1-ci maddəsinə əsasən bu halda alıcı cavabdeh olmadığı hallarla əlaqədar heyvanı, quşu və ya balığı qaytara bilmədikdə, o cümlədən başqasına satması, onun tələf olması, xəstələnməsi və ya kəsilməsi nəticəsində qaytara bilmədikdə də müqavilənin ləğvini tələb edə bilər. Heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir. 612.1.2-ci maddəsinə əsasən əgər müqavilə ləğv edilənədək alıcının cavabdeh olduğu hallar nəticəsində heyvanın, quşun və ya balığın vəziyyəti əhəmiyyətsiz dərəcədə pisləşmişdirsə, alıcı onun dəyərinin azalmasını kompensasiya etməlidir. Heyvandan, quşdan və ya balıqdan istifadə nəticəsində hər hansı faydanın əvəzini alıcı yalnız bu cür faydanı əldə etmiş olduğu halda ödəyir. 612.1.3-cü maddəsinə əsasən müqavilənin ləğv edildiyi halda satıcı alıcıya heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müayinələrinə və qulluğuna çəkilmiş xərclərin, habelə heyvanın məcburən öldürülməsinə və uzaqlaşdırılmasına çəkilmiş xərclərin əvəzini ödəməlidir. 613.1-ci maddəsinə əsasən alıcı hər hansı başlıca qüsur əsasında ona mənsub hüquqlardan o halda məhrum olur ki, qarantiya müddəti qurtardıqdan sonra üç gündən gec olmayaraq və ya əgər heyvan, quş və ya balıq həmin müddət bitənədək öldürülərsə və ya digər şəkildə tələf olarsa, heyvanın, quşun və ya balığın ölümündən sonra satıcıya bu qüsur barəsində məlumat vermir və ya ona bu barədə bildiriş göndərmir və ya qüsur əsasında ona qarşı iddia irəli sürmür. Əgər satıcı bu qüsur barəsində qəsdən susmuşdursa, hüquq itmir. 613.2-ci maddəsinə əsasən satıcının müqavilənin ləğv edilməsi, dəyişdirmə üçün göndərilmə və ya zərərin əvəzinin ödənilməsi hüquqları qarantiya müddəti qurtardıqdan iki ay sonra müddətin keçməsinə görə qüvvədən düşür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Deliktlə bağlı qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçı xx xxxxx 2020-ci il tarixində alqı-satqı müqaviləsi əsasında aldığı heyvanlara görə ödənilmiş 6100 manatı tələb etməklə faktiki olaraq müqavilədən imtina edilməklə tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını və ya müqavilənin ləğv edilməsini xahiş edir. Alıcı hər hansı başlıca qüsur əsasında müqavilə üzrə ona mənsub hüquqlardan o halda məhrum olur ki, qarantiya müddəti qurtardıqdan sonra üç gündən gec olmayaraq və ya əgər heyvan, quş və ya balıq həmin müddət bitənədək öldürülərsə və ya digər şəkildə tələf olarsa, heyvanın, quşun və ya balığın ölümündən sonra satıcıya bu qüsur barəsində məlumat vermir. İddiaçı izahatında bildirmişdir ki, aldığı və sağ qalan sonuncu heyvanın qaytarılması üçün 31 may tarixində cavabdehə müraciət etmişdir. Göründüyü kimi iddiaçı heyvanı aldıqdan 1 ay 10 gün sonra (ehtimal olunan qarantiya müddəti bitdikdən sonra) cavabdehə müraciət etmişdir. İddiaçı əvvəla heyvanlarda yaranan qüsurun həmin heyvanların ona satıldığı xx xxxxx 2020-ci il tarixindən əvvəl meydana gəldiyi barədə mötəbər sübut təqdim edə bilmir, ikincisi heyvanlarda olan qüsurlar barədə satıcı qanunvericilikdə nəzərdə tutulmuş qarantiya müddətində məsuliyyət daşıyır. Yəni iddiaçı ən çoxu heyvanın xətəliyindən asılı olaraq 28 gün qarantiya müddəti bitdikdən 3 gün ərzində heyvanın qüsuru barədə satıcıya məlumat verməli idi. Heyvan, quş və balıq satıcısının təqsirinin prezumpsiyası baxımından məhkəmə hesab edir ki, heyvanlarda yaranan həmin qüsur riskin alıcıya keçdiyi andan sonra yaranmışdır və bu halda satıcı məsuliyyət daşımır. İddia tələbinin heyvanların müalicəsi üçün sərf edilmiş 700 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla bununla bağlı iddiaçı hər hansı sübut təqdim etməmiş, ikincisi isə Mülki Məcəllənin 612.1.3-cü maddəsinin tələbi baxımından müqavilə ləğv edilmədiyindən heyvanın saxlanılması ilə bağlı xərclər alıcının üzərinə düşür. Belə olduğu halda alıcının satıcıdan heyvanların müalicəsi üçün sərf edilmiş vəsaiti tələb etməsi əsassızdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərdövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4122/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4122/2020
19.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver