Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4139/2021 10.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 02 oktyabr 2019-cu il tarixli kredit müaviləsi üzrə 6.898,73 manat məbləğində əsas, 2,84 manat məbləğində faiz, 5,07 manat məbləğində cərimə, cəmi 6.906,64 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı qismən müdafiə edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia üzrə iddiaçıdan 02 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 16.04.2021-ci il tarixə yaranmış borc məbləği tələb edilmişdir. Lakin bu tarixdən sonra həmin müqavilə üzrə ümumilikdə 1.112 manat məbləğində pul ödənilmişdir. Həmin ödənişlərin də nəzərə alınmasını və qeyd edilən müqavilə üzrə qalan borc məbləğinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdilər. Bu səbəbdən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.12.2015-ci tarixli kredit müqaviləsi üzrə cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Bundan sonra “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası qaydasında tərəflər arasında bağlanmış 02.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 01.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc qismində qalıq qalmış 7.320,56 manat məbləğində kredit borcu illik 1% faiz dərəcəsi ilə faiz hesablamaq və 12 ay güzəşt müddəti tətbiq edilmək şərti ilə 60 ay müddətinə restrukturizasiya olunmuş və cavabdeh 02.10.2024-cü il tarixədək həmin borcun qaytarılmasını, hesablanmış faizlərin, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə borcunun ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin müqavilə üzrə də üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə 30.03.2021-ci il tarixdə bildiriş göndərilərək, 02.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş və borcun 5 gün ərzində ödənilməsi ondan tələb edilmiş, əks halda kredit müqaviləsinin ləğv edilməsi və yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bundan sonra da yaranmış borc cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə, cavabdehə qarşı iddia qaldıraraq həmin müqavilə üzrə onun 16.04.2021-ci il tarixə 6.898,73 manat məbləğində əsas, 2,84 manat məbləğində faiz, 5,07 manat məbləğində cərimə, cəmi 6.906,64 manat məbləğində borcunun yarandığını iddia etmiş və bu məbləğin ondan tutulmasını tələb etmişdir. Bundan sonra həmin müqavilə üzrə ümumilikdə 1.112 manat məbləğində pul ödənilmişdir. Bu məbləğin 1085,68 manat hissəsi mövcud olan əsas, 11,11 manat hissəsi mövcud olan faiz, 15,21 manat hissəsi mövcud olan cərimə borcundan silinmişdir. Hazırda iddiaçı tərəf bu ödənişlərin də nəzərə alınmasını və qeyd edilən müqavilə üzrə mövcud olan qalan borcun tutulmasını tələb edir. İddiaçı hazırda İddiaçı ASC adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 30.03.2021-ci il tarixdə bildiriş (pretenziya məktubu) göndərilərək, 02.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə qeyd edilən kredit müqaviləsinin ləğv edilməsi və yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona məlumat verilmişdir. Lakin cavabdeh bu məsələyə münasibət bildirməmişdir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini, o cümlədən aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini təklif etdiyini nəzərə alıb hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, tərəflər arasında bağlanmış 02.10.2019-cu il tarixli güzəştli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh1 02.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu kredit razılaşmasında nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da bu razılaşmanın şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə sənədlərini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, faiz və cərimə borcunun tutulması hissəsində isə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “əsas borcun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı 02 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 16.04.2021-ci il tarixinə 6.898,73 manat məbləğində əsas borcun yarandığını iddia edərək, bu məbləğin ondan tutulmasını tələb etdir. Halbuki, bu tarixdən sonra həmin müqavilə üzrə 07.05.2021-ci il tarixdə 650 manat, 08.05.2021-ci il tarixdə 150 manat, 02.06.2021-ci il tarixdə 152 manat və 02.08.2021-ci il tarixdə 160 manat, cəmi 1.112 manat məbləğində pul ödənilmiş və bu məbləğin 1085,68 manat hissəsi mövcud olan əsas borcdan silinmişdir. Məhkəmə hesab edir ki, bu məbləğin də müqəddaratı həll olunmalı və həmin məbləğ iddia üzrə tələb edilən 6.898,73 manat məbləğində əsas borcdan silinməli (6.898,73 – 1.085,68 = 5.813,05), qalan 5.813,05 manat məbləği həmin müqavilə üzrə qalıq qalmış əsas borc qismində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, “faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, 16.04.2021-ci il tarixinə 2,84 manat məbləğində faiz borcu tələb edilsə də, bu tarixdən sonra ödənilmiş 1.112 manat pulun 11,11 manat hissəsi mövcud olan faiz borcunun silinməsinə yönəlmişdir. Başqa sözlə, bu məbləğdən də artıq məbləğdə pul mövcud olan faiz borcundan silinmişdir. Bundan sonra isə iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 02.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 5,07 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə faiz borcuna münasibətdə olduğu kimi, cərimə borcuna münasibətdə də qeyd edir ki, iddia üzrə 16.04.2021-ci il tarixinə 5,07 manat məbləğində cərimə borcu tələb edilsə də, bu tarixdən sonra ödənilmiş 1.112 manat pulun 15,21 manat hissəsi mövcud olan cərimə borcunun silinməsinə yönəlmişdir. Başqa sözlə, bu məbləğdən də artıq məbləğdə pul mövcud olan cərimə borcundan silinmişdir. Bundan sonra isə iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Məhkəmə, həm faiz, həm də cərimə borcu qismində iddia üzrə tələb edilən məbləğdən artıq məbləğdə faiz (11,11 manat) və cərimə (15,21 manat) borcu silinməsinə baxmayaraq, iddianın 27.04.2021-ci il tarixdə verilməsini və bu baxımdan ötən dövr ərzində faiz və cərimə borcunun artmasını nəzərə alıb, məbləğ etibarı ilə yaranmış faiz və cərimə fərqinin qalıq qalmış əsas borcdan silinməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Eyni zamanda, müəyyən edilmişdir ki, iddiaçı "xxxx" İKB ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 02.10.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 cavabdeh (borcalan) Cavabdeh1 imzaladığı 02.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə iddiaçı qarşısında onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən zaminə də xəbərdarlıq məktubu göndərilməklə kredit müqaviləsinə əsasən ödənilməmiş borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə iş materiallarının hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə yaranmış borcu və ödənilmiş dövlət rüsumunun əvəzini hər iki cavabdehdən müştərək qaydada tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, müəyyən edilmiş əsas borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da eyni qaydada cavabdehlərə aid edilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.10.2019-cu il tarixli güzəştli kredit müqaviləsi ləğv edilməli, 02.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.813,05 manat məbləğində əsas borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cımaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.10.2019-cu il tarixli güzəştli kredit müqaviləsi ləğv edilsin. 02.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.813,05 (beş min səkkiz yüz on üç manat, beş qəpik) manat məbləğində əsas borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4139/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4139/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver